Orucu yataraq keçirmək doğrudurmu?
Həkimlər oruc tutan insanların daha çox hərəkət etməsini məsləhət görür
13 İyun 2016 13:34 SosialArtıq bir həftədir ki, müqəddəs Ramazan ayını yaşayırıq. İsmal dininin vacib şərtlərindən biri bu ayda oruc tutmaqdır. Artıq bir neçə ildir ki, müqəddəs Ramazan ayı ilin isti fəslinə təsadüf edir. Həm havaların isti olması, həm də bu aylar ərzində günün uzun keçməsi oruc tutan insanların səhhətində müəyyən problemlərə yol aça bilir. Ən əsası isə oruc tutan şəxslərdə susuzluq, ağız quruması kimi hallar özünü ciddi şəkildə büruzə verir. Yaxud bəzilərində gün ərzində şiddətli baş ağrıları da müşahidə edilir. Bir sıra hallarda bu mənfi fəsadlardan dolayı oruc tutanlar onu yarıda kəsir. Bəs bu kimi mənfi halları aradan qaldırmaq, oruc tutulan müddətdə səhhətin normal olması üçün hansı addımlar atmaq məsləhətdir. Həkim Füzuli Hüseynov deyir ki, oruc tutan insanların səhhətində müəyyən problemlər meydana çıxırsa, onu bəzi vasitələrlə aradan qaldırmaq mümkündür: "Oruc vaxtı insan səhhətində bəzi hallar ola bilir ki, bəzən bu hallara görə insanlar oruc kimi nemətdən özlərini məhrum edirlər. Nəzərinizə çatdırım ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün 30 gün lazım olduğunu qəbul etmişlər. Bizlər də həm Allah yolunda orucumuzu tutub Allahın əmrinə baş əyirik, həm də arxasınca da orucun bədənimiz, səhhətimiz üçün faydalarını görürük. Bu da biz müsəlmanlara Allahın bir lütfüdür. Deməli sağlamlıq üçün oruc ara verilmədən 30 gün tutulmalıdır". Füzuli Hüseynovun sözlərinə görə, oruclu vaxtların hər gününün öz dəyəri vardır, məsələn oruclu vaxtın 15- ci günündən sonra oynaqlara yığılmış duzlar sorulmağa başlayır, xolesterinlər damar yağları əriməyə başlayır: "Hətta şiş hüceyrələrinə təsirlər başlayır. Bədəndə illərlə yığılmış şlaklar təmizlənməyə başlayır, buna görədə mən bugün olmadı, sabah tutum kimi hallarda fayda az görünə bilər". Füzuli Hüseynov bildirib ki, oruc vaxtı ağız quruması kimi mənfi halı da aradan qaldırmaq mümkündür: "Oruclu vaxtı ağız tez-tez quruyursa yaxşı olar ki, səhər imsakda limonlu çay içilsin və ya məkkəgülü çayı içilsin. 1 ay oruc vaxtı bizim mədə divarımız 2 dəfə yenilənir, ona görə də orucun mədəmizə çox faydası vardır. Yenilənmə zamanı erroziya və səpmələr aradan qalxır". Həkim onu da diqqətə çatdırıb ki, oruclu vaxtı başağrıları ola bilir və bu hal günün ikinci yarsında daha çox özünü büruzə verir: "Çünki artıq bədənimiz enerjini ehtiyyatdan götürür, bu da təbiidir. Əgər başağrısı daha çox dözülməz olursa onda təzyiq yoxlanılmalıdır. Təzyiq normadan çox aşağı düşürsə
o halda səhər ac qarına 1 xörək qaşığı bal, bir stekan çiy suya qarışdırılıraraq içilir. Bunu axşam da iftardan sonra etmək mümkündür". Füzuli Hüseynov oruc tutan insanlar bir çox hallarda ağızlarının acı olduğundan şikayət edir ki, bu da təbiidir. Həkim bildirir ki, əgər oruclu vaxtı ağız acı olursa, o zaman imsak zamanı solmazçiçəyi dəmləyib içmək məsləhətdir. Axşam isə iftarı kök, kələm, zeytun yağlı salatla açmaq daha faydalıdır. Yalnız bundan 1 saat sonra ət yeməkləri qəbul etmək olar. Bəzən oruclu vaxtı təzyiq qalxa bilir, belə hal həmişə olursa onda səhər yeməkdən əvvəl yemişan meyvəsi dəmləyib içmək lazımdır". Füzuli Hüzeynov oruc zamanı bəzən əllərin əsməsi və əsəbiliyin də olduğunu deyib. Bildirib ki, o zaman imsakda və iftarda ud hindi tozunu bir çay qaşığı bir stekan qaynar suya qarışdırıb, beş dəqiqə sonra bir çay qaşığı bal əlavə etməklə qəbul etmək olar: "Bəzən insanlar enerjim qurtarar deyə az hərəkət edirlər və səhərdən axşamacan yatanlar da olur. Bu düzgün deyil. Oruclu vaxtı səhər-axşam piyada gəzməyə adət etmək məsləhətdir. Bu bədən sağlamlığı üçün çox yaxşıdır. Əksinə bədənin enerjisi azalmır. Bu zaman illərlə bədənizin yığdığı depodan bədəniniz istifadə edəcəkdir". Həkimin sözlərinə görə, bəzən orucluykən mədə qıcqırması ola bilir: "O zaman səhər və axşam yeməyindən əvvəl biyan dəmləyib içmək daha yaxşı olar. Əgər oruc davamlı tutularsa, o zaman dərimizdən gələn xoşagəlməz iylər azalar, dəri daha da parlaq olar. Həmçinin bağısaqlarda çürümə getmədiyindən insan uzunömürlu və sağlam olar".
Füzuli