Küveyt mətbuatı Azərbaycanın turizm imkanlarından yazıb
Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi olan “Atlantis Holidays” şirkətinin təbliğat işləri nəticəsində Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb.
9 İyun 2016 14:26 SosialMədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi olan "Atlantis Holidays" şirkətinin təbliğat işləri nəticəsində Küveytin "Al Jarida" qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, məqalədə müəllif Azərbaycan haqqında yüksək fikirlər səsləndirərək təbii məkanlarla zəngin Odlar Yurdu-Azərbaycanı Küveyt turizmi üçün ən yaxşı nümunə hesab edib. Müəllif Heydər Əliyev adına Beynəlxalq Hava Limanını müasir infrastrukturu ilə dünyanın ən yaxşı hava limanlarından biri kimi qiymətləndirib. Məqalədə Azərbaycan təbiəti, musiqisi, milli mətbəxi, mədəniyyət və tarixi haqqında ətraflı məlumatlar qeyd olunub. Həmçinin, Bakı küçələri, Yanardağ və Palçıq vulkanları da əhəmiyyətli turistik məkanlar kimi qeyd edilib. Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin möhtəşəm memarlıq nümunəsi olduğu bildirilir. Müəllif Azərbaycanda keçirilən bayram, festival və beynəlxalq tədbirlər haqqında da geniş məlumat verib.