“Məzarlıqlar haqqında” layihə məzar daşlarınamı dirəndi?

Təxminən 10-12 il əvvəl Almaniya vətəndaşları dəbdəbəli dəfn mərasimindən imtina etdilər. Onlar indi daha çox anonim dəfnə üstünlük verirlər. O vaxtkı hesablamalar göstərirdi ki, bu ölkənin Hamburq şəhərində dünyasını dəyişən hər dörd nəfərdən biri o dünyaya səssiz-səmirsiz yola salınır. Dəfn mərasimləri üzrə xidmət göstərən firmaların nümayəndələri belə halları vətəndaşların lazımsız və artıq xərcləri azaltmaq istəyi ilə izah edirdilər. Məsələn, Hamburq şəhərində orta səviyyəli dəfn mərasimi mərhumun qohumlarına 8-14 min markaya başa gəlir. On il əvvəl ekspertlər belə fikir söyləyirdilər ki, təqribən beş ildən sonra paytaxt sakinləri dünyasını dəyişən qohum-əqrəbalarının nəhəng düzənlikdə qəbrüstü abidə qoyulmadan dəfn olunmasına üstünlük verəcəklər. Ekspertlərin dediyi həmin fikir bu gün qismən özünü doğruldub. Bununla yanaşı bu ölkədə doğmalarının meyidi üzərində ağlamaq istəyən insanlar hələ də var və belələri anonim dəfn mərasimlərinə etiraz edirlər.

Bu faktları Almaniyanın Hamburq şəhərində yaşayan bir qohumum ötən il atasının dəfn mərasiminə gələn zaman söyləmişdi. Söhbət zamanı Azərbaycanda da belə dəfnlərin niyə olmadığını soruşanda müxtəlif cavablar aldı. Biri dedi ki, biz müsəlmanıq, öz qayda-qanunumuz var, illədi valideynlərindən uzaqda yaşayıb üzünü görməyən, bayramdan-bayrama Rusiyadan zəng edib hal-əhval tutan, az qala ruslaşmış olan birisi isə təkkəbbür göstərib belə cavab verdi: "anonim dəfn etmək doğmalarımıza hörmətsizlikdi". Bir başqası almanların soyuqqanlı millət olmasından dolayı onları bəyənmədiyini bildirib "toyda oynayıb, yasda ağlayarlar" deyimini yada saldı. Almaniyadan gələn qonağın doğma qardaşı isə daha irəli gedərək " sən də nemes olub getmisən" deyə söhbəti tündləşdirdi. Beləcə "adət - ənənəmiz var yas günlərində süfrə açılıb yemək verilməsə ölənin ruhu şad olmaz, 40-na kimi qəbrinin üstü tikilməli, baş daşı qoyulmalıdı, molla 3, 7, 40-dan başqa hər cümə axşamında da gəlib mərsiyə deməli, Quran oxumalıdı" və s. bu kimi fikirlərlə "nemes" Fikrətin söylədiyi fikirlərin üstündən xətt çəkdilər...

Mən isə bu yazıda çalışacağam ki, bizdə Almaniyadan fərqli keçirilən yas mərasimləri ilə bağlı lazımsız, əndazədən çıxarılmış məsələlərdən söz açım, bəzi problemlərin həll yolunu tapmağa çalışaraq onu oxucuların mühakiməsinə verim. Bu, həm də Fikrət qohumumu narahat edən məsələlərin çözülməsi demək olacaq.

Bu gün Azərbaycanda yas mərasimlərinin keçirilməsi ölü sahibinin imkanına baxmır. Varı olan da, olmayan da sanki, yarışa girir. Hər hansı səbəbdən vəfat etmiş doğmalarımızı, əzizlərimizi təmtəraqla dəfn etməkdən ötrü dəridən-qabıqdan çıxırıq. Guya ki, çox hünərli bir iş görürük. Ya da ki, mərhum qarşısında son vəzifəmizi yerinə yetiririk.

