Gənclərin vətənpərvər ruhda tərbiyəsi başlıca vəzifələrdən biridir

Bu gün dünyada baş verən ictimai-siyasi hadisələri analiz edərkən gəldiyimiz nəticələr çox düşündürücüdür. Yaxın Şərqdə başlayan və bu gün də davam edən müharibələr, məzhəb qarşıdurmaları öz ölçüləri ilə insanlığı təhdid edir. Bu hadisələr ilk növbədə bölgə dövlətlərinə mənfi şəkildə təsir göstərir.

Bu gün dünyada baş verən ictimai-siyasi hadisələri analiz edərkən gəldiyimiz  nəticələr çox düşündürücüdür.  Yaxın Şərqdə başlayan və bu gün də davam edən müharibələr, məzhəb qarşıdurmaları  öz ölçüləri ilə insanlığı təhdid edir. Bu hadisələr ilk növbədə bölgə dövlətlərinə mənfi şəkildə  təsir göstərir. Hər gün hadisələrin radiusu genişlənməkdə davam edir. Yaxın şərqdə gedən müharibələr sübut etdi ki, bölgə dövlətlərinin orduları və ümumiyyətlə əhalisi, ilk növbədə mənəvi və psixoloji cəhətdən fövqəladə hallara hazır deyillər. Biz də qlobal dünyanın bir üzvü kimi, bu  reallıqlarla üz-üzəyik. Bu deyilənlərə 20 faiz torpaqlarımızın işğal altında olmasını və mənfur qonşularla müharibə vəziyyətində olmamızı əlavə etsək, qarşımızda duran vəzifələrin vacibliyi məlum olur. Nədir bu vəzifələr və bizi nələr gözləyir? Bu vəzifələr sırasında ən mühümü gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvər ruhda tərbiyə olunmasıdır. Tarixin bütün dövrlərində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi başlıca vəzifələrdən olub. Bu gün də bu ənənəyə sadiqlik mövcuddur. Ancaq onu da etiraf etmək lazımdır ki, indiyə qədər görülən işlərlə də kifayətlənmək olmaz. Keçən günlərin təcrəbisi göstərir ki, qarşıda görüləsi işlər çoxdur. Bu baxımdan  çıxış edərək, gənclərimizin vətəndaş kimi formalaşmasında  çağırışaqədərki hazırlıq  fənninin əhəmiyyətini, təşkilini və bu zaman  vacib olan istiqamətləri  vurğulamaq lazımdır. Çağırışaqədərki hazırlıq fənninin tədrisi zamanı gənclər dövlətimizin müdafiə qüdrətini, Konstitusiya və qanunlardan irəli gələn vəzifələri, Silahlı Qüvvələrin təyinatını, əhəmiyyətini və hərbi nizamnamələrin tələblərini, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olduğunu öyrənirlər. Əsgərlərin həyat tərzi ilə tanış olur, gənc əsgər səviyyəsində bilik və bacarıqlara yiyələnirlər. Müasir kütləvi qırğın silahlarından mühafizə qaydalarını öyrənməklə yanaşı mülki mühafizənin və tibbi biliklərin əsaslarını mənimsəyirlər. Gənclər bu bilik və bacarıqları mənimsəməklə ətraf mühitə qısa zamanda uyğunlaşır və fövqəladə vəziyyətlərdə öz sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına malik olurlar. Bəs yuxarıda saydımız  vəzifələrə necə nail olmalıyıq ? Bunun üçün ilk növbədə əsas məsuliyyət məktəb rəhbərliyinin və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin üzərinə düşür. Çünki bu iş yüksək məsuliyyət, yaradıcı yanaşma, yüksək peşakar hazırlıq, öz üzərində çalışma, daim bilik və bacarıqlarını təkmilləşdirməyi tələb edir. Bu günün məktəb rəhbərliyii və çağırışaqədərki hazırlıq rəhbərləri innovativ olmalı, müasir təlim texnologiyalarından, İKT-dən, internet resurslarından geniş istifadə etmək bacarıqlarına yiyələnməlidir. İlk növbədə isə, GÇH Rəhbərləri peşakar olmalıdırlar. Müasir zamanla ayaqlaşa bilmək üçün peşəkarlıq vacıb şərtdir. Gənclərin Çağırışıaqədərki Hazırlıq Rəhbərlərinin peşəkarlığını bir neçə cəhətdən  müəyyənəşdirmək olar. Mənəvi cəhətdən xalqa, onun keçmişinə və adət-ənənələrinə bağlılıq, psixoloji hazırlıq, təcrübə və bilik, müasir texnologiyalardan və İKT-dən istifadə bacarığı, humanist və demakratik düşüncə tərzi. Mənəvi cəhətdən xalqa, onun keçmişinə və adət-ənənələrinə bağlı olan rəhbər - gənc nəsli vətənpərvər, xalqına, tarixinə və adət-ənənələrinə məhəbbət bəsləyən və hər an vətənin müdafiəsinə hazır olan vətəndaş, ümumbəşəri dəyərlərə və bütün dünya xalqlarının  bərabərliyinə, digər demokratik dəyərlərə hörmətlə yanaşan bir şəxsiyyət yetişdirə bilər.

