Region gəncləri vətənpərvər ruhda tərbiyə olunur
8 İyun 2016 16:59 SosialGənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində regionlarda da məqsədyönlü tədbirlər keçirilir. Regionlarda fəaliyyət göstərən gənclər təşkilatları, yerli icra orqanlarının bu istiqamətdə həyata keçirdiyi layihələr, tədbirlər nəticəsində gənclərdə milli mənlik şüuru formalaşdırılır, onlara vətənpərvərlik hissləri aşılanır.
Masallı rayonunda da müntəzəm olaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda "Müasir gənclik və hərbi-vətənpərvərlik tərbiyəsi" mövzusunda silsilə tədbirlər həyata keçirilir. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirir ki , hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olub. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəyə hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhda böyüdülməsini tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səviyyəsi də yüksək olmalıdır. Bəşəriyyət tarixində hər xalq ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq hərbi bədən tərbiyəsi sistemini yaradır, gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu baxımdan müasir dövrdə hərbi xidmət gənclərin, həm gənc, həm də vətəndaş kimi formalaşmasında vacib şərtdir. Gəncləri hərbi xidmət keçməyə təşviq etmək üçün bütün imkanlardan rasional şəkildə istifadə etmək günün, zamanın tələbidir. Hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Nə qədər çox sayda gənc hərbi xidmət keçsə, bu bir o qədər onların gələcəyi üçün faydalıdır. Bu baxımdan elə etmək lazımdır ki, hərbi xidmətə yararlı olan gənclərin heç biri ordudan yayınmaq barədə düşünməsin. Hətta nəinki düşünməsin, heç təsəvvür belə etməsinlər.
Hərbi vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə - bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur. Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
1970-80-cı illərdə respublikamıza rəhbərlik edən bu böyük şəxsiyyət gənclərlə iş siyasətində uzaqgörənliklə elə işlər görmüşdü ki, onların dəyərlərindən müstəqil ölkəmiz indi də faydalanmaqdadır. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızda hökm sürən hərcmərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə iş, demək olar ki, yox dərəcəsində idi. Xalqımızın lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı problemlərimizin həlli ilə yanaşı, dövlətimizin gənclər siyasətində də ciddi dönüş yaratdı. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyevin söylədiyi "...bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir..." sözləri gənclər siyasətinin konseptual fəlsəfəsinə çevrildi.m1970-80-cı illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin elm ocaqlarında təhsil alıb, müasir sənət və peşə növlərinə yiyələnmişdi. Məhz o illərdə Azərbaycanda yeni tədris ocaqları, o cümlədən xüsusi hərbi məktəblər, yeni gənclər mərkəzləri yaradılmış, irimiqyaslı gənclik tədbirləri keçirildi. Məhz həmin illərdə Azərbaycanın milli kadrlarının, inkişafı üçün yaradılmış imkanlar nəticəsində aparıcı ictimai-siyasi sahələrdə azərbaycanlı alimlərin üstünlüyü və milli ruhun yüksəlişi təmin olundu. Hələ 1970-ci ildə Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəb yaratdı. Həmin məktəbə Cəmşid Naxçıvanskinin - bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 41 ildir ki, bu məktəb fəaliyyət göstərir. Həmin məktəbdən ildə təxminən 800-900 nəfər gənc azərbaycanlı sovetlər ittifaqının ali hərbi məktəblərinə göndərilirdi. Əgər 1970-ci ildə keçmiş SSRİ-nin başqa şəhərlərinə təhsil almağa 300 nəfər göndərilmişdisə, 1975-ci ildə 400 nəfər, 1978-ci ildən başlayaraq hər il 50-dən çox şəhərin 150 ali məktəbinə Azərbaycanda çatışmayan ixtisaslar üzrə 800 tələbə göndərilmişdi. Ümumiyyətlə, 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda 10 minə qədər azərbaycanlı gənc təhsil almışdı. Bu, danılmaz faktdır ki, 70-80-ci illərdə onun uzaqgörən siyasəti nəticəsində hazırlanmış mütəxəssislər Azərbaycanın xoşbəxt gələcəyi üçün zəmin yaratmışlar. O dövrdə kənarda oxuyanlara dövlət tərəfindən təhsil zamanı qayğı göstərilirdi, həm də onlar respublikaya qayıtdıqdan sonra böyük qayğı ilə əhatə olunurdular. Onların mənzillə, yataqxana ilə təminatına xüsusi diqqət verilirdi. Hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi daha mühüm əhəmiyyət kəsb edir. Çünki neçə illərdir ki, hiyləgər və məkrli düşmənlərimiz olan ermənilər xalqımıza qarşı qəsbkarlıq müharibəsi aparırlar.
Belə bir düşmənə qarşı ləyaqətlə mübarizə aparan gənclərdə inamın, hərbi vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ən zəruri məsələ kimi qarşıda durur.
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov , Masallı rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə də hesab edir ki, hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist və praqmatik prizmadan yanaşır. Azərbaycan gənci anlayır ki, başqa bir dövlətin vətəndaşı gəlib onların yerində Qarabağ problemini həll edən deyil.
Lənkəranda da gənclərin hərbi vətənpərvər ruhda tərbiyəsi başlıca prioritetdir. Aprelin əvvəllərində ermənilərin təmas xəttində həyata keçirdiyi təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu hərbi əməliyyat lənkəranlı gənclər tərəfindən rəğbət və ruh yüksəkliyi ilə qarşılanıb. Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Emin Həmidli deyir ki, erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozması düşmən təxribatlarının intensiv xarakter daşıması gənclər arasında da etirazla qarşılanır. Təşkilat sədrinin sözlərinə görə, Vətənə, millətə, xalqa və dövlətə sədaqətlə xidmət göstərən vətənpərvər gənclərimiz çoxdur. Tələbələr hər zaman Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini, onun ətrafında sıx birləşdiklərini qeyd edirlər.
Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi çərçivəsində isə Oğuzda seminar təşkil edilib. Seminarda Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində belə layihələrin vacibliyini qeyd edib. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra olunan layihə haqqında seminar iştirakçılarına geniş məlumat verib. A. Məhərrəmov qeyd edib ki, layihənin əsas məqsədi gənclərlə vətənpərvərlik istiqamətində görüşlərin keçirilməsi, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, milli mənlik şüurunun formalaşdırılması, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği üzrə seminarların təşkilidir. Sonra çıxış edən layihənin eksperti Ümüdvar Həsənov gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin sevilməsinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin tam bərqərar edilməsi, gənclər arasında Azərbaycan tarixini, coğrafiyasını, musiqisini, adət və ənənələrinin öyrənilməsini təbliğ etmək və s. haqqında geniş məlumat verib.