Türkiyənin 4 telekanalı “Azerspace-1” peykindən yayıma başladı
3 İyun 2016 14:45 SosialTürkiyənin 4 televiziya kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. Bu barədə "Azərkosmos" ASC-dən bildirilib. Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Türkiyənin bir neçə televiziya kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Türkiyənin region kanalları "Alanya TV", "Zonguldak TV" və "Aras TV" kanalları, eləcə də "A Shopping TV" kanalı 2 iyun 2016-cı il tarixindən etibarən "Azerspace-1" peyki vasitəsilə 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsi olan adıçəkilən region kanallarında əsasən, əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii, sənədli və cizgi filmləri, seriallar nümayiş olunur. Türkiyənin, Rusiyanın, eləcə də Orta Asiyanın ən çox izlənilən e-ticarət tele alış-veriş kanalı olan "A Shopping TV" kanalı isə digər peyklərlə yanaşı, artıq "Azerspace-1" peyki üzərindən də yayımlanır. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.