Ramazan ayında ərşə çəkilən varlılar

Bu ay imkanlı müsəlmanın kasıbların yanında olmasını təşviq edir

Artıq Ramazan ayının ilk günlərini yaşayırıq. Bir neçə gün öncə Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətva verib. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq. Eyni zamanda QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayında oruc tutan müsəlmanlar üçün niyyət gecəsi və orucu batil edən əməllər barədə məlumat da yayıb. Məlumatda bildirilir ki, oruc o əməldir ki, insan Allah-Təalanın əmrini yerinə yetirmək üçün sübh azanından məğrib (şam) azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinərək onu icra edir. İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; "sabah oruc tutacağam" deyərək niyyət etməsi şərt deyildir. Yalnız Allah-Təalanın əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən əməllərdən özünü saxlasın. Ramazan ayı həm də mərhəmət ayı kimi səciyyələndirilir. Məhz bu məqsədlə Quranda möminlərə mal-dövlətlərindən Allah yolunda xərcləməyin bir neçə istiqaməti göstərilir. Xüms, zəkat vermək - mərhəmətli olmaq, insanlarla yaxşı davranmaq, eyni zamanda imkanlı, ruzili olanın kasıbçılığı heç vaxt yaddan çıxarmaması fəlsəfəsinə xidmət edir. İslam dini yarandığı gündən indiyə kimi fərz-vacib hesab olunan bu əməllər həyata keçirilib. Müqəddəs kitabda "Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (islam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur" deyilir. Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, illərlə, bəlkə də əsarlərlə yığılan xüms və zəkat öz ünvanına çatırmı? Xüsusən, Azərbaycanda yığılan dini vergilər kimlərə verilir? Niyə imkanlı soydaşlarımız bu ayda müsəlman qardaşlarına yardım etməkdən yayınırlar?