Əslində isə İslamda belə deyil. Təmtəraqdan, dəbdəbədən uzaq sadə dəfn haqqında müqəddəs Quranda çox aydın yazılıb. İnsanlığın ilki olan Həzrəti Adəmin oğlu Qabil öz qardaşı Habili öldürür. Habil bəşər aləmində ölmüş ilk insan idi. Ona görə də Qabil qardaşını öldürəndən sonra onun cəsədi ilə nə edəcəyini bilmir. Bu zaman Allah Qabilin yanına iki qarğa göndərir. Quşlardan biri o birini öldürdükdən sonra ayağı ilə yeri qazıb öldürdüyü qarğanın cəsədini

həmin çalaya itələyib üstünü də torpaqlayaraq uçub gedir. Bununla da qarğa Qabilə öldürdüyü qardaşının cəsədini torpağa basdırmağı başa salmış olur. "Vay halıma bir qarğa qədər də olmadım ki, qardaşımın cəsədini basdıra bilim dedi və peşman çəkənlərdən oldu" (Məidə surəsi, ayə 31). Deməli insan öldükdən sonra onu torpağa vermək lazımdı, vəssalam. Quran məntiqi onu deyir ki, dəfn sadə, təmtəraqdan, bahalı ehsanlardan, israfçılıqdan və digər bu kimi əməllərdən uzaq olmalıdır. Bəs, biz niyə əsil İslam qanunlarına əməl etmirik? Ölmüş insan üçün fərqi varmı ki, o harada və necə dəfn olunur? Verilən ehsanların, löyün-löyün xörəklərin torpağa getmiş insana nə dərəcədə təsiri var?

İnsan öz vəsiyyətinə əsasən istədiyi yerdə dəfn edilə bilər. Əgər ortada vəsiyyət yoxsa, adi qaydada digər doğmalarının, əzizlərinin yanında müsəlman qəbristanlığında dəfn olunması normaldı. Halbuki bəzən dəfn prosesində İslamdan kənar işlər görülür. Dəfndə vacib olan ölünün yuyulub kəfənə tutulması, namazının qılınmasıdır. Bəzən baxırsan ki, 50-100 evin xərci bir qəbrin üstünə çəkilir. Qəbrüstü abidələr, bahalı mərmər daşlar, qranit heykəllər qoymaqla heç nə qazanmırıq, əksinə belə israfçılıqla günaha batmış oluruq. Əgər ölü sahibi savab iş görmək istəyirsə 5-10 yetimin qarnını doyursun, müxtəlif xəstəliklərdən əzab çəkən insanların müalicəsinə yardım etsin.

Ölkənin qəbristanlıqlarında varlı ilə kasıbın məzarı seçilir. Bu, yalnız ayrı-seçkilik deyil, həm də təbəqələşmədir. Bütün Avropada, həmçinin də Amerikada, həmçinin də bir çox Şərq ölkələrində dəfn mərasimləri sadə keçirilir. Bu ölkələrdə heç bir qəbirüstü abidə, heykəl yoxdu, hamı bərabərdi, hamı yerin altında eyni vəziyyətdə uzandığı kimi, yerin üstündə də eyni mövqedə dayanıb. Bizdə isə qəbristanlıqlar muzey kimidi. Ötən il dövlət bu məsələyə bir balaca əncam çəkmək istədi. Nazirlər Kabinetində "Məzar yerləri və məzarlıqlar haqqında" qanun layihəsi müzakirə edildi. Həmin qanuna əsasən bundan sonra bütün qəbirlər eyni olacaq, sinə və baş daşlarında fərq olmayacaq. Həm də qanun qəbul olunardısa yeni qaydalar indiyədək salınan deyil, təzə salınacaq qəbristanlıqlara şamil ediləcəkdi. Nə gözəl! Bəs sonra? Layihənin aqibəti nə oldu? Milli Məclisə təqdim olundumu? Olundusa niyə Qanun qəbul olunmadı? Yoxsa bu məsələ də qəbir daşlarına dirəndi, ya bəlkə dəfn olundu?... Bu da bir başqa dərdimiz, bir başqa problemimizdi.

