Kooperasiyaları kolxozlarla müqayisə etmək olmaz
Deputat: “Kooperasiyanın üzərində bu qədər çox dayanmağımın səbəbi bəzi insanların bunu səhv salması ilə bağlıdır”
2 İyun 2016 13:55 SosialMilli Məclisin yaz sessiyasının son iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun layihəsi yenidən müzakirəyə çıxarıldı. Məsələ orasındadır ki, uzun müddətdən bəri sözügedən qanun layihəsinin müzakirəsi aparılsa da onun bəzi müddəaları barədə ümumi razılıq əldə etmək mümkün olmamışdı. Nəhayət ki, qanun parlamentarilər tərəfindən qəbul edildi. İndi əsas məsələ ondan ibarətdir ki, bu qanunun icrası mümkün olacaqmı? Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiyalar İttifaqının rəhbəri Eldar Quliyev bildirib ki, bu qanun 3 ildir ki, müzakirə olunur və biz ayrı-ayrı yerlərdə pilot layihələri həyata keçiririk. Burada söhbət qanunun qəbul olunmasından deyil, onun qəbulundan sonrakı prosesdən gedir. Yəni, bu qanun işlək vəziyyətdə olmalıdır. Bəzi qanunlar var ki, onlar qəbul olunsa da, icra mexanizmində bir sıra çətinliklər yaranır: "Bu sənədin qəbulunu nəinki kənd əhalisi, həm də şəhər əhalisi böyük səbirsizliklə gözləyir. Biz bunu bir çox yerlərdə müzakirə etmişik. Hətta Milli Məclisdə II oxunuşdan əvvəl İsmayıllı rayonunda bu qanun layihəsini müzakirə etdik və orada da əhalinin fikirlərini dinlədik. 2014-cü ildə Prezidentimizin kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq bir neçə fərmanı olub, o cümlədən də fərmanların birində "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun layihəsinin hazırlanması və Milli Məclisə təqdim olunması qeyd olunmuşdu. Biz bu qanun üzərində böyük səylə çalışdıq. Onu xüsusi olaraq vurğulayım ki, bu qanun layihəsinin gecikməsinin əsas səbəbi sənədin daha mükəmməl hazırlanması ilə bağlı oldu. Çünki biz istəyirik ki, bu qanun layihəsi qəbul olunduqdan sonra yerlərdə icrasına başlanılsın və ortaya problem çıxmasın. Hətta mən xarici ölkələrdə səfərlərdə olanda sənədin tətbiqinin mümkün yolları tanış oldum". Onun sözlərinə görə, bəzən məsələdən xəbəri olmayanlar kooperasiyaları kolxozlarla müqayisə edirlər. Bu heç də belə deyil və Avropa belə sistemlə işləyir: "Kooperasiyanın üzərində bu qədər çox dayanmağımın səbəbi bəzi insanların bunu səhv salması ilə bağlıdır. Onlar hesab edirlər ki, bu kolxoz, sovxozdur. Axı bunlar sovet dövründə yaranan bir qurum olub. O dövrdə ki, kommunist rejimi fəaliyyət göstərirdi və kəndlərdəki sahibkarları "kulak" edib, güllələdilər. Onlardan qalanları - torpağı, mal-qaranı əvvəl kolxoz, sonra isə sovxoz adı altında birləşdirdilər. Mərhum Prezidentimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ilk dəfə 1995-ci ilin yanvarında aqrar islahatlarla bağlı fərman imzaladı. Ondan sonra isə kolxoz və sovxozların ləğvi ilə bağlı qanunlar qəbul olundu. Kolxoz və sovxozlar o vaxt ləğv olundu. O dövrdə kooperasiya ləğv olunmadı. Məsələn, bu gün Amerikada 500 min kooperativ var və bu ölkə dünyada adambaşına ən çox kənd təsərrüfat məhsulu istehsal edir. Həmin 500 min kooperativ istehsal məhsulunun 80%-ni verir. Dövlət ərzaq təhlükəsizliyi məsələsini bu kooperativlərin köməyi ilə həll edir. Müstəqillik, sərbəstlik var və lazım