“Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti
Bakı dünyada turistlərin ən çox seçim etdiyi şəhərlər sırasında
13 İyun 2016 13:21 SosialQeyri-neft sektorunun mühüm istiqamətlərindən birini təşkil edən turizmin inkişaf etdirilməsi Azərbaycanda da prioritet hesab olunur. Elə bu səbəbdəndir ki, müstəqillik illərindən sonra turizm sənayesinin inişafına xüsusi diqqət yetirilməyə başlandı. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu sahə tamamilə diqqətdən kənarda idi. Sovet dövründən qalan turizm istirahət mərkəzlərinin baxımsız vəziyyətdə olması, bu müəssisələrdə infrastrukturun yenilənməsi üçün kifayət qədər vəsaitin olmaması, ölkədə siyasi sabitliyin tez-tez pozulması səbəbindən xarici investorların Azərbaycana sərmayə qoymağa maraqlı görünməməsi turizmi inkişafdan saxlamışdı. Lakin 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və qısa müddətdə ölkədə təmin edilən siyasi sabitlik əksər sahələrdə olduğu kimi turizmdə də müsbət dinamikanın müşahidə edilməsi ilə nəticələndi. Bu prosesə ən güclü təkan verən amil isə 1994-cü ilin 20 sentyabrında Bakıda "Əsrin müqaviləsi"nin imzalanması oldu. Məhz bu müqavilədən sonra xarici investorlar Azərbaycanda siyasi sabitliyin bərqərar olduğu, iş adamlarının fəaliyyəti üçün normal sahibkarlıq mühitinin yaradıldığının fərqinə vararaq ölkəyə maraq göstərməyə başladılar. Əgər ilk illərdə iş adamları yalnız neft sektoruna sərmayə yatırmağa üstünlük verirdilərsə, sonradan onlar Azərbaycanın müxtəlif bölgələrində olarkən ölkəmizin zəngin təbiəti, mövcud imkanları, ən əsası turizmin inkişsfı üçün malik olduğu potensialı dəyərləndirərək bu sahəyə də sərmayə qoymağa maraqlı oldular. Beləliklə, qeyri-neft sektoru, xüsusilə turizm sənayesi xarici investorlar üçün cəlbedici görünməyə başladı. Xarici investorların turizm sahəsinə marağının artmasını şərtləndirən amillərdən biri, daha doğrusu ən birincisi isə Azərbaycan dövlətinin də bu sahənin inkişaf etdirilməsində maraqlı olması, ona xidmət edən stimulverici addımlar atması idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Artıq bu sahə ilə məşğul olan dövlət qurumunun yaradılması Azərbaycan dövlətinin turizmin inkişaf etdirilməsində maraqlı olduğunu aydın şəkildə ortaya qoyurdu. "Əsrin müqaviləsi"ndən keçən müddət ərzində neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəldilməsi turizm sahəsinə də təsirsiz ötüşmürdü.
