“Sovetski”də binaların üzərindəki memarlıq elementləri sökülür

 

Bakının "Sovetski" məhəlləsində tarixi binaların üzərindəki naxışlar sökülür. Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Artıq bu gün səhərdən M.F.Axundzadə küçəsi, 45 ünvanındakı bir əsrdən çox yaşı olan tarixi binanın üzərindəki şərq üslubunda olan naxışlar da sökülüb.

Ev sahibi Faiq Əliyevin sözlərinə görə, naxışları sökən fəhlələri polis də müşayiət edir: "Səhər açılandan burada fəhlələr işləyir. Evimiz qəzalı vəziyyətə salınır. Fəhlələr deyirlər ki, bizə belə tapşırıq verilib".

Əlli ildən çoxdur bu evdə yaşayan F.Əliyevin sözlərinə görə, üzərində şərq memarlığı üslübunda əl işləmələri olan bu bina Sovet dövründə Leninqradda çap olunmuş şərq üslübunda tikilən abidələrin siyahısına salınıb. 1909-cu ildə tikilən bina 2001-ci ildən Nazirlər Kabineti tərəfindən tarixi bina kimi qeydiyyata alınıb. Binanın üzərində əl işi olan əncir yarpağı, günəbaxan, nar, qızılgül təsviri var. Tarixi əhəmiyyətinə görə 4 balla qiymətləndirilib.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdi ki, elə binalar var, artıq dayanıqlığını itirib, ancaq onların bəzi elementləri memarlıq baxımından əhəmiyyət kəsb etdiyindən, xüsusi qrupun nəzarəti altında çıxarılacaq, sistemləşdiriləcək və onlar ayrıca bir yerdə saxlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00