Əxlaqları alt qatın çirkabı qədər dəyərsiz olanlar...
2 İyun 2016 14:08 SosialOğlumun dostu məmur oğludu. Atası böyük bir dövlət qurumunda idarə rəisidi. Amma başqa məmur övladlarından fərqli olaraq universitet təhsili almış Zaur orta səviyyəli, aşağı maaşlı bir işdə çalışır. Dostları da sadə, kasıb ailələrin övladlarıdı. Baxmayraq ki, atası yüksək çinli məmurdu, amma heç vaxt həddini aşaraq, atasının səlahiyyətlərindən istifadə etmir. Əsgərlikdən dönəndən sonra atası özünün çox da baha olmayan avtomobilini oğluna verdi, özü isə xidməti avtomobildən istifadə etməyə başladı. Amma bu oğlan çox vaxt işə də avtobusla gedir. Bir dəfə soruşdum ki, atan sənə niyə bahalı maşın almır? Cavab verdi ki, nə gərək var. Yarızarafat, yarıciddi dedim ki, başqaları kimi sən də "avtoşluq" edərsən. Zaurun cavabı belə oldu: " Nəinki avtoşluq etmək, heç yol hərəkət qaydalarını da pozmuram. Atamın adının hallanmasını, oğlundan dolayı utanmasını istəmərəm"...
Yazıya niyə Zaurla başladım? Çünki bu gün cəmiyyətdə özünü Zaur kimi abırlı-əxlaqlı aparan məmur oğulları azdı. Bu oğlanlar (hətta qızlar) nə qədər ali təhsilli, bir neçə xarici dil bilən olsalar da, dünyanın neçə-neçə ölkələrini gəzib dolaşsalar da çox adi, prmitiv mədəniyyətdən, normal davranış etikasından uzaqdırlar. Valideynlərinin müxtəlif yollarla topladığı sərvətlə Avropa, Amerika qitəsini başdan-başa gəzsələr də, səhər və axşam yeməklərində ən bahalı restoranların yuxarı başında otursalar da yarımçıq tərbiyələrinin, cılız əxlaqlarının qabığından çıxa bilmirlər. Meşşan təbiətli bu övladların davranışı cəmiyyət üçün çox zərərlidir. Hələ onu demirəm ki, səviyyəsiz əxlaqlarının kökündə möhkəmlənən bütün yaramazlıqlar həm özlərinə, həm də vəzifəli, səlahiyyətli valideynlərinə daha çox zərbə vurur. Deyəsən bunu anlamırlar, ya da ki, vecsiz, məsuliyyətsiz hərəkətləri ilə nə qədər aşağıda durduqlarının fərqində olmaq hissindən məhrumdurlar.
Məmur-oliqarx balaları atalarının kreslosuna söykənərək istədiklərini edir, ətrafdakılara qarşı münasibətdə böyük-kiçik yeri bilmirlər. Dəbdəbəli həyata o qədər aludə olublar ki, sadə insanların varlığı onlar üçün heçə bərabərdi. Bahalı avtomobillərini az qala təyyarə sürəti ilə idarə edirlər. Özlərini cəmiyyətin üst pilləsinə aid etsələr də, əslində əxlaqları alt qatın çirkabı qədər dəyərsiz və ucuzdu. Onlar dövlətə və dövlətçiliyə də təhlükə yaradırlar. Belələrinə cəmiyyətdə "harınlar" damğası nahaqdan vurulmayıb. Bir neçə il əvvəl prezident İlham Əliyev vəzifəsindən, cəmiyyətdəki mövqeyindən sui-istifadə edən məmurları tənqid edərkən davranışlarında həddini aşan övladları haqqında "qudurğan" ifadəsini işlətməkdən özünü saxlaya bilmədi. Amma yenə də bəziləri bundan dərs almayıb, yenə də övladlarının özbaşınalığı, "mənəm-mənəmliyi" gündəmdən düşmür. Tez-tez mətbuat səhifələrində, televiziya ekranlarda və radio efirlərində törətdikləri avtoxuliqanlıq, yaxud da kimlərisə döymə faktları haqqında yazılır, danışılır. Sual olunur: görəsən məmur-oliqarxlar prezidentin iradəsini heçə sayır, yoxsa övladlarının "ipini yığa bilmirlər"? Hər iki hal ailə institunun formalaşması və inkişafı yolunda böyük əngəldi. Hələlik bu əngəli bütövlükdə aradan qaldırmaq çox çətindi.
