Bakıda plov festivalı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm Peşə Məktəbində plov festivalı keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, paytaxtımızda keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində təşkil olunan tədbirdə qonaqlara Azərbaycanın regionlarına məxsus plovlar təqdim olunub. Plov festivalının keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycan mətbəxini təbliğ etməkdən ibarətdir. Tədbirdə Azərbaycanda plovun 200-ə yaxın növü olmasından, tarixən ölkəmizdə çəltikçiliyin geniş yayılmasından söz açılıb. Festivalda Bakı, Şirvan, Quba, Gəncə, Şamaxı, Naxçıvan və Lənkəran plovları təqdim olunub. Qonaqlar əvvəlcə "Qarabağ bülbülləri"nin oxuduqları "Qarabağ şikəstəsi"nin sədaları altında bu dilbər guşənin mətbəxini təmsil edən "Lobya-çilov plov"a qonaq edilib. Festivalın sonunda qonaqlara Azərbaycan mətbəxinin çeşidli növlərinin bişirilmə texnikasından bəhs edən disklər təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00