“Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi”

Müntəzəm olaraq təmas xəttində vəziyyəti gərginləşdirərək Azərbaycanı təxribata çəkməyə çalışan işğalçı Ermənistan cari ilin aprel ayında yenidən ənənəvi “taktikası”nı işə saldı.

Müntəzəm olaraq təmas xəttində vəziyyəti gərginləşdirərək Azərbaycanı təxribata çəkməyə çalışan işğalçı Ermənistan cari ilin aprel ayında yenidən ənənəvi "taktikası"nı işə saldı. Əsasən cəbhənin Ağdam və Tərtər istiqamətlərində təxribata əl atan ermənilər yeni ərazilər zəbt etməyi düşünür, bununla Azərbaycan cəmiyyətində yenidən xof yaratmağa çalışırdı. Lakin düşmən unudurdu ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil və Ermənistan heç bir halda Azərbaycan üzərində hərbi üstünlük əldə edə bilməz. Elə düşünüldüyü kimi də oldu. Ermənilərin təxribat hərəkətlərinə qarşı layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri aprelin 2-5-i tarixlərində uğurlu hərbi əməliyyatlar keçirərək işğal altında olan bir sıra strateji yüksəklikləri erməni təcavüzkarlarından təmizlədi. Azərbaycan Silahlı Qüvvələrinin güclü əks zərbəsi ilə qarşılaşan düşmən özünü məhv olmaq təhlükəsindən xilas etmək üçün Azərbaycandan atəşkəs xahişi etdi.

Qalib Azərbaycan obrazını yaradan "Aprel müharibəsi"

Dördgünlük aprel döyüşləri beynəlxalq aləmdə, dünya birliyində, eləcə də problemin həlli ilə məşğul olan təşkilatlarda o, qənaəti formalaşdırdı ki, mövcud status-kvonunn qorunub saxlanılmasına yönəlik cəhdlər kökündən yalnışdır. Problemin həlli isiqamətində konkret addımların atılmaması münaqişənin hər zaman alovlanmasını qaçılmaz edir. Necə ki, 2-5 aprel tarixlərində yaşananlar bunu bir daha sübuta yetirdi. Etiraf etmək lazımdır ki, aprel döyüşləri beynəlxalq aləmdə, ictimai rəydə Azərbaycan barədə olan münasibəti də dəyişmiş oldu. Uzun illərin məğlub Azərbaycan tanıtımı indi qalib Azərbaycanla əvəzləndi. Dünya birliyi şahid oldu ki, Azərbaycanın hərbi qüdrəti işğal altında olan əraziləri qısa müddətdə azad etməyə imkan verir.

Xalqın uzun illər həsrət qaldığı qələbə dadı

"Aprel müharibəsi" Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərini daha da artırdı desək yanılmarıq. Etiraf etmək lazımdır ki, 1990-cı illərdən, xüsusilə ermənilərin Xocalıda törətdikləri insanlıq cinayəti, qətliamlardan sonra Azərbaycan cəmiyyətində bir qorxu hissi hökm sürürdü. Əksəriyyət Azərbaycanın hərbi gücünü, qüdrətini, potensialını bilsə də, lakin Ermənistana hərbi sahədə qalib gəlmək inamsızlığı vardı. Düzdür, bu qorxu hissi şəhid Mübariz İbrahimovun timsalında, eləcə də 2014-cü ilin avqust hadisələri zamanı nisbətən aradan qaldırılmışdı. Lakin Azərbaycan Silahlı Qüvvələri 2-5 aprel döyüşləri zamanı bu inamsızlığı tamamilə qıra bildi. Nəticədə xalq 20 ildən artıq bir müddətdə həsrətlə gözlədiyi qələbənin dadını hiss etdi. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi dördgünlük uğurlu hərbi əməliyyat həmçinin Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı, xalqın Ali Baş Komandana, onun Silahlı Qüvvələrinə olan inamını, etibarını birə-beş artırdı. Ordumuzun qısa müddətdə əldə etdiyi nailiyyətlər, qələbənin ardının gəlməsi üçün xalq uşaqdan böyüyə bir nəfər kimi döyüşə can atdı. Təkcə Azərbaycan ərazisində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız, Azərbaycana dost olan ayrı-ayrı insanlar torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak etmək niyyətində olduğunu bəyan etdi.

