Oktay Hüseynovun xatirəsinə açıq Respublika turniri keçirilib
13 İyun 2016 14:51 SosialBakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. "OLAYLAR"-ın AGF-də istinadən verdiyi xəbərə görə, yarışda yerli iştirakçılarla yanaşı, Gürcüstan, Türkiyə və Rusiyadan ümumilikdə 220 yeniyetmə pəhləvan mübarizə aparıb. Turnirin açılış mərasimində çıxış edən Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Milli Məclisin deputatları Adil Əliyev, Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Oqtay Hüseynovun tələbələri adından, dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, yarışın təşkilat komitəsinin sədri Oleq Krapivin turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edib və yarış iştirakçılarına uğurlar arzulayıb. Açılış mərasimindən sonra turnirin final görüşləri keçirilib, qalib və mükafatçılara diplom, pul mükafatı və idman geyimi hədiyyə edilib.