Tərtərdə yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
8 İyun 2016 17:38 Sosialİyunun 8-də Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı olub. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Qeyd olunub ki, ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası ilə yanaşı 10 fərdi ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə rayonda daha 4 ədəd fərdi yaşayış evi bu qəbildən olan insanlara təqdim olunur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mənzilə köçən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ürək sözlərini bildirərək, onlara yeni mənzillərində xoş günlər keçirməyi arzulayıb.