Mərkəzi Asiya böyük dövlətlərin nüfuz savaşının astasında

Qazaxıstanda baş verən son proseslər belə deməyə əsas verir

Son günlər Qazaxıstan Mərkəzi Asiya regionunun ən diqqətçəkici respublikalarından birinə çevrilib. Əslində Astana hər zaman bu və ya digər gözlənilməz gedişləri ilə diqqət mərkəzində olub. Bu sıraya Qazaxıstan prezidentinin türkçülüyün daha geniş coğrafiyada yayılması məqsədilə atmış olduğu addımlar, işalçı Ermənistana qarşı sərgilədiyi mövqe və s. aid etmək olar. Ancaq təssüflər olsun ki, bu günlərdə Qazaxıstan bir qədər mənfi prizmadan yadda qalıb. Bir qədər də dəqiqləşdirsək ötən həftə baş verən dövlət çevrilişi cəhdi ilə. Məlum olaylara yanaşma müxtəlif prizmalardan olsa da, ortada olan reallıq isə ondan ibarətdir ki, Astananın, daha doğrusu Qazaxıstan prezidentinin son illər nümayiş etdirdiyi prinsipial mövqe və özünəməxsus siyasət hansısa xarici dairələri qane etmir. Bu səbəbdən hələlik tam bəlli olmayan həmin dairələr Nursultan Nazarbayevlə vidalaşmaq qərarına gəliblər. Düzdür, dövlət çevrilişinə cəhd kimi dəyərləndirilən bu hadisə uğurlu alınmasa da, ancaq dəyərləndirmə bundan ibarətdir ki, bu bir test sınağı idi. Bəs görəsən Qazaxıstanda dövlət çerilişi etməyə çalışan xarici güclər kimlərdir və burada başlıca məqsəd nədən ibarətdir?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Qazaxıstanın Aktobe şəhərində hərbi hissəyə silahlı hücum və digər terror həmlələri Mərkəzi Asiyada maraqlı dövlətlərin bu regionda maraqlarının toqquşmasının nəticəsidir. Onun sözlərinə görə, Çinin son illər dünya siyasətində və iqtisadiyyatında inkişafı və öz siyasi -iqtisadi nüfuzunu öz yaxın regionunda-Mərkəzi Asiyada artırmaqdadır: "Çinin asanlıqla, bu regiona inteqrasiyası region ölkələrinin siyasi -iqtisadi vəziyyətinin durumu və yaxın xaric ölkələrini öz təsir dairəsinə almaqla bu regionda Birləşmiş Ştatların təsirini azaltmaq siyasəti Vaşinqtonu ciddi narahat etməkdədir. Bir il bundan əvvəl İŞİD terror təşkilatının radikal dindarlarının Əfqanıstanda peyda olması və burada Tacikistan və Türkmənistan sərhəddinə həmlələri, terror təşkilatının Mərkəzi Asiyaya sızması geopolitik arenada Çinin və Rusiyanın Mərkəzi Asiyada iqtisadi yatırımlarını və siyasi nüfuzunun qarşısın almağa hesablanmışdı". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib ki, Aktobe terroru, Qazaxıstanda torpaqların xarici investorlara 25 illik icarəyə verilməsi qanunun qəbulunun qarşısın almağa və prezident Nursultan Nazarbayevin regionda Çin və Rusiya siyasətinin qarşısını almağa yönəlibdir: "Çünki, torpaqlar Çin icarədərlarına verilirdi və bu, Çinin kifayət qədər regionda həlledici bir dövlət olaraq inkişafına zəmin yaradırdı". Məhəmməd Əsədullazadə qeyd edib ki, Çinlə Birləşmiş Ştatlar arasında Cənubi-Şərqi Asiyada-Sarı dənizdə

və Mərkəzi Asiyada ciddi soyuq siyasi müharibə yaşanmaqdadır: "Regionda hazırkı situasiyada Rusiyanın Qazaxıstanda baş verən terrorla əlaqəsinin olmasına gəldikdə, Rusiya hazırda çətin durumdadır və Nursultan Nazarbayev siyasəti Rusiyanı kifayət qədər qane edir. Ona görə də bu terrorun törədilməsi Rusiyaya bağll deyil. Əfqanistanda isə İŞİD terror təşkilatının fəallaşması və regiona yayılması birbaşa Çin və Rusiyanın Mərkəzi Asiyada irəliləməsinin qarşısını almaq və bunlara problem yaratmağa xidmət edir. Qazaxıstanda bu olayların cərəyan etməsinə gəldikdə, Astana regionun açar dövlətidir və burada geniş nəzarət, digər Mərkəzi Asiya ölkələrinə nəzarət etməkdir. Nursultan Nazarbayevin də öz çixişinda radikal sələfiləri iddiham etməsi, bu prosesin artıq bir beynəlxalq problem olmasını xatırladır. Artıq, radikal sələfiçilik-İŞİD müəyyən ölkələrin regional savaşda bir alətidir. İŞİD terror təşkilatının Əfqanistanda peyda olması, regioonda və Mərkəzi Asiyada hələ bundan sonra təhlükəsizliyin nə qədər kövrək olacağını, bu ölkələri təhdid edəcəyini söyləməyə əsas verir. Çin və Rusiya Mərkəzi Asiyada öz siyasətlərindən çəkilməyincə, proseslər özünü daha da qabarıq şəkildə biruzə verəcək. Bir sözlə region xalqları böyük dövlətlərin nüfuz savaşının astasındadır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00