Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilib

Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə Azərbaycan kəlağayılarına həsr olunmuş "Azərbaycan kəlağayı sənəti və onun təqdimatı" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin xanımları, diplomatlar, tanınmış mədəniyyət, incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayılar haqqında danışaraq, hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və xüsusiyyətindən xəbər verdiyini və xalqın tarixini, mədəniyyətini öyrənmək üçün bu cür nümunələrin böyük əhəmiyyət daşıdığını qeyd edib. Səfir Azərbaycanda böyük ipəkçilik ənənələrinin olduğunu, tarixi ipək yolunun üzərində yerləşən Azərbaycanın Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli ipəyin - kəlağayıların hazırlandığını, Gəncə və Basqal kəlağayılarının isə xarici ölkələrə də ixrac olunduğunu qeyd edib. Hüseyn Quliyev Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsini Azərbaycan xalqı üçün böyük uğur kimi dəyərləndirib və bu işdə Heydər Əliyev Fondunun xidmətlərindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00