Peşəkar ordunun peşəkar rəhbərliyi

"Aprel müharibəsi" həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlıqlı peşəkar zabit və əsgər heyətinin olduğunu təsdiqlədi. Heç şübhəsiz ki, bu peşəkarlığı şərtləndirən amillərdən biri də orduya məhz peşəkar birinin rəhbərlik etməsi ilə bağlı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin oktyabrında Zakir Həsənovu müdafiə naziri təyin etməsindən sonra Azərbaycan Silahlı Qüvvələrində bütün parametrlər üzrə müsbət dinamika müşahidə edilməyə başladı. Ordunu dəbdəbəli otaqlar, kreslolardan deyil, ön cəbhədən, səngərdən idarə etmək prinsipini əsas götürən Zakir Həsənov Silahlı Qüvvələrimizi indiyə qədər mövcud olmayan peşəkar bir səviyyəyə çatdırdı. İsti soyuq bilmədən, hər an, bayramlarda, xalqımızın tarixi üçün əlamətdar olan günlərdə nazirini yanında, düşmənlə ön cəbhədə səngərdə görən Azərbaycan əsgər və zabiti də yüksək ruh yüksəkliyi, döyüş əzmkarlığı nümayiş etdirdi. Müdafiə nazirinin peşəkarlığı, yüksək döyüş hazırlığını şərtləndirən amil isə Ali Baş Komandanın bu sahəyə göstərdiyi diqqət və qayğı ilə bağlı idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq ön cəbhədə olması, hərbi hissələrə baş çəkməsi, hərbi təlimləri izləməsi, hərbi xidmətdə fərqlənən əsgər və zabitləri təltif etməsi Azərbaycan ordusunda yüksək ruh yüksəklıyi, döyüş əzmkarlığına səbəb olan amillərdən idi. Bütün bunların vəhdəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri "Aprel müharibəsi" zamanı ciddi uğur əldə edə bildi.

Aprel müharibəsinin qəhrəmanları

Danılmaz faktdır ki, istənilən qələbə itgisiz başa gəlmir və bu hər kəs üçün arzuedilməz bir tendensiyadır. Nə qədər acı da olsa Azərbaycan 2-5 aprel döyüşləri zamanı bu mənfi tendensiyanı yaşamalı oldu. Dördgünlük müharibədə əldə etdiyimiz qalibiyyət onlarla şərəfli igidimizin qanı bahasına başa gəldi. Torpağı, Vətəni uğrunda canını fəda edən qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalaraq əsl vətənpərvərlik nümunəsi göstərdilər. Aprel döyüşlərində şəhid olan hər bir Vətən oğlu bizim qürur mıənbəyimiz, baş tacımızdır. Onların ölməz ruhu daim Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir. şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbərinə çevrilir. Necə ki, günümüzdə Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov kimi milli qəhrəmanlarımızın həmin döyüşlər zamanı göstərdiyi fədakarlıqlar barədə kiçikdən böyüyə qədər hər kəs ağız dolusu, fəxarətlə danışır.

"Aprel müharibəsi"nin əsas qəhrəmanlarından biri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid hərbi hissə komandiri, polkovnik-leytenant Murad Mirzəyev idi. Gənc yaşlarından hərbi sahəyə böyük maraq göstərən Muradın bu seçimi də təsadüfi deyildi. Çünki onun babaları 1948-1953-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiyaya məruz qalmışdı. Bu səbəbdən Murad hələ uşaq yaşlarından qisasçılıq əhval-ruhiyyəsi ilə yaşayırdı. Əvvəl Azərbaycanda, sonra isə qardaş Türkiyədəki alı hərbi akademiyada təhsil alan Murad əcnəbi tələbələr arasında 600 nəfər arasından birinci seçilərək "Onur Başkanı" elan olunur, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən "Qılınc" mükafatı ilə təltif edilir. Hərbi təhsil aldığı müddətdə Murad Mirzəyev ABŞ, Türkiyə, İordaniya və Avropa ölkələrinin ən güclü xüsusi təyinatlılar hazırlayan çətin kurslarını müvəffəqiyyətlə keçir. Hərbi sahədə əldə etdiyi bilik və bacarıqların nəticəsi kimi Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq aprel əməliyyatlarını hazırlayan da məhz xüsusi təyinatlı Murad Mirzəyev olur. Mart ayının ikinci ongünlüyündən etibarən ermənilərin təmas xəttində əlavə hərbi texnika və canlı qüvvə toplamasını müşahidə edən Murad Mirzəyev günlərlə, saatlarla erməni postları, mövqelərinin müşahidəsini həyata keçirir, düşmənin güclü və zəif nöqtələrini müəyyənləşdirməyə çalışırdı. Artıq martın son günlərində Murad Mirzəyevə ermənilərin hansı trayektoriya üzrə hərəkət edəcəkləri, təxribat əməllərinə hansı istiqamətdən başlayacaqları məlum idi. Təbii ki, səriştəli, peşəkar hərbiçi kimi Murad da düşmənə əks zərbə vurmaq imkanlarını götür qoy etmiş, əsgərlərini tam hazırlıq vəziyyətinə gətirmişdi. Yalnız bir məsələ naməlum qalırdı. Düşmənin hansı tarixdə təxribat hücumuna keçəcəyi.

