Bakının yolkəsənləri
2 İyun 2016 18:41 SosialMay ayında Bakı şəhərinin inzibati ərazisində "dayanma-durma", "parklanma" tələblərinə qarşı yol polisi əməkdaşları tərəfindən 27500-dən artıq inzibati protokol tərtib olunub. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, profilaktiki tədbirlər metro stansiyalarının yaxınlığında, əhalinin sıx olduğu giriş-çıxış istiqamətlərində keçirilib: "Tərtib olunan protokollar sırasında, əsasən, taksi fəaliyyəti ilə məşğul olan sürücülər çoxluq təşkil edir. İnzibati protokolları araşdırarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə müxtəlif vaxtlarda növbəti məsuliyyətə cəlb olunub, 96 nəfər isə eyni əmələ görə 4 dəfə inzibati xəta törədib. Bundan əlavə 170 avtobus sürücüsü də qanunun tələblərini pozub".