Səlim Müslümov: “Ölkəmizdə uşaq doğumunda gender disproporsiyası mövcuddur”
7 İyun 2016 12:32 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüş olub. "Olaylar"ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində respublikada əldə olunan dayanıqlı inkişafın ölkədə demoqrafiya və əhali sakinliyi sahəsində də müsbət proseslərə şərait yaratdığını vurğulayıb: "Əhalinin sabit artım tempinə malik olan Azərbaycanda ötən il respublika əhalisinin sayı 112,6 min nəfər, cari ilin ilk rübündə isə 24,9 min nəfər artaraq aprel ayının 1-i vəziyyətinə 9 miyon 730,5 min nəfərə çatıb. Əhalinin 1,2 faizlik illik artım göstəricisinə görə Avropa məkanında ilk yeri tutan ölkəmizdə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. Ermənistanın Azərbaycana hərbi təcavüzü 1992-1994-cü illərdə ölkəmizdə ölüm səviyyəsinin artmasına səbəb olsa da, atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalmağa başlayıb və 2015-ci ildə əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7-yə enib. Gözlənilən ömür uzunluğu göstəricisi isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatıb". Nazir müsbət miqrasiya saldosunun növbəti təsdiqi kimi, Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayının gedənlərin sayını ötən il 70 faizədək, bu ilin ilk rübündə isə iki dəfəyə yaxın üstələdiyini bildirib. S.Müslümov ölkədə doğulan uşaqların cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planının hazırlanması sahəsində davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb: "Ölkəmizdə uşaq doğumunda gender disproporsiyası mövcuddur ki, bu da gələcək demoqrafik inkişafa mane olan amillərdən biridir. Belə ki, 2015-ci ildə doğulan oğlan uşaqlarının sayının qızlara nisbətinin dinamikasında 116/100 nisbəti müşahidə olunub. Cari ilin yanvar-mart ayları ərzində bu nisbət 114/100-ə enib. Bu dövrdə doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlər gerçəkləşdirilə bilər". K.Kulessa isə qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə strateji hədəflərə nail olunmasında mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edib. K.Kulessa BMT Əhali Fondunun bu sahədə, habelə yeni Məşğulluq Konsepsiyasının (2016-2025) hazırlanması işlərində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.