İsmayıllıda vəziyyət gərgindir
Təbii fəlakətin nəticələri aradan qaldırılsa da...
13 İyun 2016 15:45 Sosialİyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb. Dağlardan gələn sel suları evləri, küçələri, həyətyanı sahələri basıb, 10-dan çox kənddə böyük fəsadlar törədib. Rayonun Çayqovuşan kənd sakini 2004- cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər. Təxminən 20 dəqiqə suda qalan Səbinə Sadıqova İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sel suları həmçinin Quşencə kənd sakini 1938-ci il təvəllüdlü Mustafayeva Maya Muradxan qızına məxsus fərdi yaşayış evini dağıdıb. Maya Mustafayeva qəflətən dağılan evin damının altında qalaraq ağır xəsarət alıb. O, təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Son məlumatlara görə, İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayiət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır. Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, 12 iyun 2016-cı il tarixdə sel suları Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrlik hissəsində torpaq qatını yuyaraq onun üstünü açıb. Kəmərə təhlükə yaransa da, dərhal əraziyə cəlb olunan ağır texnika və işçi qüvvəsinin köməyi ilə selin istiqaməti dəyişdirilib və kəmər seldən mühafizə olunub. Rayon ərazisinə yağan güclü leysan və dolu elektrik, təbii qaz, yol və digər kommunal təsərrüfatlarına, eləcə də kənd təsərrüfatına ciddi ziyan vurub. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci kilometrliyindən 23-cü kilometrliyinə qədər olan hissəsində olan körpülər, suötürücüləri və yol təsərrüfatına aid olan bütün qurğular sel sularının gətirdiyi daş-çınqıl, ağac kötükləri və torpaq lili nəticəsində yararsız vəziyyətə düşüb. R. Ağayevin sözlərinə görə, rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində kəndlərə qaz verilişi dayanıb. Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb. Əhən kəndinə gedən yolu sel suları dağıdıb. Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələfatı var. Ümumilikdə rayonda ilkin hesablamalara görə, 500-ə yaxın ev quşunun, 20-ə yaxın xırda və iribuynuzlu heyvanın tələf olduğu bildirilir. Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür, kəndlərə elektrik enerjisinin və təbii qazın verilməsi üçün briqadalar hadisə yerində işə cəlb olunub. Hazırda İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, eləcə də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda təbii fəlakətin baş verdiyi əraziyə baxış keçirirlər.