Qadınların siqaretə aludəçiliyi nə ilə bağlıdır?

Zərif məxluqun siqaret çəkməsini qəbul edən kişilərin sayı artmaqdadır

Azərbaycanda kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun direktor müavini İradə deyib ki, bu vərdiş 20 yaşından 60 yaşına kimi insanlar arasında daha geniş yayılıb. Bu vaxtın daha aktiv, işlək yaş dövrü olduğunu deyən İ.Axundova qeyd edib ki, tütün çəkmə insanlarda xroniki xəstəliklər yaradır və onlar çətin sağalır: "Tütün son zamanlar sağalmayan xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur. Bunun nəticəsində insanlar sağlamlığını, iş fəaliyyətini itirir, əlilliyə məruz qalır, həyatlarını itirir. Bir statistik fakt da var ki, siqaret çəkən insanların 90 faizdən çoxu buna məktəb yaşından başlayır. Azərbaycanda da yeniyetmələr, uşaqlar arasında tütün çəkmə halları var". İ.Axundova qeyd edib ki, Azərbaycanda ölüm göstəricisinin 82%-i tütün çəkmə ilə əlaqədardır. Onun sözlərinə görə, siqaret istifadəsi 25-dən çox ciddi xəstəliyin yaranmasına səbəb olur: "Siqaret çəkən analarda hamiləlik zamanı uşaq orqanizminə qan vasitəsilə ona mənfi təsir edən nikotin daxil olur ki, bu da onun inkişafına mənfi təsir edir. Həmin uşağın əsasən baş beyni və qara ciyəri zərər çəkir. Siqaret çəkən qadınlar arasında anadangəlmə uşaq patologiyalarına 2 faizdən çox rast gəlinir" Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda qadınlar arasında siqaret çəkənlərin sayı artmaqda davam edir. Ekspertlərin qənaətinə görə, buna səbəb siqaretin zərərli təsiri barədə maarifləndirmə işinin kifayət qədər aparılmaması ilə bağlıdır. Fakt ondan ibarətdir ki, alimlər siqaret çəkməyin sağlamlığa nə qədər ağır zərbələr vurduğunu bildirsələr də, insanlar sağlamlıqlarını təhlükə qarşısında qoyduqlarını düşünmək belə istəmirlər. Əgər onlar siqaretin törətdiyi xəstəlikləri dərindən anlasalar, bəlkə də bu vərdişdən bir çox insanlar imtina edər, tüstüsüz sağlam həyat tərzinə üstünlük verərlər. Tibb elmləri doktoru Azad Hacıyev bildirib ki, siqaret yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynayır. Ağ ciyər xərçəngi, qida borusu xərçəngi, tənəffüs üzvləri xərçəngi və s. Siqaret nikotin və menoksidkorben kimi öldürücü tərkib hissəsi ilə bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə nəticələnən xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır. Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə məruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir. Bunun nəticəsi olaraq tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasına zəmin yaradır. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir. Alimlərin araşdırmaları sübut etmişdir ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. Belə ki, siqaretdə 4560 zəhərli, 60-dan çox xərçəngə səbəb olan maddə aşkar edilib. Alman mütəxəssislərinin gəldikləri qənaətə görə, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldır. Tədqiqatçılar 11-64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə gəliblər ki, uzun illər boyu siqaret çəkən şəxs qocaldıqda sağlam və geniş fikrə, dərin düşüncəyə malik olmur. Eyni zamanda siqaret iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğu və digər ciddi problemlərə səbəb olur. Onu da əlavə edək ki, siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəalliyyəti azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır. Dünya Sağlamlıq Təşkilatlarının məlumatına görə siqaret kişilərlə müqayisədə qadınlara daha çox mənfi təsir göstərir. Gündəlik həyatda çətinliklərlə qarşılaşan xanımlar kişilərdən fərqli olaraq daha çox stres keçirirlər və bu stresi aradan qaldırmaq üçün siqaret çəkməyi üstün tuturlar. Bu stres qadınları siqaretdən asılı edir və onu tərgitməkdə çətinlik törədir. Hamilə qadınlarda isə siqaret daha acınacaqlı fəsadlar törədir. Əgər hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən şəxsin yanında tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli maddələr onun gələcəkdə dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa daxil olur və formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin yaranmasının başlanğıcı olur. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir. Cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır. Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir. Sosioloq Nəsimi Hacıyev qeyd edib ki, son zamanlar azərbaycanlı qadınlar da siqaretdən istifadə etməyə başlayıblar: "Amma bir məqamı vurğulamaq lazımdır ki, bizdə hələ də siqaret çəkən qadınlara birmənalı yanaşılmır. Buna baxmayaraq, artıq qadınların siqaret çəkməsini yavaş-yavaş qəbul edən kişilərin sayı artır. Necə ki, bir neçə il öncə qadının şalvar geyinməsinə qarşı olan aqressiv yanaşma aradan qalхdı, deyəsən bir müddət sonra siqaret çəkən qadınlara da eyni münasibət formalaşacaq. Hər halda şalvar geyinməkdən fərqli olaraq insan orqanizminə həddindən artıq ziyanlı olan siqaret çəkmə vərdişinə qarşı ictimai qınağın qalması daha yaхşı olardı".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00