Turizmin inkişafında yeni mərhələ
Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı" isə bir tərəfdən dövlətin qeyri-neft sektoru olaraq turizmi inkişaf etdirməkdə maraqlı olduğunu ortaya qoyurdusa, digər tərəfdən bu sahəyə investisiya qoymaqda maraqlı olan xarici investorlar üçün stimul yaradırdı. Həm bu, həm də 2004-cü ildən icrasına başlanan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram" ilə Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələnin əsası qoyuldu. Qeyd edilən proqramların uğurla həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təməlinin qoyulması üçün şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il, 30 yanvar tarixli fərmanı əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da bu sahədə daha ciddi nailiyyətlərin əldə edilməsi üçün əsas yaradırdı, Beləliklə dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-servis infrastrukturu yaradıldı, turist sənayesi üçün kadrlar hazırlandı, çoxşaxəli tur agentləri şəbəkəsi formalaşdırıldı, informasiya-reklam strukturları uğurla işləməyə başladı, Azərbaycan üzrə ən mənzərəli regionlardan keçən çoxlu turist marşrutları yaradıldı və sınaqdan keçirildi. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm İli" elan edilməsi həm bu sahədə daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, həm də xarici turistlərin ölkəmizə olan marağının daha da artmasına müsbət təsir göstərən amillərdən oldu. Bir sözlə bu ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. "Turizm İli" çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, "Şahdağ" turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Azərbaycana turist axınının ildən-ilə artması yeni turizm obyektləri, mehmanxa komplekslərinin inşası üçün zəmin yaratdı. Beləliklə, paytaxtda və turizm zonalarında çoxlu sayda istirahət mərkəzləri, otel və mehmanxanalar tikilib istifadəyə verildi. Hazırda ölkə üzrə bu tipli obyektlərin sayı 550-ni keçib ki, onların da 150-dən artığı Bakı və Abşerona aiddir. Bu sırada Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və s. kimi brend məkanları qeyd etmək olar. Regionlarda isə "Gabaland" attraksionlar parkı, "Tufandağ" qış turizm kompleksi, "Şahdağ" turizm mərkəzi, Qalaaltı, Naftalan və s. kimi turizm istirahət mərkəzləri fəaliyyət göstərir. Demək olar ki, respublikanın hər bir bölgəsində turizm istirahət mərkəzləri mövcuddur.
Dünya turizm xəritəsində yeni parlayan ulduz
Azərbaycanın turizm potensialı, ölkəmizin zəngin mədəni irsi, onun təbiətinin dünyaya daha yaxından tanıdılmasında "Eurovision" mahnı müsabiqəsinin müstəsna rolu oldu desək yanılmarıq. 2012-ci ildə sözügedən müsabiqənin
ölkəmizdə keçirilməsi Azərbaycanın təkcə neft deyil, eləcə də turizm ölkəsi olduğunu beynəlxalq aləmə çatdırmış oldu. Təsadüfi deyil ki, "Eurovision -2012" müsabiqəsini bu baxımdan Azərbaycanın turizm pasportu kimi də xarakterizə edirlər. Avropanın musiqi yarışmasının ilk dəfə Bakıda keçirilməsi xarici turistlərin ölkəmizə olan marağını daha da artırdı. Nəticə etibarilə yarışmanın keçirildiyi günlərdə minlərlə turist Azərbaycana gələrək ölkəmizin turizm potensialı ilə yaxından tanış oldular. Bunun ardınca keçən il ölkəmizin ilk Avropa Oyunlarına evsahibliyi etməsi də Azərbaycanın turizm potensialının beynəlxalq aləmə çatdırılması, eyni zamanda xarici turistlərin ölkəmizə olan marağının artırılmasına xidmət edən amillərdən idi. Yarışlar ərəfəsində 6 min idmançı, həmçinin minlərlə xarici turist Azərbaycana təşrif buyurdu ki, bu da öz-özlüyündə gələcək illərdə onların turist kimi məhz ölkəmizə üz tutacaqlarına dəlalət edirdi. Elə bunun göstəricisidir ki, bu ilin Novruz bayramı günlərində Azərbaycana təşrif buyurmuş xarici turistlərin sayı əvvəlki illərdən dəfələrlə çox oldu. Eyni zamanda bu günlərdə Bakıda keçirilən Formula-1 yarışlarına olan bütün biletlərin satılması, həm də bu biletlərin alıcılarının böyük əksəriyyətinin məhz xarici vətəndaşlar olması bu günə qədər ölkəmizin turizm potensialının təbliği, ümumiyyətlə turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin göstəricisidir. Hər il ölkədə keçirilən beynəlxalq "Turizm və Səyahətlər" sərgisi, həmçinin Azərbaycanın 20-dək ən nüfuzlu beynəlxalq turizm forumlarında iştirak etməsi də ölkəmizin turizminin təbliğində müstəsna rol oynayır. Artıq Azərbaycan dünya turizm xəritəsində yeni parlayan ulduzdur və Bakı dünyada turistlərin ən çox seçim etdiyi şəhərlər sırasındadır.
