Maştağa-Bilgəh avtomobil yolu sürücülərin ixtiyarına verildi
Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən son tamamlanma işləri aparılır.
6 İyun 2016 12:46 SosialMaştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən son tamamlanma işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılıb. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub, köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənib. Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 1-2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yol boyu yeni işıq dirəkləri də quraşdırılıb.