“Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirilib

İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə "Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar" mövzusunda elmi konfrans keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, UNEC-də keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətin elm və təhsilə qayğısından söz açan akademik, prezident İlham Əliyevin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışladığını bildirib. AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, EA-nın müxbir üzvü Nərgiz Axundova "İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti" mövzusunda danışıb. Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00