İşləməyən valideynlər aliment ödəməkdən yayınmağa çalışırlar

Hüquqşünas: “Keçmiş ərin işləməməsi və başqa gəlirinin olmaması onu aliment ödəməkdən azad etmir”

Azərbaycanda nümunəvi ailə modelinin, ailə ilə bağlı mütərəqqi adət-ənənlələrin olmasına baxmayaraq son illərdə boşanmaların sayının artımı müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayı ərzində qeydiyyat şöbələri tərəfindən 9,0 min nikah və 2,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il 68985 nikah bağlanıb, nikahın pozulması üzrə isə 12886 fakt qeydə alınıb. Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk sıradadır. Belə ki, ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailədaxili zorakılıq səbəbindən 228, uşaqlarının olmamasına görə 609 boşanma faktı qeydə alınıb. Əvvəlki illərlə müqayisədə uşaqların olmaması səbəbindən boşananların sayı azalıb. Belə boşanmaların sayı 1000-ə yaxın olub. Ötən il ərzində xəyanətə görə 413, sərxoşluqla bağlı 369, narkomaniya ilə bağlı 171, maddi duruma görə 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb. Boşanmaların daha çox 25-35 yaş arası insanlar arasında olduğunu da qeyd edib. Məsələ orasındadır ki, boşanma səbəblərindən asılı olmayaraq əksər hallarda nikaha xitam verildikdən sonra aliment məsələsi ortaya çıxır. Daha dəqiq, istənilən halda keçmiş ər və arvad çalışır ki, aliment ödəməkən yayınsın. Reallıq ondan ibarətdir ki, hazırda belə valideynlərin sayı kifayət qədərdir. Bir sıra məsuliyyətsiz valideynlər övladlarının sağlam yaşaması və təhsili üçün aliment ödəmək istəmirlər. Maraqlıdır, belə valideynlərin əvəzinə alimenti kim ödəməlidir? Məlumat üçün qeyd edək ki, məsələnin ciddiliyi bir sıra qanunvericilikdə dəyişiklik zərurəti yaratmışdı. Məhz bu zərurəti nəzərə alan parlament qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıb. Onu da qeyd edək ki, mövcud qanunvericilikdəki dəyişiklik təklifləri Ali Məhkəmədən gəlib. Məhkəmədən bildirilib ki, ailə münasibətləri hər bir cəmiyyətdə qorunur, həminin, ailənin möhkəmliyi Konstitusiya ilə təmin olunur. Azərbaycan xalqı da tarixən gözəl ailə ənənələrinə malikdir. Lakin son 15-20 ildə ölkədə nikahların pozulması halları Azərbaycan ailəsinin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir, yəni, nikahların pozulması halları artır, məhkəmə çəkişmələri, aliment məsələləri ortaya çıxır. Sovetlər dövründə alimentlərlə bağlı məhkmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi aliment bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da hardasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı və bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təklif çıxış edib ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni, bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər. Təklifi nəzərə alan Azərbaycan parlamenti Əmək Məcəlləsinə dəyişiklikləri reallaşdırdı. Beləliklə, artıq birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilir. Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, yenə də valideyinlər birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimenti ödəməkdən yayınmağa çalışırlar. Keçmiş ər buna səbəb kimi işləməməsi və mütəmadi olaraq gəlir əldə etməməsini göstərir. Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov bildirib ki, keçmiş ərin işləməməsi və başqa gəlirinin olmaması onu aliment ödəməkdən azad etmir. Ailə Məcəlləsinin tələbinə görə, birmənalı olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Vəkilin sözlərinə görə, qanunvericilik uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi, onların saxlanılması ilə bağlı valideynlər nikahdan qabaq və ya nikah müddətində əvvəlcədən razılığa gəlib saziş bağlaya bilərlər. Əgər belə bir saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər: "Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir". Həmçinin, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarı ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növləri müəyyən edilib. Vəkil bildirib ki, arvadın məhkəməyə uşaqlarının saxlanmasına görə aliment tutulmasına dair iddia tələbi ilə müraciət etməsi üçün ərindən boşanması əsas deyil. Belə ki, arvad ərindən boşanmadan da məhkəməyə uşaqlarının saxlanması üçün aliment tutulmasına dair iddia tələbi ilə müraciət edə bilər. Novruzovun sözlərinə görə, Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur: "Ər qanunvericilikdə nəzərdə tutulmuş valideynlik vəzifələrini pozuarsa, ondan uşaqlarını saxlaması məhkəmə yolu ilə tələb oluna bilər". Vəkil bildirib ki, uşaqların xəstə olması səbəbindən məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın saxlanmasına kifayət etmirsə, qadın keçmiş ərindən, yəni, uşağının atasından övladlarının müalicəsi üçün əlavə pul vəsaiti verməsini tələb edə bilər. Belə ki, Ailə Məcəlləsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Novruzov bildirib ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir: "Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan diggər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmçinin məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər". 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00