Psixoloji cəhətdən hazır olan rəhbər - gəncləri sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətə hazırlayacaq, müharibə zamanı isə döyüş tapşırıqlarının uğurla yerinə yetirən,sosial-psixoloji və intellektual keyfiyyətlərə malik, ilk növbədə isə cəsur, düşmənlə mübarizədə qətiyyətli, qələbə naminə iradəli və təmkinli, mürəkkəb şəraitdə düzgün qərar qəbul edəcək əsgər hazırlayacaqdır. Bununla yanaşı, müharibənin yaratdığı fəlakətlərin mahiyyətini, millətindən, dinindən, ölkəsinin siyasi statusundan asılı olmayaraq, insanların mehriban sülh şəraitində yaşamasının üstünlüyünü gənclərə anladacaqdır. Təcrübəli  və bilikli rəhbər - gəncləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış edir. Həmçinin şagirdlərin fiziki, sıra hazırlıqlarını, topoqrafiya, insanın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsullarını, fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi  yardımın göstərilməsi bacarıqlarını öyrədir. Müasir texnologiyalar və informasiya kommunikasiya texnologiyalarından istifadə bacarığı olan rəhbər  -  müasir gənclərlə çox rahat dialoq qura bilir. Əsrimiz internet əsri olduğu üçün, günümüzdə bu vacib istiqamətlərdən biridir desək yanılmarıq. Bu gün internet vasitəsilə gəncləri dünya orduları ilə,onların malik olduğu silahlar ilə tanış  etmək çox asanlaşıb. Dərslərin qurulmasında artıq elektron lövhələrdən, proyektorlardan və kompyuterlərdən geniş istifadə olunur. Müasir gənclər bu yeniliklərlə artıq tanışdırlar və bu da sevindirici haldır. Rəhbərin işi onlara düzgün istiqamət verməkdir. Humanist və demakratik düşüncə tərzi olan rəhbər - günümüzün tələblərinə uyğun, azadfikirli və müasir dünyaya inteqrasiya edə biləcək şəxsiyyət tərbiyə edə bilər. Bunun üçün rəhbər, şagirdləri ilə daha çox dost kimi rəftar etməlidir. Çünki təhsildə, şagird - müəllim anlayışı artıq öz mənasını bir qədər dəyişmişdır. Müasir dövrdə təhsilverənlər və təhsilalanlar vardır. Təhsilverənlər təhsilalanlara artıq obyekt kimi yox, subyekt kimi yanaşmalıdır. Onlar arasındakı münasibətlər qarşılıqlı hörmət və inam əsasında formalaşır. Əslində, bu müsbət keyfiyyətlər bizim xalq üçün yeni deyildir. Əsrlər boyu böyüklərimiz kiçikləri sevmiş, hər zaman onlara qayğı ilə yanaşmış, kiçiklərimiz isə böyüklərimizə hörmət etmiş və bunu özlərinə borc bilmişlər. Xalqımızın qədim yazılı abidəsi olan "Dədə Qorqud" dastanını, ibrətamiz məsəlləri ilə, yuxarıda dediklərimizə əyani sübutdur. Müasir dövrdə, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində müşahidə etdiyimiz və qarşılaşdığımız çətinlikləri aşağdakı kimi qruplaşdırmaq olar. Fənnin tədrisi  X-XI siniflərdə aparıldığı üçün, bir qədər diqqətdən kənar qalır. Səbəbini şagirdlərin ali məktəblərə hazırlaşması kimi göstərmək olar. VIII-IX siniflərdə keçilməsi daha məqsədəuyğun ola bilər.