Bunun ən mühüm səbəbi dövlət qulluqçularının - məmurların həddən artıq var-dövlət, sərvət toplamalarıdı. Eləsi var ki, yaxtası, şəxsi təyyarəsi var. Təbii ki, beləsinin övladından daha normal davranış gözləmək sadəlövhlükdü. Dövlət qulluqçusunda hardandı bu qədər var-dövlət? Təkcə maaşla əlçatmaz dəbdəbə yaratmaq mümkündürmü? Cavabı hər kəsə məlum olan sadəlövh sualdı, deyilmi?
Vaxtilə Əbülfəz Elçibəy öz komandası haqqında demişdi: "Tankın qarşısında dayananlar, rüşvət qarşısında duruş gətirə bilmədilər". Bu, doğrudan da belədir. Heç kim etiraz etməz ki, bu günkü məmurların çoxu tank qabağına çıxmasalar da, rüşvətin qarşısında "farağat" vəziyyətində dururlar. Həmin rüşvətlə də özlərinə əlavə iş yeri açlr, "obyekt" işlədirlər. Var-dövlər hərisliyi, sərvət toplamaq xəstəliyi onları buna vadar edir. Bir çox hallarda işlətdikləri əlavə iş yerini başqalarının adına qeydiyyatdan keçirirlər. Bəziləri də var ki, "obyektini" birbaşa özünün adına sənədləşdirib . Problem təkcə bu olsaydı nə vardı ki? Onlar işlətdikləri sahəni monopoliyaya alaraq başqasının o "bazara girməsinə" məhdudiyyət qoyurlar. Halbuki "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində deyilir: "Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır". Məncə, əlavə şərhə ehtiyac yoxdu. Bütün bunlar hamısı övladın gözünün önündə, ya da birbaşa iştirakı ilə baş verir. Ata dövlətin qanununa məhəl qoymayanda balası da qanunları rahatlıqla tapdalayıb keçir. Halbuki tutduğu vəzifədən, statusundan, maddi imkanından asılı olmayaraq bütün vətəndaşlar qanuna tabe olmalı, davranış qaydalarına əməl etməli, sakit, sadə yaşamalı, ətrafdakılarla mehriban münasibət qurmalı, kimsəyə yuxarıdan aşağı baxmamalıdırlar.
Övladın cəmiyyətdə özünü necə aparması ailədə aldığı tərbiyəyə bağlıdı. Uşaq gözünü açanda evdə nə görürsə, zaman - zaman onu çevrəsində tətbiq edir. Ziyalı, yaxud da yüksək vəzifə daşımayan ailə başçısı övladının tərbiyəsini çox vacib iş hesab edir. Belə ailələrdə dünyaya gələn oğlan və ya qız övladına başa salınır ki, cəmiyyətdə, ictimaiyyətdə yerini bilsin, tutduğu mövqedən asılı olmayaraq hər kəsə hörmət etməyi bacarsın. Böyüklərə, yaxud da kiçiklərə münasibətdə subardinasiyanı saxlasın, gördüyü işin məsuliyyətini unutmasın, əxlaqi və etik davranış çərçivəsindən qırağa çıxmasın. Amma məmur-oliqarx ailələrin çoxunda böyüyən övladların evdə gördükləri, eşitdikləri imkan verir ki, getdikləri yerdə özlərinin primitiv əxlaq və tərbiyə kasadlığını nümayiş etdirsinlər. Bahalı restoranlarda bir dəfəyə xərclədikləri pulların miqdarı həmin restoranın bir günlük, bəzən də bir həftəlik xərcinə bərabər olur. Bahalı və təmtaraqlı avtomobillərinin sükanı arxasına oturarkən ətrafı unudur, "avtoşluq" etməklə başqalarının rahatlığını pozurlar. Bir çox hallarda isə qəza vəziyyəti yaranır, ya da ki, ölümlə nəticələnən faciə baş verir. Necə-necə ananın göz yaşının ahına tuş gələn bu yaramazlara "dur" deyilsə də, durmurlar. Bu tərbiyəsizlikləri ilə sanki, ətrafdakılara demək istəyirlər ki, baxın, mən qorxmaz və cəsarətliyəm. Halbuki əyinlərinə sıravi əsgər paltarı geyinməyi təhlükə hesab edirlər. Avtoxuliqanlıq edən məmur oğullarının çoxu nəinki əsgərlikdə olmayıb, hətta Qarabağa göndərib əllərinə silah verilsə, bəlkə də qorxudan ürəkləri partlayar. Əsgər yeməyinin dadını bilməyən bu "gül balalar" həyatın sərt üzünü görmədiklərindən, sərt sınaqlara da hazır ola bilmirlər.
