Gənclərin çağırışaqədərki hazırlığı onların vətənpərvər ruhda tərbiyəsinə təkan verir

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bütün dövrlərdə aktuallıq kəsb edir. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər öz müsbət bəhrəsini verir. Bu bir danılmaz faktdır ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunması ilk növbədə bağçadan başlayır. Bağça həyatını başa vurduqdan sonra isə gənclərə vətənpərvərlik hissləri orta ümumtəhsil müəssisələrində aşılanır. Artıq on birinci sinifi başa vuranda sağlam düşüncəli gənc əsl vətənpərvər bir insana çevrilir. Onun orta məktəb dövründə aldığı təhsil, tərbiyə, tarixi sərkərdələrmiz, milli qəhrəmanlarımız barədə aldığı bilgilər istər-istəməz həmin gənci vətənpərvər olmağa sövq edir. Gənclərin orta məktəb illərində vətənpərvər ruhda tərbiyə olunmasına Gənclərin Çaöırışaqədərki Hazırlıq (GÇH) dövrü də mühüm təsir göstərir. Onlar bu müddət ərzində hərb elminin ilkin biliklərinə yiyələnir, onu dərindən öyrənir. Gənclərə öyrədilən bu ilkin bilgilər onların gələcək hərbi xidmət müddətində daha professional bir hərbiçi olmasına imkan yaradır.

Bu bir danılmaz faktdır ki, müasir dövrdə Gənclərin Çağırışaqədərki Hazırlığı (GÇH) fənninin aktuallığı günü-gündən artır. Bunu sübut etməyə ehtiyac da yoxdur. Çünki torpaqlarımızın işğal altında olması, artıq bu fənnin tədrisini zəruri edir.
GÇH fənnindən danışarkən , əvvəlcə hədəfləri, yəni qarşıya qoyulan tələbləri gözdən keçirmək lazımdır. Məlumat üçün qeyd edək ki, GÇH fənni Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş "Gənclərin çağırışaqədərki hazırlığı" Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən "Gənclərin çağırışaqədərki hazırlığı" Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında və Azərbaycan Respublikasında "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir. Gənclərin Çağırışaqədərki Hazırlığı, adından da göründüyü kimi gənclərin silahlı qüvvələrdə xidmətə qədərki hazırlığının tərkib hissəsidir.
Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir. Baxmayaraq ki, orduya ancaq oğlanlar çağrılır, dünyada gedən proseslər qızların da hərbi işləri öyrənməsini zəruri edir. İlk növbədə təbii ki, torpaqlarımızın 20 faizinin işğal altında olması, terror təhlikəsinin günü-gündən artması, nəhayət elm və texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində baş verən təbii və texnogen fəlakətlər, bizi belə düşünməyə vadar edir. Müasir dünyada ayaqda qala bilmək üçün elmin inkişafı vacibdir. Lakin tarixi araşdırmalar göstərir ki, dünyadakı rəqabətə davam gətirmək üçün, daha
doğrusu bu rəqabətdə qalib çıxmaq üçün ilk növbədə milli mənlik hissi çox güclü olmalıdır. Milli mənlik, bilik və bacarıqlarla birlikdə, rəqabətə davamlı insanın formalaşması üçün lazım olan vacib keyfiyyətlərdir. Yaradılmış ən güclü silahları idarə edən insandır. Deməli ən güclü silah insandır-milli köklərinə bağlı, yüksək texnologiyalara yiyələnmiş insan. Milli mənlik hissinin aşılanması ana bətnində başlayır, ailədə davam etdirilir, məktəbdə gücləndirilir.Bir şagird, istər qız, istər oğlan riyaziyyatçı, fizik, kimyaçı və s. olmaya bilər, lakin vətənpərvər olmağa borcludur. Nəzərə alsaq ki, hər bir şagird gələcəyin potensial valideynidir, o zaman məsələnin ciddiliyi aydınlaşır.
Bəs nəyə görə bu mənada GÇH fənni aktualdır? Ona görə ki, GÇH fənni yuxarıda adı çəkilən bütün arqumentləri özündə cəmləyir. GÇH fənninin proqramına nəzər salsaq görərik ki,tədris olunan mövzular həqiqətən də qeyd olunan nüansları işıqlandırır. Dövləti müdafiənin əsasları bölməsi, GÇH fənninin əhəmiyyəti məqsədi
və vəzifələri,  Hərb tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Azərbaycan Silahlı Qüvvələrinin strukturu, qoşun növləri və başqa silahlı birləşmələr,  Dövlət və Hərbi atributlarımız, Hərbi mərasimlər. Həmçinin GÇH fənni döyüşlərdə və xidmətdə fərqlənməyə görə təltiflər, orden və medallar mövzularından ibarət olub, yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsi, onların Silahlı Qüvvələrdə xidmətə hazırlanması, fənnin tətbiq dairəsi, fənnin tədrisini zəruri edən amillər, etnik, dini, ərazi iddiası zəminində baş verə biləcək münaqişələr, təbii, texnogen və müharibə xarakterli fəlakətlər zamanı hərəkət, tibbi bilik və bacarıqlar, fənnin təlim istiqamətləri, ordu sıralarında xidmət, fənnin tədrisini tənzimləyən rəhbəredici dövlət sənədləri şagirdlərin diqqətinə çatdırır və eləcə də ordu quruculuğunu, siyasi və hərb tariximizi əhatə edən digər vacib faktları işıqlandırır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri bölməsi, şagirdlərə hərbi qulluqçuların ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları, qarşılıqlı tabeçilik, əmr və sərəncamların verilməsi və yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət və davranış qaydalarının öyrədilməsini nəzərdə tutur. Sıra hazırlığı bolməsi, şagirdlərə sıra təliminin xüsusiyyətlərinə əsasən
sıra və onun elementləri, açıq və hərəkət sırası, müxtəlif üsullarla sıranın idarə olunması, əsgərin düzülüşdən qabaq və sırada vəzifələri,sıra duruşu və
komandaların yerinə yetirilməsi, yerində dönmələr, hərəkət və hərəkətdə dönmələr, yerində əsgəri salamvermə, hərəkətdə hərbi salamvermə, baş geyimsiz hərbi salamvermə, sıradan çıxma və sıraya qayıtma, rəisə yaxınlaşma və uzaqlaşma öyrədilir. Taktiki hazırlıq bölməsində silahların məhvetmə imkanlarını və düşmənin hərəkət xarakterini nəzərə alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının praktik, əyani vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izah edilir, mövzuların tədrisi zamanı yeni təlim metod və üsullarından istifadə etməklə izahlı şəkildə şərhi verilir, elementlərlə göstərilir, əvvəlcə tək-tək, sonra isə manqalar və yaxud tağım şəklində elementlərlə yerinə yetirilir. Silahlar və atəş hazırlığı bölməsinin tədrisi zamanı, Kalaşnikov avtomatı ilə yanaşı, patronlar haqqında da biliklərin verilməsini zəruri edir. Atəş tapşırığının yerinə yetirməsi ilə bağlı şagirdlərdə vərdişlərin formalaşdırılması bu fənnin tədrisi qarşısında duran ən mühüm tələblərdən biridir. Hərbi topoqrafiya bölməsində, mövzular nəzəri müstəvidən əməli müstəviyə yönəldilmişdir, yəni ərazidə tədrisi nəzərdə tutulur. Təhlükəsizlik və fövqaladə hallarda insanların mühafizəsi bolməsində, Mülki Müdafiənin sülh və müharibə dövründə əhalinin təhlükəsizliyini təmin edən dövlət stukturu kimi təşkili və fəaliyyəti, müharibə mənşəli fövqaladə hallar (nüvə silahının, kimyəvi silahın, bioloji və bakteriolji silahın tətbiqi), texnogen xarakterli fövqaladə hallar, təbii xarakterli fövqaladə hallar və terrorizmin fövqəladə hallardan biri kimi tədrisi nəzərdə tutulur. Sosial-siyası fəlakət olan terror haqqında şagirdləri düzgün və faktlarla məlumatlandırmaq, onun həqiqi mahiyyətini açıqlamaq günün ən zəruri tələblərindən biridir. Tibbi biliklərin əsasları bölməsində, xəsarət almış və ya qəfil xəstələnmiş insana həkimin gəlməsinə və yxud evakuasiyaya qədər, vaxtında və sadə üsullarla məqsədyönlü ilk tibbi yardım göstərmə, yoluxucu və infeksion xəstəliklər, yaranma səbəbləri, növləri, ilkin əlamətləri və xəstəliklərə qarşı qabaqlayıcı, profilaktik tədbirlərlə yanaşı, müasir dövrdə gənclərin həyat tərzini nəzərə alaraq sağlam həyat tərzi, zərərli vərdişlər və onların insan orqanizmi üçün yarada biləcəyi təhlükələr haqqında da məlumatların verilməsi məqsədəuyğun hesab edilir. GÇH fənnini normal mənimsəmiş gənclər, hərbi xidmətə daha asan uyğunlaşır və nümunəvi xidməti ilə digər hərbi qulluqçulardan seçilir. Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, GÇH fənnin tədrisini zəruridir və günümüzün əsas tələblərindən biridir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00