“Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi

Artıq bütün dünyada turizm ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın isə 6 faizini təşkil edir.

Artıq bütün dünyada turizm ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın isə 6 faizini təşkil edir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Azərbaycan kontekstində də ölkənin ümumi gəlirinin artımı, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının sosial siyasətində turizmin inkişafı xüsusi yer tutur. Turizm bütün formalarda, yəni həm daxili, həm də xarici turizm sahəsində əhalinin rifah halının yüksəldilməsinə yönələn sosial siyasətdir. Belə ki, turizmin inkişafı Azərbaycanın dünyaya tanıdılması, xalqımızın milli-mədəni özünüdərki, təbii və mədəni resurslara düşünülmüş, sayğılı münasibəti, yeni iş yerlərinin açılması, yeni gəlir sahələrinin əldə edilməsi və sair baxımından xüsusi əhəmiyyət kəsb edir. Turizmin inkişafı ilə əlaqədar turizm regionlarında infrastrukturun formalaşmasına şərait yaranır, yeni otellər, əyləncə mərkəzləri və sair fəaliyyətin reallaşması ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılmasına, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır. 

Azərbaycanın mövcud turizm potensialı 

Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Füsunkar təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan-naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin, daha dəqiq işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun Azərbaycanın ərazisində olması ölkədə yay və qış istirahətinin təşkilinə şərait yaradır.Turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı", habelə "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" böyük əhəmiyyət kəsb etmişdir. Bu proqramların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təmələinin qoyulması üçün şərait yaratdı. O dövrdə əldə edilmiş sosial-iqtisadi təcrübə turizm sahəsinin hərtərəfli inkişafı üçün yeni imkanlar açdı. Bakının daxili şəhəri olan "İçəri şəhər", Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi "Qobustan" YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm İli" elan etməsi və "Eurovision -2012" nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. "Turizm İli" çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, "Şahdağ" turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi. Məhz həyata keçirilən tədbirlərin nəticəsifir ki, ölkımizə turist axını ildən-ilə artır. Odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilməkdədir. Hal-hazırda onların sayı 550-ni ötmüşdür. Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar: Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və sair. Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, "Tufandağ" qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm "Şahdağ" turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar. Bakıda və regionlarda yeni beynəlxalq standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda orta hesabla 21,9 faiz artım gözlənilir.

Xidmət sektoru və kadr hazırlığı

 Milli turizm infrastrukturunun dünya standartlarına cavab verən modelinin yaradılması, turizm xidmətlərinin beynəlxalq səviyyəyə uyğun şəkildə təşkil edilməsi və milli kadr korpusunun formalaşdırılması məqsədilə dövlət başçısının ardıcıl olaraq verdiyi qərar və sərəncamların əhəmiyyəti ayrıca qeyd edilməlidir. Heç şübhəsiz, ölkəyə gələn turistlərin sayının artırılması üçün peşəkar və keyfiyyətli kadr potensialının olması olduqca önəmlidir. Məhz bu məqsədlə Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. 2006-cı ildə dövlət başçısının daha bir fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu (ATİ) yaradılmışdır. Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə yaradılan Azərbaycan Turizm İnstitutunun bazasında dövlət başçısının 22 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır. Lakin o da qeyd edilməlidir ki, peşəkar kadr çatışmazlığı probleminin mövcud olması ölkəmizin böyük perspektivlərə malik turizm sahəsinin inkişafına mane olan səbəblərdəndir. Azərbaycanda nəinki yüksək, həm də orta və aşağı səviyyəli xidmətləri təqdim etməyi bacaran personalın formalaşdırılması ehtiyacını aradan qaldırmaq üçün bu sahədə fəaliyyət göstərən turizm şəbəkələrində kadr təminatı ilə bağlı kurslar təşkil edilsə də, bu tədbirlər ölkədə bütün hotellər və turizm sahəsi üzrə fəaliyyət göstərən digər obyektləri qane etmək iqtidarında deyil. Ölkəmizdə turizm, menecment və digər xidmət sahələrində müşahidə edilən sürətli inkişaf turizm və menecment sahələri üzrə kadr hazırlığının daha yüksək səviyyədə təşkil edilməsi zərurətini yaratmışdır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə apardığı araşdırmalar da onu göstərir ki, 2023-cü ilə kimi ölkəmizin turizm sahəsində kadrlara olan tələbatı tam ödənilməyəcək. 

Azərbaycanda turizmin inkişaf perspektivləri

Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Təsadüfi deyil ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Beləliklə, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir. Azərbaycanın çoğrafiyası da turizm sektorunun inkişafına zəmin yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır. Azərbaycanın coğrafiyası, flora və faunası, milli qoruqları bu sahənin inkişafına stimul verir. Belə ki, ölkəmizin dağları, ovalıqları, düzənlikləri, çökəklikləri qonaqları heyran edəcək dərəcədə füsunkardır. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Dünyanın ən gözəl göllərindən biri olan Göygöl və onu əhatə edən Kiçik Qafqazın təbii kompleksləri Göygöl qoruğunu mühafizə edir. Ağgöl, Bəsitçay, Qarayaz, Pirquli qoruqları da böyük maraq doğurur. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları - Badamlı, İstisu, Sirabdır. Ölkə ərazisində kaynozoy erasının abidəsi olan nadir meşələr qalmışdır. Onlara daha dünyanın heç bir yerində rast gəlinmir. Qızılağac, Zaqatala, Şirvan kimi qoruqlar beynəlxalq əhəmiyyətə malikdir. Hirkan Milli parkı Talış meşələrində və Lənkəran ovalıqlarında relikt bitkilərini qoruyur. Türyançay qoruğunun yaradılmasının əsas məqsədi-Bozdağın arid meşələr landşaftları kompleksinin saxlanılması və bərpasıdır. Azərbaycanda ümumən 13 təbii qoruq və 18 müvəqqəti qoruq vardır. Azərbaycanın heyvanat aləmi də çox müxtəlifdir və təxminən 12 min növ heyvan vardır. 
Məlum olduğu kimi, ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranmışdır. Bu məqsədə nail olmaq üçün "Şahdağ" Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. "Şahdağ" Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır. Azərbaycanda qış turizm sənayesinin yaradılması və inkişaf etdirilməsi məqsədilə "Şahdağ" Yay-Qış Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində 2012-2013-cü ilin qış mövsümündən qonaqların qəbuluna başlanılmışdır. İndiyədək təxminən iki yüz minə yaxın yerli və əcnəbi turist kompleksə səfər etmişdir.
Hazırda Azərbaycanda Qusardakı "Şahdağ" Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan "Tufan" Dağ-Xizək Mərkəzi kimi iki qış turizm müəssisəsi fəaliyyət göstərir. 

Elektron marketinqlərin üstünlükləri 

Son vaxtlar elektron vasitələrin mühüm və effektiv marketinq kanalına çevrilməsi turizm sahəsində ondan daha geniş istifadə edilməsi üçün zəmin yaratmışdır. Hazırda elektron vasitələrlə Azərbaycanın turizm potensialının xarici ölkələrdə reklamının aparılması təbliğat siyasətimizin prioritetlərindən biri hesab olunur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış www.azerbaijan.travel rəsmi milli turizm portalı son illər ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları, turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və təbliğat vasitəsi rolunu oynayır. Həmçinin nazirliyin turizm üzrə facebook səhifəsində ölkəmizin turizm potensialı haqqında məlumat və xəbərlər, habelə müvafiq şəkillər yerləşdirilmişdir. Beləliklə, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00