Əhalinin sosial durumunun yüksəlməsi davamlı inkişafa təminatdır
Deputat: “Kəsirli büdcə paketində belə Azərbaycan vətəndaşının sosial müdafiəsi önə çəkilib”
2 İyun 2016 14:06 SosialMilli Məclisin yaz sessiyasının son iclasında "2015-ci il dövlət büdcəsinin icrası haqqında" hesabat dinlənilərək qəbul edildi. Məlum oldu ki, 2015-ci il qlobal iqtisadi artımın zəifləməsi və dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması ilə xarakterik olub. Qlobal iqtisadiyyatda iqtisadi artım sürətinin zəifləməsi kapital axınlarında ciddi azalmaya, maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasına və qlobal ticarətdə kəskin geriləmələrə səbəb olub. Qlobal ticarətin zəifləməsi ilk olaraq xammal ixrac edən ölkələrin tədiyyə balansına mənfi təsir göstərib. Nəticədə 2015-ci ildə dünya ölkələri üzrə iqtisadi artım göstəricisi 2014-cü illə müqayisədə 0,3 faiz azalaraq 3,1 faiz təşkil edib. Artım inkişaf etmiş ölkələrdə 2014-cü ildən 0,1 faizi çox olmaqla 1,9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 2014-cü ildən 0,6 faiz bəndi az olmaqla 4,0 faiz təşkil edib. Maliyyə Nazirliyindən bildirilib ki, qlobal iqtisadi proseslər, regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib. Bu reallıqlar iqtisadiyyatın artım sürətinin aşağı düşməsinə, ölkənin valyuta daxilolmalarının kəskin azalmasına, tədiyyə balansının faktiki olaraq sıfırlaşmasına, dövlət və özəl sektorların gəlirlərinin və maliyyə-bank sektorunun dayanıqlılığının zəifləməsinə, bir sıra zəruri dövlət xərclərinin və sosial öhdəliklərin artmasına səbəb olub. 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. Bəzi lüzumsuz xərlcər, investisiya layihələri təxirə salınıb. Lakin bütün sadalananlara baxmayaraq Azərbaycanda sosialyönümlü layihələrin icrası davam etdirilib, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir: "Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti, cəmiyyətin hər bir stratının mənafeyinin nəzərə alınması Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı. O cümlədən, yoxsulluğun aradan qaldrılması üçün mühüm işlər görüldü. ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Artıq 10 ildir ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bilirsiniz ki, ünvanlı sosial yardımların verilməsi qaydaları təkmilləşdirilir və bu sahədə neqativ halların aradan qaldırılması üçün tədbirlər görülür. Bu məqsədlə yardımların verilməsində məmur-vətəndaş ünsiyyətinin minimuma endirmək üçün elektron sistem tətbiq olunur. Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açıb. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır". Onun sözlərinə görə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir: "Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin əvvəlindən maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək". Komitə sədri bildirib ki, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amil və onun nəticələri ötən qısa müddət ərzində hörmətli Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı. Möhtərəm Prezidentimizin bu il 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi: "Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir. 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişiklər də yeni şəraitlə əlaqədardır. Burada da maksimum şəkildə, dövlətin və əhalinin maraqları qorunur. Məsələn, dövlət büdcəsində bütövlükdə xərclərin, məxaricin cəmi 7.3 faiz artmasına baxmayaraq, sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində 43 faizdən çox artıb. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitlər də artım baxımından təqdirə layiqdir. İqtisadi təsnifat üzrə bölmədə əsas artım "Təqaüdlər və sosial müavinətlər" bölməsində nəzərdə tutulmuşdur. Belə ki, təqaüdlərin və sosial müavinətlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin məbləği yenidən baxılma prosesində 211,5 milyon manat artırılaraq 2 milyard manata yaxın nəzərdə tutulub. Bu bir daha onu göstərir ki, ölkə başçısının gərgin, kəsirli büdcə paketində belə Azərbaycan vətəndaşının sosial müdafiəsi önə çəkilib, daim diqqət mərkəzində saxlanılıb".
Alim