Uşaqların yay tətilini niyə səmərəli təşkil edə bilmirik?
Bu, uşaqların əxlaqi və estetik tərbiyəsində mühüm amildir
8 İyun 2016 12:16 SosialDünyanın sivil ölkələri arasında ən uzun yay tətilinin Azərbaycanda olduğunu nəzərə alsaq uşaqların bu vaxtdan səmərəli istifadə məsələsinin əhəmiyyəti artmış olur. Ancaq fakt odur ki, hazırki şəraitdə məktəblilərin yay tətəilnin səmərəli təşkili müşkül məsələyə çevrilib. Bir tərəfdən əksər valideyinlərin buna maddi imkanı çatmır, digər tərəfdən isə məktəblilərin yay tətilini təşkil etməyi öhdəsinə götürən dövlət qurumları yox dərəcəsindədir. Yaxud da bir həftəlik istirahət üçün müəyyən edilmiş qiymətlər valideyinlərin cibinə uyğun deyil. Elə bu səbədən də məktəblillərin, yetişməkdə olan gənc nəslin asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkil məsələsi son illər yenidən ən vacib məsələlərdən biri kimi ortaya çıxıb. Hətta, bu məsələnin qanunvericilik yolu ilə tənzimlənməsi məsələsi də gündəmə gəlib. Daha dəqiq Milli Məclisin əmək və sosial siyasət komitəsi məktəblilərin yay tətili ilə bağlı yaranan münasibətləri tənzimləyən qanunvericilik aktının ilkin variantının müzakirəsini də aparıb. Lakin, nədənsə indiyə qədər sözügedən sənədin qəbuluna nail olunmayıb. Qanunvericilik aktının hazırlanmasının təşəbbüskarı olan komitə sədri Hadi Rəcəbli qeyd edib ki, belə bir sənədin hazırlanması cəmiyyətdən gələn bir sifarişdir: "Uşaqların, orta məktəb şagirdlərinin təhsildən kənar, o cümlədən, asudə vaxtlarının və istirahətlərinin daha səmərəli təşkil olunması üçün bu məsələni tənzimləyəcək ayrıca qanunvericilik aktının hazırlanması və qəbuluna ehtiyac var. Odur ki, bu məsələ ilə bağlı müvafiq qanun layihəsinin ilkin variantı da hazırlanıb və bununla bağlı komitə çərçivəsində müzakirələr də aparılıb. Müzakirələr zamanı da bir daha belə bir sənədin olmasının vacibliyini vurğulanıb. Sadəcə, qanun layihəsi maliyyə tutumlu olduğu üçün onunla bağlı dəqiqləşdirmələrin aparılması zərurəti ortaya çıxıb və çox güman ki, aidiyyatı qurumların, xüsusən də, Maliyyə Nazirliyinin xeyir-duasından sonra bu məsələ nəhayət, öz müsbət həllini tapa bilər". Onun sözlərinə görə, bu məsələdə önəmli məqamlardan biri də yetişməkdə olan nəslin dünyagörüşü, onların ölkənin bölgələri, yerli adət-ənənələri, xüsusiyyətləri ilə tanışlığı, onları mənimsəyərək, əxz edərək yayması, o cümlədən, onlarda turzim təfəkkürün formalaşdırılması məsələsidir: "Təsadüfi deyil ki, son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilməsi, ölkəyə turistlərin cəlb olunması istiqmətində ciddi işlər görülür. Heç şübhəsiz bu məsələyə, turzimin inkişafına töhfə olacaq məqamlardan biri də yeni nəsildə turizm təfəkkürün, turzim mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda, 28 ildən bəri davam Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin, reallıqlarınının dünyaya olduğu kimi yayılması çox önəmli məqamlardandır. Bəzən təəssüflər olsun ki, nəinki ölkəmizin hüdudlarından kənarda olanlar deyil, heç ölkədə yaşayanlar, xüsusilə, 90-cı illərdən bu yana dünyaya gələnlər də Azərbaycan həqiqətləri, reallıqları, tariximiz, milli adət-ənənələrimizlə ilə bir çox məsələləri bilmirlər. Və yaxud da, yumşaq şəkildə desək, düzgün anlayışları, təsəvvürləri yoxdur və ya çox bəsit şəkildə fikirlərini izah edirlər ki, bu da yolverilməz və qəbuledilməzdir. Ona görə də orta məktəb yaşlı yeniyetmələrimizin, gələcəyimiz adlandırdığımız gənc nəslin daha hazırlıqlı, daha dünyagörüşlü vətəndaşlar kimi yetişdirilməsi üçün onların dərsdən kənar, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili, onların bölgələrə tanışlıq səfərlərinin təmini üçün ciddi addımlar atılmasına zəruri ehtiyac var". Təbii ki, bu məsələdə də təbii ki, işin əsas ağıırlıq yükü Təhsil Nazirliyinin üzərinə düşür. Qurumdan bildirilib ki, məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə nazirlik tərəfindən respublika üzrə bütün təhsil müəssisələrini əhatə edən yaradıcılıq istiqamətli müsabiqələri, sərgilər, konsert və festivallar, müxtəlif səviyyəli idman yarışları, turnirlər, çempionatlar, ekoloji biliklərin artırılması və sağlam həyat tərzinin geniş təbliği, ölkəmizin milli-mədəni dəyərləri ilə tanışlıq, ümumi dünyagörüşü və intellektual səviyyəsinin artırılması üçün bir sıra işlər görülür. Artıq iki ildir mayın 18-i "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən "Məktəblilərin muzeylər həftəsi" təşkil edilir. Daha bir kütləvi proqram "Yaşıl Şəbəkə" ekoloji maarifləndirmə proqramıdır ki, bu proqram məktəblilərin ekoloji biliklərinin genşləndirilməsi, onların əraf mühitin mühafizəsi məsələlərinə aktiv cəlb olunması, ekoloji təmiz məhsulun alınması və aqrobomüxtəliflik sahəsinə respublika üzrə məktəblilərin cəlb olunması, paytaxt və regionalarda təhsil müəssisələrinin həyətlərində yaşıllaşdırma və abadlaşdırma işlərinin təşkili, seminar, forum və konfranslar, ekoerudit və digər müsabiqələr şəklində gerçəkləşdirilir. Təhsil ekspertləri hesab edirlər ki, toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə hansısa müvəffəqiyyətlər əldə etmək olar. Ancaq şagirdin fiziki-əqli inkişafı onun yalnız dərs oxumasından asılı deyil. Hazırda ən böyük problem şagirdlərin asudə vaxtının təşkili məsələsidir. Keyfiyyətli təhsil üçün ilk öncə şagirdin səmərəli istirahətini təşkil etmək lazımdır. Çünki, yay tətili zamanı uşaqlar və gənclər bir qədər dincələrək yeni dərs ili üçün enerji toplayırlar. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda təşkiil edilən yay məktəblərinin qiyməti kifayət qədər baha olduğundan əksər uşaqlar bundad yararlanmaq imkanından məhrumdurlar. Psixoloqlar isə hesab edirlər ki, yay tətili günlərini səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Təəssüf ki, bir çox ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir. Ümumiyyətlə uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, sters və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil, istirahət valideyn üçün böyük fürsət, yaxşı imkandır. Uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır.Tətil günləri bu cür müsbət hisslərə, əhval - ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər.
Alim