Xocalıya sözdən abidə

Əntiqə QONAQ, əməkdar jurnalist

Eluca xanımın bir neçə kitabının redaktoru olduğumdan onun sanballı və dərin məzmunlu, fəlsəfi və ümumbəşəri mövzularla bağlı əsərləri ilə çap prosesindən qabaq tanış olmaq imkanım yaranır. Bu, həm kitab nəşr olunanadək intizarımı azaltmaqla bərabər, həm də dostdan da irəli sevimli yazıçımla bədii görüşümü bir az da yaxınlaşdırmış olur. Yazıçının yenicə son nöqtəsini qoyduğu, yuxusuz gecələrinin, gərgin saatlarının və dincliyinin hesabına araya-ərsəyə gətirdiyi yeni pyesi - "Tiqranizm Xocalıda" əsəri nəinki Azərbaycan xalqı üçün, həmçinin bəşəriyyət üçün ən dözülməz faciələrdən olan Xocalı soyqırımına həsr olunmuşdur. Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğal edilməsilə, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bildiyimiz kimi, bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə günahsız qurban, şəhid vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Azərbaycanın tarixi qədim məskəni olan Xocalı şəhərində müharibə illərində dəfələrlə olmuşam. O zamanlar Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində baş müxbir kimi çalışırdım. Həm də ictimai əsaslarla Respublika Qadınlar Cəmiyyətinin mətbuat xidmətində fəaliyyət göstərirdim. Cəmiyyətdən cəbhə bölgələrində döyüşən əsgərlərimizə catdırılacaq sovqatı müşayiət edənlər arasında

davamlı olaraq mən də vardım. Qadınlar döyüşçülərə apardıqları hədiyyələri paylayır, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparır, mənsə onlardan müsahibə alırdım, qaldıqları şəraitlə maraqlanır, problemlərini diqqətlə dinləyir, ailə vəziyyətlərini öyrənir, şəhərə döndükdən sonra isə məmur qapılarını döyərək əsgərlərin problemlərinin çözülməsinə yardım etmələrini xahiş edirdik.

Xocalıda türklər məhəlləsi salınmışdı. Vaxtilə Orta Asiyaya sürgün edilmiş mehseti türkləri ikinci, bəlkə də üçüncü sürgünlük həyatlarını Xocalıda yaşayırdılar. Türk qadınlar məişət avadanlıqlarının çatışmazlığı üzündən qadınlar cəmiyyətinə ərizə ilə müraciət etmişdilər. Cəmiyyətin yaxından iştirakı ilə Türklər məhəlləsinin sakinlərinə bir neçə dəfə mebel, televizor, soyuducu, qab-qacaq və sair məişət avadanlıqları göndərdik, eyni zamanda da, səngərlərə getdik, əsgərlərlə görüşdük, apardığımız ərzağı və geyim əşyalarını əlbəəl onlara çatdırdıq.

Son dəfə isə 1992-ci ilin yanvar ayının axırlarında Xocalıya getməyi qərara aldıq. Ağdamda bizə bildirdilər ki, Xocalıya gedən yollar erməni quldurları tərəfindən mühasirəyə alınıb və hətta şəhər əhalisinə çörəyi də vertolyotlardan yerə ələyirlər. Ağdam İcra Hakimiyyətinin qarşısında xeyli Xocalı sakini ilə qarşılaşdıq: körpə uşaqlarını orada qoyub Ağdama bazarlığa gələn kim, xəstəsi üçün dava-dərman almaq üçün ailəsindən uzaq düşən kim...hərə bir dərddə idi, ah-nalə ərşə bələnmişdi. Biz fevralın əvvəllərində çarəsiz vəziyyətdə Bakıya qayıtdıq və üç həftə sonra Xocalının soyqırımı həyata keçirildi...

Mətləbdən uzaqlaşmadan demək istəyirəm ki, Xocalıda gördüklərim və faciədən sonra baş verənlər - yəni, məhv edilmiş ailələrin saq qalmış üzvləri, yaralılar, qarda bədən üzvlərinin bir hissəsi donmuş insanlar, valideynlərini itirmiş körpələr və sair soyqırım iştirakçılarını xəstəxanalarda, pansionatlarda axtarıb tapdım, onların dərdlərini və gördükləri dəhşətləri qələmə aldım. Qəzet məqalələri və televiziya verilişləri hazırladım. Amma az olduğunu bilirdim. Bir jurnalist kimi, yazar kimi bu soyqırımı dünyaya bəyan etməkdən ötrü daha çox iş görməli olduğumun fərqindəydim. Bir sıra söyləyə bilməyəcəyim səbəblər üzündən bu barədə kitab yazmaq, film çəkmək arzularımı arxa plana çəkməli oldum. Amma...

