“Bölgələrdən paytaxta” layihəsində növbəti təqdimat Lənkərana həsr olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir. Ötən ildən həyata keçirilən layihə çərçivəsində bölgələrin tarixi, mədəni irsi, incəsənəti, folkloru, bugünkü sosial-iqtisadi inkişaf səviyyəsi nümayiş olunur.
6 İyun 2016 12:38 SosialMədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir. Ötən ildən həyata keçirilən layihə çərçivəsində bölgələrin tarixi, mədəni irsi, incəsənəti, folkloru, bugünkü sosial-iqtisadi inkişaf səviyyəsi nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihənin növbəti təqdimat ünvanı Lənkəran rayonudur. Tədbir Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə iyunun 6-da saat 18.30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Teatrın foyesində bölgənin tarixi və mədəniyyəti, adət-ənənələri, xalq sənətkarlığı, mətbəxi, sosial-iqtisadi inkişafı və turizm imkanlarını əks etdirən sərgi təşkil olunacaq. Mərasimdə Lənkəranın bədii kollektivlərinin və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim ediləcək.