Hər bir soydaşımız bütün gücünü səfərbər etməlidir ki, diasporumuz daha mütəşəkkil və effektli fəaliyyət göstərsin

"Dünyanın bir çox yerində yaşayan soydaşlarımızın bir araya gəlməsini təmin edən Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan diasporu üçün tarixi bir hadisədir". Bu fikirləri "OLAYLAR"-a Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şahverdi Babayev səsləndirib. Dünya Azərbaycanlılarının IV Qurultayının işini yüksək qiymətləndirən soydaşımız deyib ki, əsası 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin davamı olaraq hər beş ildən bir keçirilən Dünya azərbaycanlılarının qurultayları mühüm əhəmiyyətə malikdir: "Azərbaycan Respublikasının Prezidentinin geniş məzmunlu çıxışının yer aldığı açılış mərasimindən sonra tədbirin panel iclaslarla davam etdirilməsi Qurultay iştirakçıları üçün xüsusi imkanlar yaratdı. Belə ki, panel iclaslarında çıxışçıların nitqindən sonra qoyulan mövzuların geniş şəkildə müzakirəsi və hər bir iştirakçının bu müzakirəyə qoşula bilməsi imkanı bir çox məsələlərin həllinə mühüm töhfədir". Tədbirin yüksək səviyyədə təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirən Ş.Babayev Qurultayda səsləndirilən təklif və tövsiyələrin növbəti qurultaya qədər yerinə yetirilməsi və səsləndirilən nöqsanların öz həllini tapması üçün Azərbaycan diaspor təşkilatları qarşısında mühüm öhdəliklərin olduğunu qeyd edib. "Müzakirəyə çıxarılan məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün həm xaricdəki diaspor təşkilatlarımız, həm də hər bir soydaşımız bütün gücünü səfərbər etməlidir ki, diasporumuz daha mütəşəkkil və effektli fəaliyyət göstərsin. Bu istiqamətdə hər bir azərbaycanlını birliyə və həmrəyliyə çağırırıam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00