Gənc nəsil ilə yaşlı nəsil arasındakı təzadlar. Bu təzadların səbəbləri ilk növbədə, gənclərin yeniliklərə açıq, yaşlıların isə qapalı olması; yaşlıların hər zaman özlərini haqlı, gənclərin isə yaş dövrünə uyğun olaraq özlərini ağıllı sayması; bir sözlə yaşlı nəsil ilə gənc nəsil arasında mənəvi bağlılığın zəifləməsi kimi də göstərmək olar. Bu bağlılığı möhkəmləndirmək üçün , davamlı olaraq yaşlı nəsil ilə, əmək və müharibə veteranları ilə görüşlər keçirmək müsbət nəticələr verər. İnformasiya bolluğu. Yaşlı nəsil informasiya bolluğu nəticəsində gənc nəsilə nümunə ola bilmir və öz avtoritetini itirir. Geri qalmamaq və öz nüfuzunu qorumaq üçün, daim öyrənmək və məlumat toplamaq lazımdır. Yaşlı nəsil keçmiş sisteminin təfəkkürü ilə, gənc nəsil isə müasir-müstəqillik  təfəkkürü ilə yaşayır. Dünya durduqca bu problem var və olacaq. Onun həlli isə rəhbərliyin düşüncə tərzindən asılıdır. Yeniliklərə açıq olan rəhbərlik bu problemi rahat şəkildə həll edəcəkdir. Nəhayət köhnə sistemin tərk edilməsilə birlikdə, onun müsbət keyfiyyətlərinin unudulmasıdır ki, keçid dövründə boşluq yaradır. Bu boşluğu doldurmaq üçün keçmiş təcrübələrdən də yararlanmaq lazımdır.

Gənclərin Çağırışaqədərki Hazırlıq Rəhbərləri, ümumiyyətlə təhsil verənlər, bu problemlərlə tanış olmalı və hər zaman öz üzərilərində çalışmalıdırlar. Gənclərimizin əsl vətəndaş, əqidəli insan , vətənini sevən və bu yolda hər cür mərhumiyyətlərə hazır olan vətəndaş kimi yetişdirmək istəyiriksə , ilk növbədə biz özümüz bu keyfiyyətlərə malik olmalıyıq. Bu keyfiyyətlər bizim həyat tərzimiz olmalıdır, çünki ən gözəl təlim, təlim alana örnək olmaqdır. Düşünürəm ki, hər bir Gənclərin Çağırışaqədərki Hazırlıq Rəhbəri müasir tədris anlayışını günümüzün tələblərinə uyğun olaraq, əvvəlcə öz düşüncəsində formalaşdırılmalıdır. Unutmayaq ki,  yetişdirdiyimiz gənc nəsil, bir neçə ildən sonra bizləri əvəz edəcək. Xalqımızın və dövlətimizin rifahı və inkişafı naminə, yetiçdirilmiş hər bir əqidəli gənc bizim gələcəyimizdir. Bu gələcəyin işıqlı olması isə bu gün, məhz  bu gün bizim fəaliyyətimizdən asılıdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00