Diplomatların pensiyalarını artırmaq mümkün deyil
Azərbaycanda sistemli və ardıcıl şəkildə pensiya islahatı aparılmasına baxmayaraq hələ də görüləsi işlərə ehtiyac var. Xüsusən, pensiya məbləğinin həddi ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Elə sahələr var ki, orada çalışan vətəndaşlar pensiyaya çıxdıqdan sonra aldıqları vəsaitin həcmi ilə razılaşmaq istəmir.
6 İyun 2016 12:16 SosialKomitə sədri: "Onların pensiyası yalnız qanunda dəyişiklikdən sonra arta bilər"
Azərbaycanda sistemli və ardıcıl şəkildə pensiya islahatı aparılmasına baxmayaraq hələ də görüləsi işlərə ehtiyac var. Xüsusən, pensiya məbləğinin həddi ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Elə sahələr var ki, orada çalışan vətəndaşlar pensiyaya çıxdıqdan sonra aldıqları vəsaitin həcmi ilə razılaşmaq istəmir. Ancaq, nəzərə almaq lazımdır ki, Azərbaycanda pensiyaların təyinatı və hesablama qaydası mövcud qanunvericilik əsasında həyata keçirilir. Millət vəkili Elmira Axundova qeyd edib ki, xaricdən qayıdan diplomatların, xüsusən fövqəladə və səlahiyyətli səfirlərin pensiya məsələsinə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, 50 ildən çox diplomatiya sahəsində çalışmış, 10 ildən artıq Azərbaycanın səfiri işləmiş, öz fəaliyyətinə görə həm respublikada, həm də xaricdə yüksək dəyər almış bir səfirimiz vətənə qayıdaraq bu yaxınlarda pensiya məsələsini həll etməyə başladı: "Məlum oldu ki, onun pensiyası yaşayış minimumundan azca yuxarı, yəni 300 manatdan bir az artıq olacaq. Bu məndə təəccüb doğurdu. Axı səfir işi ilk baxışdan göründüyü kimi elə də asan deyil. Əvvəla bu insanlar uzun illər vətəndən, doğmalarından uzaq düşürlər, bir çox halda gərgin vəziyyətdə, qaynar nöqtələrdə işləyirlər, erməni diaspor nümayəndələrinin və açıq düşmənlərimizin hədəfinə tuş gəlirlər, hər bir an respublikamızın imicini şərəflə qoruyurlar. Deməliyəm ki, gənc-müstəqil respublikamızın səfirlər korpusu artıq formalaşıb və nadir hallar istisna olmaqla onların əksəriyyəti dövlətimizə ləyaqətlə, böyük səylə xidmət edirlər. Hal-hazırda bunlardan bəziləri pensiya yaşına çatıblar. Təəssüflə qeyd etməliyik ki, həm fövqəladə və səlahiyyətli səfirlərə, həm də məsləhətçi, birinci katib və s. statusunda olan Xarici İşlər Nazirliyinin işçilərinə respublikada mövcud olan orta pensiya həddindən də az təqaüd təyin olunur, 150-300 manat arası. Bunun bir sıra subyektiv və obyektiv səbəbləri var. Lakin hər halda belə vəziyyət xoşagəlməzdir. Hal-hazırda Azərbaycanda pensiyaların həcmi Prezidentin sosial siyasəti nəticəsində əhəmiyyətli dərəcədə artmaqdadır. Məsələn, dövlət qulluqçuları, hüquq mühafizə sistemində işləmiş şəxslər, biz deputatlar və başqa qrup insanlar yüksək pensiyalar alırıq, buna görə də dövlət başçısına minnətdarıq. Diplomatiya sahəsində işləyən insanlar da seçmə insanlardır, bir neçə dil bilən, dərin biliklərə malik olan şəxslərdir, diplomatiya sahəsinə gələrkən uzun yoxlamalardan, süzgəclərdən keçirlər. Buna görə düşünürəm ki, onlar da öz statusuna uyğun sanballı pensiya almağa layiqdirlər. Bunları nəzərə alaraq maliyyə naziri Samir Şərifovdan və xarici işlər naziri Elmar Məmmədyarovdan xahiş edərdim ki, bu məsələyə bir daha baxılsın. Diplomatlarımızın pensiyası onların vəzifəsinin səviyyəsinə uyğun hesablansın, layiqli həyat tərzinin davam etdirilməsinə şərait yaratsın". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məsələyə belə aydınlıq gətirib. O deyib ki, əmək haqqı alan hər bir şəxs sığortaya cəlb edilməlidir: "Bir qrup vəzifəli adamlar-diplomatlar var ki, ölkədə çalışarkən aldıqları əmək haqqından sığorta haqqı ödəyiblər. Lakin xaricə getdikdən sonra aldıqları yüksək əmək haqqı, əlavələr ki var, ondan sığorta haqqı ödəmirlər. Belə olan halda həmin diplomatların pensiyası Azərbaycanda aldıqları xırda əmək haqqına görə hesablanır. Bizdə məsələnin qoyuluşu belədir ki, biz, eləcə də dövlət qulluğunda çalışanlar, əlavə paketlərə görə də sığorta haqqı ödəyirik. Yəni, sığorta haqqı ödənilən məbləğdən sonra pensiya hesablanır". Komitə sədri təklif edib ki, problemin həlli üçün diplomatlar təmsil olunduqları ölkələrdə aldıqları əlavə gəlirlərə görə sığorta ödəsinlər: "Diplomatlarımızın Azərbaycanda aldıqları əmək haqqına görə pensiya məbləğləri aşağıdır. Amma xaricdəki maaşları yüksəkdir. Azərbaycandakı əmək haqlarından sığorta ödəyirlər, amma xaricdə aldıqlarından ödəmirlər. Bizim diplomatların xaricdə aldıqıarı əmək haqqından 25 faiz sığorta haqqı tutulmalıdır. O da böyük rəqəmdir. Məsələn 3 min dolların 25 faizi 750 dollar edir. Bu gün o məbləği ödəmirlər, sonra da yüksək pensiya istəyirlər. Bu qayda əmək haqqı fondu ilə müəyyənləşdirilməlidir ki, məsələ Xarici İşlər Nazirliyin səlahiyyətinə aiddir. Diplomatların pensiyası yalnız dəyişiklikdən sonra arta bilər, başqa cür mümkün deyil".
Nurlan