Uşaqların sosial inkişafına mane olan amillər nələrdir?
10 İyun 2016 12:50 SosialBir sıra hallarda uşaqların ictimai və sosial mühitdən kənar düşməsi onların gələcək talelərində dərin iz buraxır. Nəticədə bu gün uşaqlıq dövünü yaşayan gələcək ilərdə də cəmiyyətə adaptasiya olunmaq, topluma qarışmaqda çətinlik çəkir. Bəs görəsən uşaqlarda bu kimi mənfi tendensiyanı necə aradan qaldırmaq olar? Psixoloq Aynur Şahmuradova deyir ki, uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Onun sözlərinə görə, uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır6 "Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir. 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir. 2-6 yaş dövründə isə uşaqlar bacardığı hər şeylə qürur duyur. Uşaq özünü bir növ dünyanın mərkəzində görür. 3-4 yaşındakı uşaqlar adını və cinsiyyətini deyə bilir. Telefonda tanıdığı adamlarla danışır. 4 yaşında uşaq böyüklərdən çox öz dostları ilə maraqlanır, paylaşmağa başlayır. Oyun oynayarkən qaydaları başa düşür və tətbiq edir. 5 yaşında qrup oyunları oynamağı sevirlər, öz duyğularını və istəklərini kontrol edə bilirlər. 5-6 yaşda uşaqlarda dostluq, simpatiya, rəqabət, davalar görülür. Empatik anlayışlar inkişaf etməyə başlayır". Psixoloq hesab edir ki, 2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır: "Bunun üçün uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır. 6-12 yaşda isə uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər". Aynur Şahmuradova deyib ki, bir sıra amillər uşağın sosial inkişafına müsbət təsir edir ki, valideynlər onları mütləq nəzərə almalıdır: " Adətən uşağın problem həll etməsi və özünü ifadə etməsi üçün yeni kəşflər etməsinə kömək üçün yaradıcı rəqsdən yararlanırlar. Uşağa məktəbəqədər yaş dövründə sistemli hərəkətlər ona sağlamlıqla əlaqəli vərdişləri , nizamlı olmağı, iradəli olmağı qazandırır".
Füzuli