Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
8 İyun 2016 12:25 Sosial"Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır"
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır.
Qeyd edək ki, bərəkətli, məhsuldar və böyük torpaq resurslarına, zəngin iqlimə, Günəşli hava şəraitinə, bolsulu çaylara, qarlı dağlara malik Azərbaycanın iqtisadi potensialının 50 faizdən çoxu regionlarda yerləşir və ölkə əhalisinin 47 faizi bölgələrdə yaşayır. Bu səbəbdən də güclü region güclü iqtisadiyyat, ölkə iqtisadiyyatının dayağı və inkişafı sayıldığı üçün bölgələri inkişaf etdirmək məqsədilə kiçik və orta sahibkarlığın dirçəldilməsi həmişə aktual məsələlərdən biri olub. Məhz buna görə də Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən bu günədək sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsi, regionların inkişaf etdirilməsi, bölgələrdə yeni istehsal və sənaye müəssisələrinin yaradılması, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafının daha da sürətləndirilməsi, bazarların bol və keyfiyyətli məhsullarla təminatı, bolluğun və ucuzluğun yaradılması, eləcə də digər önəmli işlərin görülməsi üçün sahibkarlığın inkişafı strategiyası həyata keçirilir. Xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət məhz sahibkarlığın inkişafını təmin etmək üçün yerli istehsal və sosial infrastrukturun yaradılmasına, güzəştli kreditlərin ayrılmasına, yerli və xarici investorların ölkəyə, xüsusən regionlara cəlb olunmasına və digər mühüm istiqamətlərə yönəlib. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır. Belə ki, ölkə prezidentinin imzaladığı fərmanlarda, onun təsdiq etdiyi iqtisadi siyasət sənədlərində yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirildiyindən ölkəmizdə formalaşan sahibkarlar təbəqəsinin sırası ilbəil genişlənir və özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artır. Məhz İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu günədək minlərlə kiçik müəssisə, xarici firmalarla birlikdə çoxsaylı müştərək müəssisə, sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olaraq regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş dövlət proqramları çərçivəsində bölgələrdə orta və kiçik sahibkarlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər görülüb. Məsələn, iəkcə 2004-2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dovlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2004-2013-cü illərdə ölkə üzrə 55 min 615 yeni müəssisə yaradılıb və onlardan 22 min 159-u bölgələrdədir.
Qeyd edək ki, sahibkarlığın inkişafı təkcə iqtisadiyyata deyil, əhalinin sosial rifahına da müsbət təsir edir. Hər yaradılan müəssisə, fabrik, zavod və digər emal-istehsal obyektləri onlarla, yüzlərlə iş yerinin açılması ilə nəticələnir. Məhz 2003-2013-cü illərdə ölkəmizdə işsizliyin səviyyəsinin 5 faiz həddinə enməsində, 1,3 milyon yeni iş yerinin açılmasında çoxsaylı sahibkarlıq müəssisələrinin yaradılması, özəl sektorun inkişafı, sahibkarlığa göstərilən diqqət və dövlət dəstəyi böyük rol oynayıb. Görülmüş işlərin nəticəsidir ki, təkcə 2015-ci ildə Azərbaycanda sahibkarlıq subyektlərinin
sayı 10,2 faiz artaraq 677,231 minə çatıb, ölkədə istehsal edilən ümumdaxili məhsulun 81,2 faizi, məşğulluqda isə 74 faizi özəl bölmənin payına düşüb.
Vurğulayaq ki, özəl sektorun inkişafı məqsədilə dövlətin müəyyənləşdirdiyi prioritetlər arasında sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və digər strukturların yaradalımasının davam etdirilməsi, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar ölkə prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara daha böyük dəstəyin verilməsi üçün atılan çox önəmli addımlardan biri də sahibkarlığın inkişafına mənfi təsir edən süni maneələrin və bürokratik əngəllərin aradan qaldırılması istiqamətində dövlət başçısının verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ildə 2 il müddətinə sahibkarlıq sahəsində əsassız yoxlamaların aparılmasının dayandırılması olub. Bunun nəticəsidir ki, ötən ilin 1-ci rübündə sahibkarlıq subyektlərində 19 min 300 yoxlama keçiridiyi halda, bu ilin 1-ci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. Bundan əlavə, Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə ticarət, ictimai iaşə, mülki tikinti sahələrində sahibkarların fəaliyyəti üçün sadələşdirilmiş vergi rejiminin tətbiqinə 2016-cı il yanvarın 1-dən başlanılıb. Ötən il sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsinə, həmçinin "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb. Lisenziyalaşdırma sisteminin tətbiqindən sonra 946-sı 2016-cı ilin 1-ci rübündə olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 1344 lisenziya verilib. Hazırda "Elektron lisenziya" portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir və sözügedən portal istifadəyə verildikdən sonra lisenziyaların və icazələrin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq. Qeyd edək ki, milli iqtisadiyyatın tərəqqisi üçün sahibkarlıq resurslarının inkişafının təmin edilməsi və onlardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb etdiyi üçün dövlət müxtəlif vasitələrlə sahibkarlığın inkişafını stimullaşdırır. Bu baxımdan Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə təkcə 2015-ci ildə sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə verilən kreditin məbləği 1 milyard 15 milyon, o cümlədən SKMF üzrə 945 milyon, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70 milyon manat təşkil edib. Ötən il həmin mənbələrdən və dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 248,5 milyon manat məbləğində güzəştli kredit verilib. Bu kreditlərin 64 faizi regionların, 36 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşüb. Sözügedən kreditlər hesabına 12 min 600 yeni iş yerinin açılması üçün şərait yaradılıb. Bundan əlavə, 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycanda 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. 2016-cı ildə də sahibkarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də sahibkarlığın inkişafında İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən aparılan maarifləndirici tədbirlər də əhəmiyyətli rol oynayır. Belə ki, adıçəkilən nazirliyin "Sahibkarlara Dəstək" Məlumat səhifəsi (sahibkar.economy.gov.az) yaradılıb. Məlumat
səhifəsində yerləşdirilən yeni informasiya və məlumatlar qeydiyyatdan keçmiş 1600-dən artıq sahibkara elektron qaydada dərhal göndərilir. Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2016-cı ilin 1-ci rübü ərzində 20 treninq, seminar, dəyirmi masa və sair keçirilib və maarifləndirici tədbirlər davam etdirilir. Digər tərəfdən, dövlət başçısının imzaladığı "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərman Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çünki investisiya təşviqi sənədinin verilməsi sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına, o cümlədən regionlara yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdıracaq. Xatırladaq ki, investisiya təşviqi sənədinin verilməsi qaydalarının layihəsi artıq hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Əlavə edək ki, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Həmin şuranın iclasları keçirilib, şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları, şikayətlərə baxılması reqlamenti təsdiq edilib. Hazırda sahibkarların Apellyasiya Şurasına daxil olmuş müraciətləri araşdırılır. Sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, daha əlverişli biznes mühitinin yaradılması üçün beynəlxalq təşkilatların tövsiyəsinə uyğun olaraq işlər davam etdirilir.
Yuxarıda sadaladığımız faktlar onu göstərir ki, dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında, eləcə də "Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində icrası nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, həmçinin sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətlənəcək, ölkə əhalisinin həyat səviyyəsi daha da yüksələcək.
Nahid Canbaxışlı
Vətəninfo.az İnformasiya Agentliyinin
Baş redaktoru
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir