Mahmud Kaşqari medalının sahibləri bəlli oldu
Yunus Oğuz da bu mükafata layiq görülüb
2 İyun 2016 17:57 SosialDünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Mahmud Kaşqari Fondu ilə birlikdə toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İsa Həbibbəyli əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, 1932-ci ildən yaradılan institut 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstututu adı altında fəaliyyət göstərir. İsa Həbibbəyli bildirib ki, bu illər ərzində qurum bir sıra elmi nailiyyətlərə nail olub. Belə ki, "Azərbaycan ədəbiyyatı tarixi"nin çoxcildliyi nəşr olunub, "Ədəbiyyat çəcmuəsi", "Ədəbi əlaqələr" adlı elmi jurnallar nəşr olunub. Bundan başqa ayrı-ayrı monoqrafiya və elmi nəşrlər hazırlanıb. İnstitutun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr, Qədim dövr Azərbaycan ədəbiyyatı , Nizamişünaslıq , Orta əsrlər Azərbaycan ədəbiyyatı , Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Ədəbi tənqid, Türk xalqları ədəbiyyatı və sə. şöbələri fəaliyyət göstərir. Müstəqillik illərindən , xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahəyə diqqət və qayğının artdığını diqqətə çatdıran akademik İsa Həbibəyli hazırda bu siyasətin Heydər Əliyev kursunun davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib. Bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi barədə müntəzəm olaraq imzalanan sənədlər buna əyani sübutdur. İsa Həbibbəyli son illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun maddi texniki bazasının gücləndirildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, instututda elektron akt zalı yaradılıb: "Bunun nəticəsidir ki, eyni vaxtda 6
ölkə ilə elektron əlaqə yaratmaq olur. Hazırda isə elektron oxu zalının yaradılması istiqamətində iş gedir. Bu ilin sonuna qədər proses yekunlaşacaq". İnstitutun qarşısında duran vəzifələr barədə danışan akademik İsa Həbibbəyli deyib ki, əlavə bir neçə şöbələr yaradılır və bu istiqamətdə işlər davam edir. Akademik Türkiyə və türkmən şer antalogiyasının hazırlandığını deyib. Çıxışında Mahmud Kaşqari Fondunun yaranmasına da toxunan İsa Həbibbəyli deyib ki, adıçəkilən beynəlxalq fond 2006-ci ildə xalq yazıçısı Anar, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanoğlu tərəfindən qurulub: " Fondun əsas məqsədi ortaq türk dəyərlərinin təbliğidir. Son on ildə Azərbaycanda və xaricdə bir sıra layihələr gerçəkləşdirən bu qurum, əsasən nəşr etdiyi kitabların satışından əldə edilən vəsait və ianələr hesabına fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi 10 ildə Fondun fəaliyyəti əsasən Azərbaycan, Türkiyə və Qazaxıstan respublikalarını əhatə edib. Hazırda fond fəaliyyət dairəsinin genişlənməsi və maddi imkanlarının gücləndirilməsi yolunda işllər aparır. Azərbaycan və ümumtürk miqyasında bu mövzuya diqqətin artırılması üçün Mahmud Kaşqari adına Beynəlxalq Fond türk tarixinin ən böyük simalarından biri olan Mahmud Kaşqarinin anadan olmasının 100 və təşkilatın yaradılmasının 10 illiyi münasibətilə "Mahmud Kaşqari" medalı təsis edib. Medal türk dünyası qarşısında xidmətlərə, o cümlədən çesenatlıq fəaliyyətinə görə təqdim edilir".
Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanoğlu deyib ki, ilkin olaraq fondun 10 illik fəaliyyətində ona mənəvi və maddi dəstək olmuş şəxslər mükafatlandırılır: "Mükafatçılar sırasında AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Mahmud Kaşqari "Divanı"nı Azərbaycan dilinə tərcümə edən Ramiz Əsgər, bir sıra tarixi nəşrlərin çapında öz dəstəyini göstərmiş tanınmış yazıçılar Hüseynbala Mirələmov, tarixi romanlar müəllifi Yunus Oğuz və Elçin İsgəndərzadə kimi tanınmış şəxslər var. Bundan başqa yaxın vaxtlarda Qazaxıstanda və Türkiyədə də bu cür təltifetmə mərasimləri olacaq". Elxan Zal Qaraxanoğlu onu da diqqətə çatdırıb ki, təşkilatın əsas məqsədi türk tarixinin ən az öyrənilmiş dövrlərindən biri olan Mahmud Kaşqari dönəmi barədə bədii və ya sənədli film çəkilişidir.
Millət vəkili, yazıçı Hüseynbala Mirələmov ona gstərilən etimada görə təşəkkürü bildirib və bundan sonra da Mahmud Kaşqari Fondunun fəaliyyətinə dəstək nümayiş etdirəcəyini söyləyib.
Mahmud Kaşqari "Divanı"nın Azərbaycan dilinə tərcüməçisi Ramiz Əsgər Kaşqarinin çox böyük bir şəxsiyyət olduğunu deyib. Bildirib ki, onun yazmış olduğu "Divcan" dəyərli bir əsərdir. Ramiz Əsgər deyib ki, orada 9 min söz əksini tapıb və kitabda musiqi alətləri, silah növləri, yeməklər və s. barədə ətraflı məlumatlar əks olunub.
Tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz da belə bir mükafata layiq görüldüyündən dolayı təşəkkürünü bildirib. Qeyd edib ki, Mahmud Kaşqarinin "Divan"ı türk dünyası üçün dəyərli və qiymətli bir əsərdir. O, qeyd edib ki, tarixi araşdırmalar zamanı bəzi terminlərin axtarışı zamanı Mahmud Kaşqarinin "Divanı"na müraciət edib. Yunus Oğuz bir yazıçı kimi onların da türk dünyasına xidmət etmək uğrunda çalışdıqlarını söyləyib. Bildirib ki, bundan sonra da türk tarixini dünyaya çıxarmaq istiqamətində davamlı çalışmalıyıq. Çıxışlardan sonra Mahmud Kaşqari adına medal mükafatçılara təqdim olunub.
Süleyman