“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi keçirilir

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən "Yaşıl şəbəkə" ekoloji maarifləndirmə proqramı çərçivəsində "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin Respublika müsabiqəsi davam edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə,"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Etno-Ekoloji Mərkəzdə "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin Respublika müsabiqəsinin Bakı zona mərhələsi keçirilib. Bu mərhələdə Bakı şəhəri ilə yanaşı, ətraf rayonlardan da məktəblilər iştirak ediblər. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən müsabiqə aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, bilik və bacarıqlarını genişləndirmək məqsədilə təşkil edilib. Müsabiqə iki mərhələ və 9 nominasiya üzrə keçirilir. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00