Elə vəzifəli şəxslər də var ki, övladları xaricdə yaşasalar da doğulduqları Azərbaycan Respubliksının təbliği ilə məşğul olur, orada ölkəsinin müsbət imicini formalaşdırmağa çalışırlar. Bu, sevindiricidi, hər kəsin ürəyindən xəbər verən bir haldı. Amma təəssüf ki, belələri azdı, barmaqla sayılacaq qədərdi. Çoxluq təşkil edən harınlar, qanun-qaydanı vecinə almayanlar isə törətdikləri yaramaz hərəkətlərinin bir başqa "həzzini" yaşayırlar: qiyməti yüz minlərlə ölçülən avtomobillərinin şəklini, restoranlarda xərclədikləri pulun miqdarını sosial şəbəkələrdə paylaşaraq, az qala intim həyatlarını da ictimaiyyətlə bölüşmək istəyirlər. Buna nə ad vermək olar? Əxlaqsızlıqmı, tərbiyəsizlikmi, yoxsa saymamazlıqmı?
Yazıda konkret adlar çəkməyərək ümumi bəladan söz açdım. Amma ən son olayın üstündən keçmək istəmirəm. Bu günlərdə yüksək çinli məmur oğlu Nicat Abdullayevin sərxoş vəziyyətdə avtoxuliqanlıq edərkən saxlandığını cəmiyyət hiddətlə qarşıladı. "Bu hərəkətinizlə kiminsə həyatına son qoya biləcəyinizdən ehtiyat etmədinizmi?" sualına çox soyuqqanlı və saymazyana "yaratmışıq, cəzamızı çəkərik, burda nə var ki?" cavabını verən məmur oğlu əvvəllər də iki dəfə "avtoşluq" və iki dəfə ictimai asayişi pozduğuna görə üst-üstə 100 gün azadlıqdan məhrum edilib. Görünür 100 günlük cəza onun 100 qram belə olsun ağıllanmasına təsir etməyib. Bu dəfə o, inzibati xətalar məcəlləsinə əsasən 20 sutkalıq həbs cəzası ilə üzləşdi.
Əslində ictimai məsuliyyəti heçə sayan, əxlaq və etik normanı pozanlar üçün 20, 100 günlük azadlıqdan məhrumetmə elə də ağır cəza deyil. Onlar ictimai cəza almalıdırlar. Ən ağır cəza belə olmalıdı: daş karxanasında daş daşımaq, küçə və bazarları süpürmək, yollardakı kanalizasiyaları və mal tövlələrini təmizləmək, poliklinika və xəstəxanalarda sanitar işləri görmək və bu an ağlıma gəlməyən daha əzablı, daha işgəncəli işlər... Bu, həm məmur-oliqarx atalara dərs olar, həm də özlərinin qiymətə mindirdikləri kasad mənəviyyatlarına, ucuz əxlaqlarına zərbə olar.
Ki... Zaur kimi oğulların mənəviyyat ucalığına aşağıdan yuxarı boylansınlar.
Züleyxa Nadir