Elçin Hüseynbəyli yazır... “Hacı bulağı”nın kəraməti

Yox. Yaxşısı budur əsl mətləbə keçməzdən öncə su haqqında deyilənlərə bir nəzər salaq: su həyatdır, dirilikdir, təmizlikdir, nəhayət müqəddəsdir, çünki yuxularımızı suya danışırıq. Danışırıq ki, yaxşı yuxu çin olsun, pis yuxudakı bədliklər isə təmizlənsin...

Elçin Hüseynbəyli

"Hacı bulağı"nın kəraməti

Biz tərəflərdə bir "Hacı bulağı" var...

Yox. Yaxşısı budur əsl mətləbə keçməzdən öncə su haqqında deyilənlərə bir nəzər salaq: su həyatdır, dirilikdir, təmizlikdir, nəhayət müqəddəsdir, çünki yuxularımızı suya danışırıq. Danışırıq ki, yaxşı yuxu çin olsun, pis yuxudakı bədliklər isə təmizlənsin...

İndi keçək mətləbə. Bayaq dediyim kimi, biz tərəflərdə bir "Hacı bulağı" var. Günün müxtəlif saatları, xüsusən də istirahət günləri səhər həmin bulaqdakı 4-5 krantdan su fontan vurur. Hər birindən dəqiqə ərzində bir neçə kub metr su axır. Şəhərin müxtəlif yerlərindən ora xeyli maşın gəlir, hamısı da su daşımaq üçün. Yəni Hacı müqəddəs olduğuna və xoş niyytələ bulaq düzəltdiyinə görə adamlar həmin müqəddəs sudan çəlləklərə, plasmas qablara su doldurub evlərinə aparırlar. Bəzən orda uzun növbə də yaranır.

Mən də hərdən həmin bulaqdan üzümə su vururam və su vura-vura ətrafdakı danışıqları eşidirəm: "Allah, Hacının atasına rəhmət eləsin. Bilirsən nə sudu!? Yupyumşaq, bal kimi. Çayının ayrı ləzzəti var..."

İndi o biri müştəri danışır: "Əvvəllər mən suyu kənddən gətirirdim. İndi şəhərdən kəndə aparıram. Bunda nə hikmət varsa, hamı o sudan içir..."

"Mən də onu deyirəm də. Səhər açılan kimi arvad-uşaq məni dürtmələyir ki, gedim Hacı suyundan gətirim. Görürsən də, hər gün burdayam..."

Mən həmin sözlərə qulaq asa-asa fikirləşirəm ki, sabahdan gəzməyə çıxanda mütləq bir beş litrlik qab götürüb o sudan evə aparacam, mağazadan su almaqdan, pul xərcləməkdən canım qurtaracaq. Amma məni həmişə bir şey dayandırırdı: axı bulaqdan bu boyda su gəlməz. Əgər Cəbrayılın kəhrizi olsaydı, inanardım. Bəs, şəhərin ortasında çaya bənzər bulaq hardandı.

Ordan keçəndə ona da fikir verirdim ki, bulağın arxasındakı Şadlıq Sarayının həyətini bağban sulayır.

Bağbana yaxınlaşıram, şirin dilimi işə salıram, belə deyək ki, saqqızını oğurlayıram. Hacının və onun ölənlərinin ruhuna bir rəhmət

oxuyuram. Bulağın və suyun hikmətindən, "Hacı bilağı"nın kəramətindən danışıram.

Bağban təəccüblə mənə baxır. Ona görə də yumşaq bir sual verirəm. "Deyəsən, yerin altından çay axır axı, elə?" "Hə, axır. Yerin altında yekə baseynimiz var. Suyu ora doldururuq, sonra da matorla vururuq bulağa."

"Adi evlərə verilən sudandır ki?" - deyə xəbər alıram. Bağban tutulan kimi olur, ətrafa baxır, sonra qulağıma pıçıldayır: "Bacoğlu, eşidib-bilən olmasın ha, ağzımdan çıxdı..."

Burda barmağımı dişləyirəm və ordan su götürməkdən vaz keçirəm. Amma kim nə deyir desin, bulaqdan faydalananların inamı və savabı Hacıya bəsdi. Çünki ordan keçəndə yenə də eyni sözləri eşidirəm: "Bilirsən nə sudu!? Yupyumşaq, bal kimi..."

Yolla gedə-gedə klassiklərimizin - Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin müsəlmanlar və müsəlmançılıq barədə hekayələrini xatırlayıram və onların ruhuna bir rəhmət oxuyuram.

Millətiniz həmin millətdi, ustadlar, dəyişib eləməyib, rahat uyuyun...

Iyun 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00