Hipokrat andına dönük çıxan həkimlər

Öz ölkələrində iş tapa bilməyən “kadrlar” Azərbaycana üz tuturlar

Son zamanlar Azərbaycanda müalicə və müayinə olunmaq istəyən posientlər ya xarici ölkələrə üz tuturlar, ya da xaricdən ölkəmizə dəvət olunmuş həkimlərə. Çox təəssüf ki, bir çox hallarda belə müracitin böyük əksəriyyəti uğursuz nəticələnir. Artıq kifayət qədər faktlar var ki, xarici ölkələrdən dəvət olunmuş həkimlərin səhv diaqnozu nəticəsində soydaşlarımız sağlamlıqlarını itiriblər. Belə hallar kosmetik əməliyyatlardan tutmuş orqan transplantasiyasına qədər tibbi müdaxilələr zamanı baş verir. Soydaşlarımızın müalicə va müayinə üçün xarici ölkələrə üz tutmalarının səbəbi maddi amillə əlaqələndirilsə də, etiraf etmək lazımdır ki, bu məsələdə maarifləndirmə də öz sözünü deyir. Ölkədə bəzi naşı həkimlərin savadsızlığı ucbatından insanlar sağlamlıqlarını tanımadıqları, barəsində heç bir məlumata malik olmadıqları xarici həkimlərə etibar eirlər. Sözsüz ki, belə vəziyyət sonda mənfi fəsadlarla nəticələnmiş olur. Ekspetlərin qənaətinə görə, tibbi sahədə belə vəziyyətin yaranmasında özəl klinikaların da məsuliyyəti danılmazdır. Belə ki, bir çox hallarda özəl klinikalar internet vasitəsilə həkim tapır, onlar barədə kifayət qədər məlumat toplamadan işə dəvət edirlər. Üstəlik onların reklamı elə səviyyədə aparılır ki, sanki dünyada həmin həkimdən bir dənədir, xoşbəxtlikdən də Allah onu bizə qismət edib. Reallıqda isə həmin həkimlər öz ölkələrində iş yeri tapa bilmədiklərindən xarici ölkələrə çıxış yolları axtarırlar. Dolanışığın yolunu Azərbaycanda tapanların maskası isə çox keçməyərək yırtılmış olur. Yayılan məlumata görə, bir neçə gün əvvəl "Baku Medical Plaza" xəstəxanasında Önder Tulumbacı adlı həkimin doğuş əməliyyatını yarımçıq qoyaraq qaçıb. Xəstənin yaxınlarının bildirdiyinə görə, xəstəxanaya daxil olan paytaxt sakini İrina Makarovanın qeysəriyyə əməliyyatı təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Sonra məlum olub ki, həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Belə ki həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. Məsələyə aydınlıq gətirən klinikanın baş həkiminin müavini Feyzulla Qasımov bildirib ki, Öndər Tulumbacı klinikanın həkimi deyil. Ancaq o klinikada xəstələrə yaradılan yüksək şəraiti görüb əməliyyatları burada həyata keçirir. Xatırladaq ki, Milli Məclisin əmək və sosial siyasət komitəsindən verilən məlumata görə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibbi fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibbi fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Komitədən onu da bildiriblər ki, son vaxtlar bir sıra həkimlərin lisenziyadan kənar, hətta ixtisasına aid olmayan tibbi fəaliyyət növü ilə məşğul olur: "Parlament bu dəyişikliklərlə ilkin tibbi müayinə istisna olmaqla, yalnız lisenziya verilmiş fəaliyyətlə məşğul olmağı rəsmiləşdirib. Çünki elə hallar olur ki, klinikalar lisenziyada nəzərdə tutulmayan fəaliyyət növü ilə məşğul olurlar ki, bi da nəticə etibarilə insanların sağlamlığına mənfi təsir göstərir". Sözügedən qanunda edilən digər dəişikliyə görə, tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Lakin konkret halda həkim qanunvericiliyin bu tələbini yerinə yetirmək əvəzinə əməliyyatı yarımçıq qoyaraq qaçıb. Onu da xatırladaq ki, qanunda xəstələrin ixtisaslaşmış xəstəxanalara və özəl klinikalara yerləşdirmə mexanizmi yoxdur. Odur ki, özəl klinikalarda bu sahədə özbaşnalıq hökm sürür. Xüsusən, xarici ölkələrdən gələn həkimlərlə bağlı problemlər yaşanmaqdadır. İrandan diş həkimi gəlib Bakıda ginekoloji məsələlərlə məşğul olur. Ekspertlər hesab edirlər ki, xaricdən gələn həkimlərlə bağlı şərtlər sərtləşdirilməlidir. Xaricdən o halda həkim gələ bilər ki, onun ixtisası üzrə Azərbaycanda kadr olmasın. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00