Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib
Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turniri keçirilib.
6 İyun 2016 13:53 SosialBakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, yarışdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə də tər çiçəklər düzülüb. Yarışın əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. General-mayor Həzi Aslanovun xatirə turnirinin ölkə idmanı üçün əlamətdar hadisə olduğunu vurğulayan nazir bu yarışdan istedadlı gənc idmançıların çıxacağına əminliyini bildirib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Sonda Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının təsis etdiyi "General Həzi Aslanov xatirə yubileyi" medalı Azad Rəhimova və Rövnəq Abdullayevə təqdim olunub. Sərkərdənin nəvəsi Həzi Aslanov da təltif olunub.