Sağlığında valideynlərinə hörmət etməyənlər bəzən onlar öləndən sonra təmtəraq qururlar, dəyəri 50-100 min dəyərində olan çadırlarda ehsan verirlər, guya övladlıq borclarını yerinə yetirirlər. Doğrudur ehsan xeyirxah bir işdi. Ancaq onu toy-bayram dərəcəsinə çatdırmq görülən yaxşı işin üstünə kölgə salmaq deməkdir. Elə ailələr var ki, bu gün bir tikə çörəyə belə möhtacdırlar. Ona görə də belə ehsanlara çəkilən xərclərlə həmin ailələrin birinə, lap elə ikisinə - üçünə kömək etmək olar, özü də gizlincə, kimsənin duyuq düşməməsi şərtilə. Bu, Allaha da xoş gedər, bəndəyə də.

Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə müəyyən addım atdı. Bu, sosial sifarişdən irəli gələn bir tələbat idi. Əhaliyə tövsiyə olunurdu ki, israfçılığa yol verməsinlər. Süfrədə həddindən artıq

yeməklərin olması, cürbəcür şirniyyatların, meyvələrin təqdimatı nə ölü sahibinə, nə də başsağlığına gələnlərə başucalığı gətirmir. Hansısa imkanlı şəxs belə dəbdəbəli süfrə açanda bu onun kasıb qonşusuna, qohumuna, dostuna, tanışına pis təsir edir. İnsanlar arasındakı belə sosial bərabərsizlik heç də xoş deyil, istər-istəməz narazılıq yaradır.

Doğrudu rayonlarda artıq belə zəngin süfrələr demək olar ki, aradan qaldırılıb. Orda bələdiyyələr, ya da kənd icra nümayəndəsi buna nəzarət edir, kənd camaatı da yerli rəhbərliyin məsləhətinə hörmətlə yanaşır. Amma Bakıda "bəydi, bayaqkıdı" misalı. İnsanlar bildiyi kimi yas mərasimini təşkil edir, bildiyi kimi ehsan süfrəsi açırlar. Hətta elələri var ki, borc alıb dəbdəbəli yas mərasimi keçirirlər. Bəzi mərasim zallarında tələb olunan qiymət kasıb, ortabab insanların büdcəsi ilə üst-üstə düşmür. Xüsusilə də imkanlı şəxslər sadə mərasim təşkil etməkdə maraqlı deyillər. Onlar elə VİP çadırlardan istifadə edirlər ki, çəkilən xərc heç də toy qiymətlərindən geri qalmır.

Son zamanlar belə təkliflər də səslənir ki, bu məsələ də qanun çərçivəsinə salınsın. Lakin olmaz, bu mümkün deyil. Adət-ənənəni qanuniləşdirmək nə dərəcədə doğrudu? Bu, insanların milli heysiyyatına toxunmaqdı. Sadəcə təbliğatın elə inandırıcı, elə güclü təsiri olmalıdır ki, insanlar belə hüznlü, kədərli günlərdə israfçılığın onlara xeyri olmadığını anlasınlar. Əksinə bu, ailə üçün əlavə bir problemdi, üstəlik də ölən şəxsin ruhu şad olmur. Bilmək lazımdır ki, zəngin süfrə açıb dəbdəbəli ehsan vermək əsas deyil. Əsas məzarda uyuyan insanın xatirəsini əziz tutmaq, məzarını vaxtaşırı ziyarət etməkdi.

Və bir də əsas olan odur ki, gün gəlsin Almaniyada və digər Avropa ölkələrində olduğu kimi bizdə də insanlar əzizlərini, doğmalarını itirəndə ehsan problemindən dolayı başlarını itirməsinlər...

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00