Valideynlik hüququndan məhrum etmə halları

Asif Abdullayev: “Həm ata, həm də ana valideynlik hüququndan məhrum edilə bilər”

Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də boşanma hallarının artması ilə bağlıdır. Təssüflər olsun ki, bir çox hallarda ailə qısa müddət ərzində dağılır. Bunun əsas səbəblərdən biri kimi bəzi hallarda valideynlərin ailə quracaq şəxslərə təkid etməsidirsə, digər bir səbəb isə valideynin razılığı olmadan ailə həyatının qurulmasıdır. Eyni zamanda erkən nikah problemi də nəticədə yeni qurulan ailənin dağılmasına gətirib çıxarır. Rəsmi statistik məlumatlara görə, təkcə keçən il 68 985 nikah qeydə alınıb. Bunun qarşılığnda isə nikahın pozulması üzrə 12 886 fakt müəyyən edilib. Maraqlıdır ki, boşanma halları zamanı tərəflər daha çox xasiyyətlərin uyğunsuzluğunu əsas gətirir ki, bu da yuxarıda qeyd etdiyimiz kimi ailə quran tərəflərin buna valideynlərin təkidi ilə getməsidir. Təkcə 2015-ci ildə Azərbaycanda xasiyyətlərin uyğunsuzluğu səbəbindən boşanmaların sayı 7318 olub. Ailə daxili zorakılıq səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb. Bu bir danılmaz faktdır ki, ailənin dağılması, boşanma halları zamanı ən ciddi zərbəni ailədə olan uşaqlar alır. Boşanan tərəflərin ümumi razılığa gəlməməsi, uşağın gələcək taleyi, onun hansı tərəfdə qalması məsələsi istər-istəmıəz uşaqların psixologiyasına, hətta onların gələcək həyatına da təsirsiz ötüşmür. Əksər hallarda nikah müqaviləsini pozan tərəflər övlad məsələsində ümumi razılığa gələ bilmədiyi üçün bu məsələ məhkəmə predmetinə çevrilir. Məhkəmə müddətində isə hər iki tərəf övladın onda qalması üçün özünə sağlam dəlillər topalamağa çalışır. Bir çox hallarda məhkəmənin çıxardığı qərar isə tərəflərdən birini qane etmir. Yaxud məhkəmə qərarına məhəl qoymayan bir tərəf uşağın qarşı tərəflə görüşünə məhdudiyyətlər qoyur. Bu zaman o, özü də bilmədən uşağı üçün ağır zərbə vurmuş olur. Bəs görəsən nikah müqaviləsinin pozulması zamanı sözügedən məsələ hüquqi müstəvidə necə həllini tapır və tərəflər hansı öhdəlikləri öz üzərinlərinə götürürlər? Eləcə də məhkəmə hansı halda uşağın bir tərəfdə qalmasını təmin edərək qarşı tərəfi valideynlık hüququndan məhrum edə bilər?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, valideynlik hüququndan məhrum etmə məhkəmə qaydasında aparılır. Valideynlik hüququndan həm ata, həm də ana məhrum edilə bilər və bu bir sıra hallarda mümkün ola bilər. Asif Abdullayevin sözlərinə görə, valideynin öz valideynlik vəzifələrini yerinə yetirmədikdə belə bir qərar qəbul olunması mümkündür: "Misal üçün, övladın tərbiyəsində iştirak etmədikdə, ona qayğı göstərmədikdə və s. Yaxud, alimenti qəsdən ödəmədikdə. Bunun üçünsə alimentin qəsdən ödənilməməsi sübut edilməlidir. Eyni zamanda alimentin ödənilməməsi səbəbləri araşdırılmasıdır". Vəkil bildirib ki, valideynin işsiz olması, xəstə olması və s. özündən asılı olmayan üzrlü səbəblərdən aliment ödəməməsi, onun valideynlik hüququndan məhrum edilməsinə əsas ola bilməz: "Həmçinin heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə olunduqda da anoloji qərar qəbul oluna bilər. Xüsusilə, valideyn uşağdan gəlir qazanmaq üçün istifadə etdikdə onun valideynlik hüququqndan məhrum edilməsi mümkündür. Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərin törətdilməsi də bu sıraya aiddir. Məişət zorakılığı dedikdə - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, ailə üzvlərinin (və ya keçmiş) birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Valideyn xroniki alkoqol və narkomaniya xəstəsidirsə anoloji addım atılır. Ancaq bu zaman valideynin xroniki alkoqol və ya narkomaniya xəstəliyinə tutulması tibbi sənədlərlə təsdiq edilməlidir. Həmçinin uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə. Bu halda, valideynin təqsirli olaraq qəsdən cinayət törətməsi qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilməlidir". Asif Abdullayev qeyd edib ki, valideynlik hüquqlarından məhrum edilmiş valideyn uşağa münasibətdə bütün qohumluq hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər: "Ancaq valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Bu sıraya aliment ödəmək də daxildir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00