gəldikdə dövlət tərəfindən onlara subsidiyalar verilir. Avropada isə adambaşına kənd təsərrüfatı məhsulunun istehsalına görə Almaniya 2-ci yeri tutur. Fransada da bu sahədə çox böyük irəliləyişlər olduğunu gördüm. İstehsalçı öz işi ilə məşğul olur. Qeyd etdiyim kimi, bütün bu məsələlərdə kooperasiyaların böyük rolu var". Onun sözlərinə görə, xarici kooperasiya təcrübəsinin Azərbaycanda da tətbiqi mümkündür və bu, ölkəmizdə aqrar sahənin inkişafına müsbət təsir göstərə bilər: "Biz qanunun qəbulundan sonra bir çox işlər görməyi planlaşdırırıq. Çünki təkcə istehsalla kifayətlənmək olmaz. İstehsal olunmuş məhsulu bazarlara çıxarmaq və azad rəqabət mühiti yaratmaq lazımdır. Bu gün monopoliyanın aradan qaldırılması ilə bağlı söhbətlər gedir, mən deyərdim ki, bu çox çətin və həm də çox vacib məsələdir. Monopoliyanı aradan qaldırmaq üçün sərbəst, müstəqil rəqabət mühiti yaratmaq lazımdır. Məhsulu təqdim edərkən onun həm keyfiyyətinə, həm də rəqabətə davamlılığına diqqət yetirmək lazımdır. Biz yarmarkalarda ciddi iş görməklə və bazarlarla rəqabətə girərək qiymətləri aşağı edə bilərik. Biz də bilirik ki, bazarlarda yer almağa sahibkarlara maneçiliklər törədilir. Mən hesab edirəm ki, Bakıda bir tək Təzə bazarı saxlamaq şərtilə digər bazarlar ləğv edilməlidir. Təzə bazarı da yenidən qurmaq lazımdır. Bilirsiniz ki, bu gün iqtisadi yükləşimiz çox yaxşı olduğunua görə Azərbaycana kifayət qədər qonaqlar gəlib-gedir. Biz onları daha yaxşı yerlərə apara bilərik. Biz tariximizi qorumaq şərtilə bu bazarı yenidən tikməliyik. Dünyada da bu belədir, 3-4 mərtəbəli marketlər tikilir, onun 1-ci mərtəbəsi kənd təsərrüfatı məhsullarının satışı üçün ayrılır. Şəraiti yüksək səviyyədə etməklə, gigiyenik qaydalara əməl etməklə bu cür yüksək səviyyəli yerlər yaratmaq olar. Və biz bununla həmin insanlara məhsulunu satmaq üçün şərait yaratmış olarıq. Burada mütləq tədarükçülərə böyük ehtiyac var. Əgər kənd təsərrüfatı məhsulunu istehsal edən adamın vaxtı yoxdursa, imkanı yoxdursa, kənddən şəhərə gəlsin, o insanın mütləq tədarükçüləri olmalıdır". Millət vəkili əlavə edib ki, Azərbaycanın mövcud torpaqlarının səmərəli istifadə olunması ərzaq təhlükəsizliyi problemlərini aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər: "Milli Məclisdə "Torpaq haqqında" Qanuna baxıldı. Boş qalan torpaq sahələrinin monitorinqi keçirilməli və əkinə yararlı olan torpaqlar istifadəyə verilməlidir. Burada cərimələrdən tutmuş cinayət işinin açılmasına qədər məqamlar nəzərdə tutulur. Söhbət burada pay torpaqlarından getmir. Bu torpaqlara cərimələr tətbiq edilmir. Burda əsasən söhbət 100 hektarlara torpaq sahələrinə cərimələrdən gedir. Çünki bəzi şəxslər var ki, torpaq sahələrini hasarlayaraq həmin torpaqların istifadəsini faktiki dayandırıblar. Əgər biz bu gün ərzaq təhlükəsizliyi problemini həll etmək istəyiriksə, məhsul bolluğu yaratmalıyıq. İdxaldan ixraca keçməklə biz ölkə Prezidentinin də qarşıya qoyduğu məqsədə nail ola bilərik. Ət, süd, yağ, tərəvəz, buğda kimi məhsullarla biz özümüzü təmin etməliyik. Əgər bizdə hansısa məhsul istehsal olunursa, onun xaricdən gətirilməsinə zərurət yaranmır, yerli məhsul varsa, niyə xaricə üz tutmalıyıq?"
Alim