İslam dininin müqəddəs kitabında daha çox zəkat sözünə rast gəlmək mümkündür. Tarixi mənbələr göstərir ki, xəlifələr zamanında zəkatın toplanması və xərclənməsi dövlətin vəzifəsi olub. Müasir islam dünyasında dini vergiləri ödəmək fərdlərin öz öhdəsinə buraxılıb. Şəriətə ciddi riayət olunan ölkələr istisna olmaqla. Məsələn, Səudiyyə Ərəbistanında bu işlə dövlət məşğul olur. Dini vergilər imam tərəfdarları, qızılbaş şiələr - isna aşarilər arasından seçilən və İmam Mehdinin nümayəndəsi kimi çixiş edən üləma (alimlər) tərəfindən yığılır və paylanır. Şiə məzhəbindən olanlar əlavə olaraq var-dövlətin, eləcə də gəlirin beşdəbiri qədər vergi, yəni xüms toplayırlar. Xüms də 12-ci imama - İmam Mehdiyə və onun nümayəndələrinə çatmalıdır. Bu vergi imamların mənfəəti, o cümlədən yetimlər, yoxsullar və müsafir olanlar üçün xərclənməlidir. Xüms haqqında "Quran"ın "Ənfal" surəsinin 41-ci ayəsində danışılır. Həmin ayədə deyilir: "Əgər siz Allaha və (haqla batilin) ayırd edildiyi gün - iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir". Sünni məzhəbindən olan müsəlmanlar ayədəki "qənimətlər" sözünün təkcə müharibəyə aid olduğuna inanırlar və sülh şəraitində xüms yığmırlar. Onlara görə, xüms yalnız müharibədə əldə edilən qənimətlərə şamil olunmalıdır. Sünnilər daha çox zəkatın yığılmasına diqqət yetirirlər. Şiə məzhəbindən olanların zəkata münasibəti isə sünnilərdən onunla fərqlənir ki, onlar zəkatı yalnız mal-qara (dəvə, inək, qoyun və keci), gümüş, qızıl, xurma, kişmiş, buğda və arpaya şamil edirlər. Sünnilərdə zəkat qazanılmış mənfəətin qırxdabir qədəri hesab olunur. Azərbaycanda həm sünni, həm də şiə məzhəbindən olan insanlar yaşadığına görə həm zəkat, həm də xüms yığılır. Azərbaycan dünyəvi dövlət olduğundan hökumət dini vergilərin toplanmasına nəzarət etmir. Heç dini qurumlar, dini təşkilatlar da belə nəzarət həyata keçirmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi ondan ibarətdir ki, dini vergilər şəxsi məsələ olduğuna görə bu məsələyə müdaxilə edilmir. Yəni, dini vergilər şəri məsələdir və şəriət qaydaları əsasında tənzimlənir. Üstəlik Dövlət komitəsinin də bu məsələlərə birbaşa müdaxiləsi qanunla nəzərdə tutulmayıb. Məhz bunun nəticəsidir ki, dini vergilər bəzi yerli dini simaların əlində cəmlənir, yaxud, yığılıb xaricdəki üləmalara göndərilir. İlahiyyatçı Nəriman Adışov bildirib ki, dini vergilərin yığılması şəriətdə Məhəmməd peyğəmbərin sünnəsi ilə bağlanır. Lakin Quranda bu vergilərin miqdarının dəqiq rəqəmləri göstərilməyib, onun fəlsəfəsindən bəhs edilib, bunun həyata keçirilməsinin bünövrəsi qoyulub. Quranda zəkat barədə əmr verilir ki, zəkat verin və zəkat verənlər təriflənir. Onun sözlərinə görə, dini vergilərin əsas əhəmiyyəti ilk növbədə kasıblığın aradan qaldırılmasıdır: "Kasıblığın, miskinliyin, səfil həyat tərzi sürən insanların yaşamına yardım etmək. Var-dövlətli şəxsin xüms və zəkatı da külli miqdarda olur. Onu bir neçə hissəyə bölüb hər kasıb ailəyə versə, bəlkə də 100-150 ailənin yaşamına yardım etmək mümkün olar. Təəssüf ki, dini vergilər lazımi yerlərə sərf olunmur. Bəzən misal çəkirlər ki, islam tarixində hətta xüms və zəkatı verməyə adam tapılmayan vaxtlar olub. Yəni belə hallara tam dəqiqliyi ilə riayət olunub. Həm də bu bir vicdan məsələsidir. Əgər mən xüms, zəkat almalı deyiləmsə, bunu götürməməliyəm. Yəni mənim maddi durumum ağır deyilsə, buna mənim vicdanım yol verməməlidir. Bunu haqqı çatan adamlar qəbul etməlidir. İslamda zəkatın, xümsün toplanmasının fəlsəfəsi vicdanlı cəmiyyət yaratmaqdan ibarətdir". İlahiyyatçı əlavə edib ki, islam dinində məcburiyyət yoxdur: "Kimsəni məcbur edib var-dövlətinə görə ondan vergi almaq mümkün deyil. İnsan halal yolla istədiyi qədər qazana bilər. Yetər ki, halal yolla qazansın və heç kəsin haqqını qəsb etməsin. Həmçinin kəsi məcbur etmək olmaz ki, küçədə dilənən dilənçiyə pul verməlisən". Məlumat üçün qeyd edək ki, ölkədə yığılan xums və zəkatlar ruhanilərin məsləhət bildikləri sahələrə xərclənir. Əslində isə dini vergilər xeyriyyə məqsədi ilə xərclənməli, yoxsul insanlara verilməlidir. Bundan əlavə, dinin təbliğ olunmasına və dini ədəbiyyatların yayılmasına sərf edilə bilər, yaxud dini təhsil alan tələbələrə verilə bilər. İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Ramazan ayı sadəcə hər bir müsəlmanın öz dini öhdəliklərini yerinə yetirməsi, Allaha daha yaxın olması və ya sağlamlıq baxımdan deyil, eləcə də vəsaitləri rasional xərclənməsi aspektindən əhəmiyyətlidir: "Ramazan ayı imkanlı insanlara məhz maliyyə baxımdan imkansızların vəziyyətini daha yaxından hiss etməyə və yaşamağa imkan verir. ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınması üçün xərcləyirlər. Bu rəqəm uyğun olaraq, Fransada 10,2 və 4.2, Yaponiyada 19,8 və 5,9, Almaniyada isə 9,3 və 3.9 milyard dollardır. Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər. Bununla yanaşı, dünyada gündəlik gəliri 1.25 dollardan az olan 1 milyard insan kəski yoxsulluq həddində yaşayır. 783 milyon insan isə hətta içməli su tapa bilmirlər. İnkişaf etmiş ölkələrdə bir xanım həyatı boyunca sadəcə kosmetik məhsulların alınması üçün 30 min dollardan çox pul xərclədiyi halda, Afrikanın və Asiyanın bəzi ölkələrində uşaqlar qida çatışmazlığından dünyalarını dəyişirlər. Qiymətləndirmələr göstərir ki, qənaət yolu ilə kosmetikaya xərclənən vəsaiti 2 dəfə azaltmaqla dünyada yoxsulluq səviyyəsində yaşayan insanların sayını ən azı 30 fazi azaltmaq mümkündür. Deməli, dünyada bir tərəfdə 100 milyardlarla vəsaiti kosmetikaya xərcləyən imkanlı şəxslər, başqa tərəfdə isə gündəlik adi su və çörək tapa bilməyən və sayı milyarddan az olmayan insanlar var. Ramazan ayı məhz dünyadakı bu qeyri-bərabərliyi hiss etməyə, kasıbların yanında olmağa təşviq edir". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00