Amma, bu gün əlimdə çox-çox dəyərli bir əlyazma var. 1993-cü ildən bəri tanıdığım, ən əvvəl baş redaktoru olduğum "Ana" müstəqil qadın qəzetinin köşə yazarı kimi qələminə böyük hörmət bəslədiyim, daha sonra müxtəlif mövzuda yazdığı yazılarla geniş oxucu kütləsi qazanmış bir yazar kimi aramızda isti münasibətlər, dostluq telləri yarandı. Bu, görkəmli filosof Asif Ata ocağının övladlarından olan Eluca Atalı idi.

Bəli, indiyədək ədəbiyyatın müxtəlif janrlarında çox təsirli və aktual mövzularda yüzlərlə ədəbi nümunənin müəllifi olan, onlarla kitab yazaraq geniş oxucu auditoriyasına təqdim edən Eluca xanımın bir vətənpərvər insan kimi, güclü qələm sahibi kimi yazdığı növbəti əsər xalqımızın qan yaddaşına ən ağır faciə kimi, Xocalı soyqırımı kimi yazılmış bir hadisədən-dünyada analoqu olmayan Xocalı qətliamından bəhs edir.

"Tiqranizm Xocalıda" pyesi ilk cümləsindən başlamış son nöqtəsinədək oxucunu ayaqda saxlayan, sinirlərini tarıma çəkərək hədəfə tuşlanmış vəziyyətə gətirən bir əsərdir.

Müəllif ermənilərin əsrlər boyu xalqımızın başına açdığı ağlagəlməz dəhşətli oyunları, günahsız insanları vəhşicəsinə qətlə yetirdiklərini, özlərindən güclülərə yalmanıb zəifləri əzdiklərini, yaltaqlıqla, ikiüzlülüklə alçaq niyyətlərinə necə nail olduqlarını, tamahlarının və acgözlüklərinin sayəsində Böyük Ermənistan xülyalarına qapılmalarını, köçkünlük həyatı yaşayaraq məskən saldıqları məkanda özlərini uzunömürlü xalq kimi göstərmələri, bunun üçün hər cür qəddarlıq və amansızlıqlara əl atmalarını, insani keyfiyyətlərini tamamilə itirmiş binəsiblər olduqlarını böyük bir sənətkarlıqla - zərgər incəliyi, riyazi dəqiqlik və vətənpərvər ürəklə qələmə almışdır. Ermənilərin böyük sərkərdə kimi qələmə verdikləri, əslində isə Parfiya ordusunun sərkərdəsinin atına mehtərlik edərək üzdəniraq çirkin niyyətlərini həyata keçirən Tiqranın Roma imperiyası ilə Parfiya arasında etdiyi ikiüzlülükdən, namərdlikdən tutmuş ötən əsrin əvvəllərində türklərin qənimi kəsilmiş, Türkiyədən üzü bu yana - Qərbi Azərbaycanda, Naxçıvanda, Bakının ətraf rayon və kəndlərində törətdiyi ağlasığmaz hadisələrlə tarixdə tayqulaq Andronik kimi qalmış "erməni generalı"nın insanlıqla bir araya sığmayan alçaldıcı hərəkətlərinədək, "Ocaq" əsəri ilə xalqlar arasına milli ədavət toxumu səpən Zori Balayandan tutmuş ta son illərdə Qarabağ və Qarabağ ətrafı rayonları işğal edərək yüz minlərlə yurddaşımızı doğma yurd-yuvalarından xüsusi amansızlıqla qovan, bunun üçün ən dəhşətli içgəncə üsullarından belə çəkinməyən "saqqallı boyevik"lərədək bu əsərdə incələnərək qələmə alınmışdır. Ermənilərin türklərə qarşı soyqırım siyasətindən xəbərsiz olan, ya da bu hadisələr barədə az məlumatlı insanlar üçün bu əsər göydəndüşmə bir tapıntıdır, tarixi mənbədir.

Əsəri oxuduqca bu qənaətə gəlirəm ki, pyes Eluca xanımın zəngin mütaliəsinin, türklərin soyqırımı tarixini mükəmməl araşdırması, tarixi mənbələrə istinad etməsi, Xocalı faciəsi barədə ən kiçik faktı belə nəzərdən qaçırmamasının nəticəsində araya-ərsəyə gələ bilər. Müəllif bununla demək istəyir ki, hər hansı bir tarixi hadisəni qələmə almaq üçün hökmən hadisəni gözlərinlə görmək vacib deyil, bunu hiss edən, duyan ürəyin olmalıdır, faciəyə vətənpərvər mövqedən yanaşmağı bacarmalısan, insani keyfiyyətlərini bədii təfəkkürünlə sintez etməyi və bütün bunları yaradıcı təxəyyülünlə təqdim etməyi bilməlisən. Eluca bu ağır və məsuliyyətli işin öhdəsindən çox bacarıqla gəlmişdir desəm, - yanılmaram.

Bildiyimiz kimi, Eluca xanım 20 ilə yaxındır vətəndən çox uzaqlarda - İsveçdə yaşayır. Buna baxmayaraq, doğma vətəni ilə sıx əlaqədədir. Hər il məzuniyyətini yaxınları və doğmaları arasında keçirir, onların problemləri ilə maraqlanır. Isveçdə pedaqoji fəaliyyətlə məşğul olması isə şagirdlərlə daim ünsiyyət qurmasına, onlara tariximiz və vətənimiz barədə həqiqətləri aşılamasına imkan yaradır. Ümumiyyətlə desək, Eluca xanım həyat yoldaşı Babək bəylə bərabər yaşadığı ölkədə fəal diaspora nümayəndələri kimi tanınırlar. Xalqımızın qan yaddaşına yazılmış bütün tarixi günlərin orada yüksək səviyyədə təşkili və təbliğatı ilə məşğuldurlar. Buna görə də,

bəşəriyyəti lərzəyə salacaq dərəcədə dəhşətli faciəni yaşamağa məruz qalmış Xocalı və bu şəhərin sakinlərinin acınacaqlı aqibətləri xanım yazarın diqqətini çəkməyə bilməzdi. O da bu istiqamətdə iş görmək üçün yola çıxdı və bu yolun gözəl, uğurlu sonucuna nail oldu. Xocalıya və xocalılara sözdən, fikirdən əzəmətli və möhtəşəm bir abidə qoydu. Bu abidənin qranitdən, tuncdan qurulmasına heç lüzum qalmadı. Bu dəfə sözlə yoğuruldu, fikir süzgəcindən keçirildi, ələkləndi və gözəl bir tablo kimi təqdim olundu. Bu qiymətli və dəyərli sənət əsərinin ədəbi mühitimizdə əks-səda yaradacağına şübhəm belə yoxdur. Çünki bu tarixi əsər yazıçının necə deyərlər, qanı, canı, dincliyi, əsəbi, ürək ağrıları və beyin yorğunluğu bahasına başa gəlib. Ürəkdən gələn hər şey gözəldir, qəlbən bağlandığın hər şey sonda gözəl effekt verir.

"Tiqranizm Xocalıda" əsərini Eluca xanım pyes şəklində qələmə alıb və çap olunan kimi səhnə ömrünü yaşayacaq. Türkiyə türkcəsinə çevrilərək qardaş respublikada teatrlaşdırılacaq. Bu, çox önəmli bir hadisədir. Sonra isə əsərin film variantı və roman versiyası üzərində də iş gedəcəkdir.

İnanıram ki, Eluca Atalı qələminə hörmətlə yanaşanlar, onun yaradıcılığına yaxından bələd olanlar sevimli yazarlarının növbəti əsərini də maraqla qarşılayacaq və həyəcanla oxuyacaqlar. Oxuduqca da müəllifin istedad və bacarığına heyranlıqlarını, erməni qaniçənlərin isə xalqımıza qarşı törətdikləri ağlasığmaz vəhşiliklərə nifrətlərini gizlədə bilməyəcəklər.

"Tiqranizm Xocalıda" əsəri Eluca xanımın yaradıcılığında mühüm bir mərhələnin başlandığının bariz sübutudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00