Həyatda ən ali məqsədinin işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi olduğunu əsgərlərinə hər zaman xatırladan Murad üçün həmin tarix yaxınlaşmışdı. Bəlkə də torpaq, Vətən uğrunda şəhid olacağı Murada məlum idi. Nədən ki, aprel döyüşlərindən cəmi bir gün əvvəl Murad öz əsgərləri, şəxsi heyət ilə həmişəkindən daha səmimi və xoş rəftarla görüşüb sanki onlardan halallıq almışdı. Hətta o, əsgərlərinə Qarabağın azad edildiyinin yuxusuna girdiyini də bildirmişdi. Əslində Muradın yuxusu gerçək oldu. Düzdür, Murad Qarabağın tam işğaldan azad edildiyini görə bilməsə də, lakin bu prosesin ilk startını elə polkovnik-leytenant Mirzəyev verdi.

Artıq aprelin 1-dən etibarən havadan barıt qoxusu gəlirdi. Ətrafda isə fırtına qabağı səssizlik hökm sürürdü. Bir müddət sonra bu səssizliyi düşmən silahları pozacaqdı. Hər şey Muradın gözlədiyi kimi oldu. Aprelin 2-də təmas xəttində təxribata əl atan düşmən mövqelərimizi iriçaplı silahlardan atəşə tutaraq daha bir hərbi üstünlük əldə etməyə çalışdı. Lakin düşmən Azərbaycan tərəfinin onun planlarından xəbərdar olduğunu unudurdu. Beləliklə, Murad Mirzəyevin yüksək peşəkarlıqla hazırlamış olduğu əməliyyat planı düşməni ağır itgi verərək geri çəkilmək məcburiyyətində qoydu. Talış kəndi istiqamətində gərgin keçən döyüşlərdə düşmənə sarsıdıcı zərbərlər vuran Murad Mirzəyev nəhayət ki, arzu etdiyi ali pilləyə, şəhidliyə ucalır. Murad Mirzəyev əsgərlərini canı bahasına xilas edərək, şəhid olur. "Aprel müharibəsi"inin qəhrəmanlarından hiri də Samid İmanovdur. Murad Mirzəyev kimi Ali Hərbi təhsil alan Samid İmanovun qəhrəmanlığı hələ 2014-ci il avqust ayından Azərbaycan xalqına, eləcə də düşmənə məlum idi. Belə ki, 2014-cü ilin avqust ayında Samid İmanovun dəstəsi ermənilərin təxribatının qarşısın almaq üçün uğurlu əməliyyat keçirərək 20-yə yaxın ermənini məhv etmişdi. Tale elə gətirir ki, Samid İmanov Murad Mirzəyevin müavini olur. Hərb elminin dərinliklərinə birlikdə yiyələnməyə başlayan Samid və Murad düşmənə qarşı mübarizə, torpaqlarımızın işğaldan azad edilməsində də çiyin-çiyinə vuruşur. Komandirinə böyük bağlılığı olan Samidə Murad Mirzəyev ərazidən uzaqlaşmağı əmr etsə də, lakin o, komandirin əmrindən imtina edərək Muradı döyüş meydanında tək buraxmır. Döyüşlərdə ağır yaralanan Samid əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz edərək yaralı gizirin çıxardılmasını əmr edir. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oranı tərk edir. Lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişir.

Aprel döyüşlərinin qəhrəmanlarından biri də Şükür Həmidovdur. Şükür Həmidov da erməni zülmü, təcavüzünün əyani şahidi olduğu üçün hər zaman qisas hissi ilə yaşayıb. Doğulub boya başa çatdığı Qubadlı rayonu ermənilər tərəfindən işğal edildiyi tarixdən etibarən Şükür Həmidov ermənilərə döyüş meydanında sarsıdıcı zərbə vurmaq imkanı arayıb. Nəhayət ki, bu imkan onun üçün 2-5 aprel tarixlərində yaranıb. Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı misilsiz şücaət göstərən polkovnik-leytenant Şükür Həmidov dinc əhalinin müdafiəsində də yaxından iştirak edib. Göstərdiyi qəhrəmanlıqlara görə Şükür Həmidov prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. Həmçinin ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Mətbuat Şurası və ATXƏM-in "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00