Turizmin mövcud problemləri
Etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi turizm sahəsində də müəyyən problemlər mövcuddur. Başlıca problemlərdən biri turizm istirahət mərkəzlərində xidmət səviyyəsinin aşağı olmasıdır. Bunun isə bir çox səbəbləri var. Ən sadə səbəblərdən biri odur ki, Azərbaycanda turizm yeni bir sahədir. Azərbaycanda turizmin tarixi 1908-ci ilə gedib çıxsa da, müasir turizmimizin cəmi 10-dan bir az çox yaşı var. Həmçinin ölkədə turizm hələ də mövsümü xarakter daşıyır. Məsələn, Nabrandakı obyektlər may ayından sentyabr ayına qədər işləyir. Sentyabr ayında həmin obyektlər bağlanır və orada işləyən insanlar məcburiyyət qarşısında başqa sahədə çalışırlar. Nəticə etibarilə turizm müəssisəsində toplanılan təcrübənin çoxu unudulur. Bu da turizm müəssisələrində peşəkarlıq, keyfiyyətin aşağı düşməsinə səbəb olur. Başqa bir səbəb bəzi turizm müəssisələrinin sahiblərinin işçilərinin peşəkarlığının artırılmasına maraqlı olmamasıdır. Bu və ya digər turizm müəssisəsi kifayət qədər müştəri bolluğuna malik olsa da, lakin müəssisə rəhbərliyi işçilərinin peşə biliklərinin artırılmasına maraq göstərmir. Ancaq onu da qeyd etmək lazımdır ki, turizm müəssisələrində xidmət səviyyəsinin yüksəldilməsi, mövcud
problemlərin aradan qaldırılması istiqamətində dövlət və onun müvafiq qurumlar tərəfindən məqsədyönlü addımlar da atılır. Xüsusilə bu sahə ilə məşğul olan bacarıqlı kadrların yetişdirilməsi əsas diqqət mərkəzindədir. Bu mənada 2006-cı ildə yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq 10 ildir ki, universitet turizm müəssisələri üçün kadr hazırlığı həyata keçirir. Təhsil ocağının məzunlarının qabaqcıl ölkələrin turizm müəssisələrində əlavə kurslar keçməsi, onların təcrübəsini öyrənməsi bu sahədəki problemin tamamilə aradan qaldırılacağına əminlik yaradır.
Azərbaycan dünyada parlayan turizm distansiyası kimi
Qarşıdan isə yay mövsümü gəlir və Azərbaycanda yay turizm mövsümünə start veriləcək. Keçən illə müqayisədə bu il ölkəmizə daha çox turistlərin gələcəyi proqnozlaşdırılır. Nikbinliyə əsas verəm amillərdən biri Azərbaycanda birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun məbləğinin azaldılması və bəzi rüsumların ləğv edilməsidir. Bu, turizmin yüksəlişi üçün münbit şərait deməkdir. Eyni zamanda iyun ayının əvvəlində dövlət başçısı tərəfindən 3 gün ərzində elektron vizanın verilməsinin "ASAN xidmət" tərəfindən həyata keçirilməsi haqqında sərəncam imzalanıb. Bütün bu proseslər həm əcnəbi iş adamları üçün, həm də turistlər üçün müvafiq-münasib şərait yaratmaq, yaşıl işıq yandırmaq deməkdir. Digər səbəblərindən biri isə Azərbaycanda il ərzində turizmin inkişafı ilə bağlı müxtəlif istiqamətli tədbirlərin həyata keçirilməsidir. Azərbaycan demək olar ki, bu məsələdə də lider statusuna malik ölkələrdəndir. Bakıda artıq hər ay bir beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi adət halını alıb ki, bu da turizm sektorunun mövsümü deyil, il ərzində inkişaf etdirilməsinə xidmət göstərən amillərdəndir. Belə tədbirlər ölkəmizin mədəniyyəti, tolerantlığı, mətbəxi, qonaqpərvərlik ənənələrimizin təbliğ olunmasına xidmət edir. Həmçinin bununla Azərbaycan dünyada parlayan bir turizm distansiyası kimi görünür.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur