Toyxanaların “nəfəsi kəsiləcək”...
Bizim də bir ay vaxtımız var
8 İyun 2016 12:22 SosialGözəllik və bərəkət, iradə və dözümlülük, həmçinin də təmiz vicdan və sevgi aşılayan Ramazan ayı gəldi. Müsəlmanlar 30 gün oruc tutacaq, gözəl əməlləri ilə Allaha daha da yaxın olacaqlar. Dedi-qodudan, qeybətdən, digər pis əməllərdən uzaq olmağa çalışanlar oruc tutmaqla mədə aclığına mənəviyyat toxluğu ilə qalib gələcəklər. İmanlı, insaflı adamlar orucluqda tələb olunan bir çox qadağalardan uzaq duracaqlar. Nə gözəl! Bir də... ölkədə fəaliyyət göstərən çadlıq saraylarındakı toy çal-çağırının 30 gün səsi gəlməyəcək. Xüsusilə son iki həftədə az qala hər gün toya gedən insanlar rahat nəfəs alacaq, toyxanaların isə "nəfəsi kəsiləcək".
Orucluq ayının çoxlu sayda fəzilətini xırdalamadan, eləcə də toyun nə olduğunu, hansı zərurətdən yarandığını, mənəvi xeyrini, ruhi dincliyini, bu mərasimin digər gözəl tərəflərini yazmadan birbaşa onun maddi və mənəvi zərbəsindən söz açmaq istəyirəm. İllər öncə mətbuatda dünyanın ən dəbdəbəli toylarının siyahısını oxumuşdum. 2009-cu ildə keçirilən hansısa məşhur cütlüyün toya xərclədiyi pulun miqdarı belə idi: 4 milyon dollar. Reytinq cədvəlinin sonrakı iki rəqəmini də xatırlayıram: 3 milyon 500 min və 3 milyon 200 min dollar. Sadə insanlar üçün fantastik görünən bu rəqəmlər xarici ölkələrdə yaşayan məşhurların (adlarını unutmuşam) "uf" demədən toy üçün xərclədikləri məbləğdir. Bunun üstünə 800-1000 nəfərlik siyahını, saysız-hesabsız yemək çeşidini, hündürlüyü 1-2 metrə çatan tortu, göz qamaşdıran atəşfəşanlğı da əlavə etsəm, o toyların ənadazəsini təsəvvür etmək çətin olmaz. "Bu faktın bizə dəxli yoxdu, özləri bilər" deyib keçmək də olar. Amma ilk baxışda bizim üçün əhəmiyyətsiz görünən belə toyların bəzən birbaşa təsiri özünü göstərir. Azərbaycanlılar bundan pis örnək götürüb o cür toy etməyə çalışırlar. Hətta xarici ölkədə, daha dəqiqini desəm, gedib Türkiyədə toy edənlər, toya yarım milyona qədər pul xərcləyənlər yox deyil. Bunun adı nədi? Harınlıqdı, görməmişlikdi, yoxsa daha nədi bilmirəm...
Məşhur filmdə deyildiyi kimi, elimizin toy kimi gözəl adəti var. Amma həmin gözəl adət bu gün öz formasını itirərək sosial bəlaya çevrilib. Pulu çox olanlar dəbədəbəli toy edirlər, kasıbların əli o cür toya çatmır, ortabablar isə bir-biri ilə bəhsə girirlər ki, başqasından dala qalmasın. Əslində bu toy biznesidi və həmin alverdə iri şəbəkə fəailyyyət göstərir. Bu şəbəkənin əsas dayaqları toyda oxumaq üçün 10-15 min manata gələn müğənnilər və şadlıq saraylarıdı. Bəy-gəlin avtomobolini və icarəyə götürülən gəlinlik paltarını da bu şəbəkəyə daxil etmək olar. Toy biznesində qazananlar və itirənlər olur. Qazanan kimdi, itirən kimdi?
Ən böyük qazanc adını çəkdiyim şəbəkədi, itirən isə toy sahibindən çox toya gələn qonaqlardı. Əvvəla deyim ki, sadlıq evləri, sözün həqiqi mənasında, soyğunçuluqla məşğuldur. Qiymətlər həddən artıq bahadı. Toy sahibinin qarşısında şərt qoyurlar: bundan aşağı olmaz. Dünyanın hansı ölkəsində süfrəyə 25- 30 növ yemək qoyulur? Toy sahibi bunların ixtisar edilməsini tələb etsə də mümkün olmur. Sahibkar deyir ki, uzaqbaşı 2-3 salatı menyüdən çıxara bilərəm, yesən
də budu, yeməsən də. Təbii ki, bu da nə süfərəyə xələl gətirir, nə də restoran sahibinin biznesinə. Şişirdilmiş menyü toya gələnin cibinə girib onu soymağın ən vicdansız formasıdı. Çünki toya dəvət olunan adam biləndə ki, bir stolun qiyməti 50 manatdan yuxarı, hətta 100-150 manatdı, o da toy sahibinin yanında xəcalətli qalmasın deyə həmin məbləği verir. Bütövlükdə toy biznesinin arxasında kim durur, onu kim idarə edir? Bildiyimiz iş adamları, yoxsa dövlət qulluqçuları olan məmurlar? Qazanılan milyonlarla manatdan dövlətə vergi ödənilirmi? Cavabı həm aydın, həm də cətin olan suallardı. Bu gün elə vəziyyət yaranıb ki, insanlar toya çağırılmağı az qala faciə kimi qarşılayırlar. Çünki onlar toy biznesinin qurduğu şəbəkə qarşısında itirən tərəflərdi. Qazanılan milyonlar toyda iştirak edən qonağın kisəsindən çıxardılır...
Bütün bunlar toylarımızın pərdə arxasıdı. Bu, həllini bizim edə bilməyəcəyim inteqraldı - məsələdi. Amma toyun görünən hissəsində olan məsələlər var ki, o birbaşa toy sahibinə, toyda iştirak edən qonaqlara aiddi. Əvvəla, toylar çox səsli-küylü olur. Yaşlı adamların bu səsdə əsəbləri tarıma çəkilir. Demək olar ki, rəqs mədəniyyəti, misiqi etikası bu səs-küyün içində yox olur. Bir neçə il əvvələ qədər toylarda aparıcı - tamada olurdu. O, toyu idarə edir, musiqilərin səsləndirilməsini nəzarətdə saxlayır, rəqslərin bir-birinə qarışmasına yol vermirdi. İndi bu yoxdu, ona görə də bir çox hallarda 300-500 nəfərlik toy şənliyi idarə olunmaqdan çıxır, hər kəs meydanda öz bildiyini edir. Rəqs edənlərlə musiqiçilər arasındakı tarazlığın ölçüsü bilinmir. Hamı topa şəklində ortaya çıxır, rəqs zamanı bir-birinə mane olur. Vaxtilə isveçrəli Andreas Qross ASPA-nın Azərbaycan üzrə həmməruzəçisi kimi fəaliyyət göstərəndə ondan ölkəmizdə nəyə təəccübləndiyini, nəyi bəyənmədiyini soruşduqda toylarımızdakı rəqslərdən söz açaraq, insanların qadınlı-kişili bir-birinə qarışaraq necə gəldi oynamaqlarına heyrətləndiyini söyləmişdi.
İkincisi, bir çox hallarda milli musiqiyə, qədim musiqi alətlərinə üstünlük verilmir. Bu, bəylə gəlinin zala daxil olmasından tutmuş toyun sonunda səslənən disko rəqslərə qədər özünü büruzə verir. "Vağzalı" rəqsi Azərbaycan xalqının ən qədim, ən lirik, ən gözəl milli rəqsidi. Rəqsin kökü XVI əsr Qaraqoyunlu qəbiləsinə gedib çıxır. Bu gün el arasında "gəlin havası" deyilən bu melodiyanın Mendelsonun "Toy marşı" ilə əvəz edilməsində hansı məntiq var? Nikah mərasimi də "Toy marşı"nın sədaları altında olur ki, bu da son nəticədə milli ənənələrimizin üstündən xətt çəkilib mənəviyyat tariximizdən silinməsinə səbəb olur. Bəzən müğənninin oxuması başdansovdu, "yola verdi" kimi bir təəssürat yaradır. Biz toya yemək üçün yox, şənlənmək, zövq almaq üçün gedirik. Amma şadlıq evlərindəki akustika normaya uyğun olmadığına görə evə dönəndə çox yorğun oluruq, sanki orda olduğumuz müddətdə heç oturmamışıq, daş daşımışıq, yaxud da qapıdan girəndən-çıxana kimi oynamışıq. Bu da ondan irəli gəlir ki, ucadan səsləndirilən musiqi adamı gərgin vəziyyətdə saxlayır.
Bu gün zaman başqa, tələblər ayrıdı. Zövqlər dəyişkən, baxışlar müxtəlifdi. Heç kimi məcbur etmək olmaz ki, toy şənliyini, məsələn, 30 il əvvəlin tərtibatı ilə etsin. Hərçənd o vaxtlar daha gözəl, daha elitar toylar olurdu. Təbii ki, dövrün tələbinə uyğun olaraq müasirliyə də yer vermək lazımdı. Amma bu müasirlik milli zəmin üzərində olmalıdır, hətta 30-40 il əvvəlin toy mərasimindəki gözəl bir elementi tətbiq etmək çox yaxşı effekt verər. Məsələn, son illərə kimi
xınayaxdı mərasimi unudulmuşdu. Nə xoş ki, indi xınayaxdı qayıdıb, həm də özünün milliliyi ilə. Sadəcə bəzi məqamlar dəyişib ki, o da dövrlə ayaqlaşmaq üçündür.
Son vaxtlar daha bir ənənə də yaranıb. Toyun müəyyən bir mərhələsində bəylə gəlinin əvvəlcədən hazırlanmış foto - slaydı nümayiş olunur. Bu, xoşagələn effekt vermir: ordakı açıq-saçıq şəkillər, qaçdı-tutdu, öpüş səhnələri və s. Bəzən də bəyin və gəlinin bu günə qədər keçdikləri həyat yolunu özündə əks etdirən şəkilləri nümayiş etdirilir. Gənclərlə ünsiyyəti olmayan qonaqlar bu slayd vasitəsi ilə səbəbkarla yaxından tanış olurlar.
Ailə millətin özünütəsdiqidir. Nikah ailənin rəsmi tərəfidirsə, toy onun mənəviyyat ölçüsüdür. Toy şənliyini elə təşkil etməliyik ki, bir ömür yaddaşımıza hopsun - həm xoş xatirələri, həm də xoş məqamları ilə. Yuxarıda sadaladığım problemlər əvvəla ona görədir ki, toy biznesinə dövlət səviyyəsində nəzarət yoxdu. İkincisi də insanlar özləri problemin həllində maraqlı deyillər, bu məsələyə etinasız yanaşaraq əhəmiyyətsiz bir iş kimi yola verirlər. Nəticədə də toyun fəsadları bir ay, beş ay, bir il sonra özünü ailədə göstərməyə başlayır.
Bəlkə bu Ramazan ayında, toyların səngiyən vaxtında bir balaca düşünək - həm biz, həm də dövlət. Biz rahat nəfəs aldığımız bu günlərdə özümüzü yığışdırmağın, "ayağımızı yorğanımıza görə uzatmağın", dəbdəbəyə uyub israfçılıqdan çəkinməyin yollarını götür-qoy edək. Dövlət isə elə bir bir mexanizm işləyib hazırlasın ki, toy biznesindəki şəbəkə daha da genişlənməsin. Yoxsa toy mövzusu köhnəlməyəcək, hər zaman gündəlikdə qalacaq.
Hələ bir ay vaxtımız var...
Züleyxa Nadir