Donor mayalanma məsələsi qanun layihəsindən çıxarılıb

Parlamentlə Qafqaz Müsəlmanları İdarəsi razılığa gəlib

Milli Məclisin yaz sessiyasının başa çatması bir sıra qanunların müzakirədən kənarda qalması ilə nəticələndi. Azərbaycan cəmiyyətinin uzun müddətdən bəri gözlədiyi bəzi qanunlar yenə də təsdiqini gözləməkdədir. Bu sıradan olan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi uzun müddətdir ki, parlament müzakirəsinə yol tapa bilmir. Məsələ ondan ibarətdir ki, cəmiyyətdə bu qanunun qəbulu birmənalı qarşılanmır. Belə bir qanunun qəbulunun əleyhinə çıxanlar əsas arqument kimi layihədə əksini tapan süni mayalanma, "surroqat ana" (öz uşaqlığında donor embrionu daşıyan, yaşı 18-dən 35-dək olan qadın) və cinsi toxumalar üzrə donorluq məsələlərinin milli mentalitetimizə zidd olduğunu göstərirlər. Qanunun qəbulunun tərəfdarları isə hesab edirlər ki, bu, boşanmaların, sonsuzluğun qarşısını alacaq. Ancaq dini liderlərin tövsiyyəsi ilə narazılıq yaradan müddəaların layihədən çıxarılması yenə də sənədin müzakirəsini reallaşdıra bimədi. Baxmayaraq ki, layihə müəllifləri belə bir qanunun qəbulunun analığın qorunmasına xidmət kimi dəyərləndirilər. Qanun layihəsini hazırlayan işçi qrupundan bildirilib ki, son illər ölkədə qadın sağlamlığı, ana və uşaq ölümünün qarşısının alınması üçün böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda demoqrafik təhlükədən danışmağa dəyməz. Reproduktiv sağlamlıq məsələsi ona görə gündəmdədir ki, QİÇS (AİDS) xəstəliyi bütün dünyada pandemiya elan olunub: "HİV, AİDS xəstəliyi bütün dünya ölkələrində artıq qlobal təhlükə kimi başa düşülür. Bu xəstəlik daha çox cinsi yolla yayılır. Azərbaycanda da bu xəstəlik son 2 ildə əvvəlki illərə nisbətən artıb. Özü də əvvəllər bu xəstəliyə yoluxanların böyük əksəriyyətini xaricilər təşkil edirdisə, indi bu tərkib milliləşməyə doğru gedir. Yoluxanların 70 faizi isə gənclərdir. Bütün dünyada qadınların cinsi orqanlarında, döş vəzilərində və uşaqlıq borusunda xərçəng xəstəliyi üç dəfə artıb. Azərbaycanda da döş xərçəngi çoxalıb. Hər 10 min qadının 32-nin uşaqlıq borusunda xərçəng var. Bütün bunlar reproduktiv sağlamlığın aktuallığını şərtləndirən amillərdir". İşçi qrupundan o da bildirilib ki, hər il dünyada doğuş zamanı ölən anaların sayı müharibələrdə ölən insanların sayından çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 500 min ana doğuş zamanı ölür. Belə çıxır ki, hər dəqiqədə bir ana doğuş zamanı dünyasını dəyişir. Azərbaycanda da hazırda ana ölümü ilə bağlı müəyyən problemlər var. Uşaq ölümü də həm dünyada, həm Azərbaycanda ciddi problemdir. 2015-2020-ci illərə qədər bütün dünyada bu problemlərin qarşısının alınması üçün tədbirlər görülməlidir. "Ölkədə sonsuzluğun faizi 13 faizdir. Dünyada belə qəbul olunub ki, əgər ölkədə 15 faiz sonsuzluq varsa, bu, artıq ciddi təhlükə sayılır. Buna görə də reproduktiv sağlamlığın mühafizəsi elə sonsuzluğun mühafizəsi deməkdir. Odur ki, analığın qorunmasına xidmət edən bu qanunun qəbuluna ehtiyac var". Millət vəkili Qənirə Paşayeva belə bir qanunun qəbulunun vacibliyini qeyd edib: "Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir". Qanun layihəsində 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsinin öz əksini tapdığını deyən Q.Paşayeva 10 ilin azaldılmasının vacibliyindən danışaraq bu müddətin 7-8 ilə azaldılmasını təklif edib. O, bildirib ki, 10 il çox uzun zamandır və övladsız ailələrin problemləri daha da dərinləşir və bir çox hallar da faciə ilə bitir: "Ona görə də bu cür ailələrə zamanında lazımi dəstək göstərilməsi çox vacibdir". Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi ətrafında uzun illərdən bəri davam edən mübahisələrə artıq son qoyulub. Xüsusilə də, həmin sənəddə daha çox müzakirələrə və mübahisələrə səbəb olmuş məqamlar ətrafında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə sonda razılığıa gəlmək - oradan müsbət rəy almaq mümkün olub. M.Quliyevin sözlərinə görə, belə demək mümkünsə, milli mentalitet-milli xüsusiyyətlər nəzərə alınmaqla, adıçəkilən qanun layihəsi yeniləşdirilb, təkmilləşdirilib və plenar iclasın müzakirələrinə artıq tam hazır vəziyyətdədir: "Yəni, burada mübahisəli heç bir məqam qalmayıb - "surroqat ana" məsələsi, əsas mübahisəli məqamlardan biri olan-sonsuzluğun aradan qaldırılması üçün nəzərdə tutulan donor mayalanma məsələsi qanun layihəsindən çıxarılıb. Bununla yanaşı, sosial imkanı zəif olan ailələrin ildə bir dəfə reprodiktiv imkanlardan dövlət hesabına yararlanması məsələ ilə bağlı yaranan problem aradan qaldırılıb, Maliyyə Nazirliyi bu məsələyə nəhayət, öz razılığını verib. Eyni zamanda, qanun layihəsində təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinənin və selektiv abortların qadağan olunmasını nəzərdə tutan müddəa öz əksini tapıb. Odur ki, sözügedən qanun layihəsinin parlamentin payız sessiyasının müzakirəsinə çıxarılması üçün heç bir maneə qalmayıb və çox güman ki qarşıdan gələn sessiyada da adıçəkilən sənədin müzakirəsi baş tutacaq". 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00