Bölgələrimizin 80-90 faizi hələ də dövlət büdcəsindən, mərkəzdən asılı vəziyyətdədir

Pərviz Heydərov: “Regionların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir”

"Kəndli torpaqla məşğul olmalıdır"

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini bir daha ortaya qoydu. Düzdür, bundan əvvəl də Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi başlıca prioritet idi. Lakin məlum proseslər bu istiqamətdə fəaliyyətin sürətləndirilməsini qaçılmaz etdi. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən biri də kənd təsərrüfatıdır ki, hazırda bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən müşavirələrdə dövlət başçısının verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq regionlarda kənd təsərrüfatı ilə bağlı yeni qurumlar yaradılır, emal müəssisələri açılır. Heç şübhəsiz ki, bu da öz növbəsində yerli istehsalın artmasına, regionlarda yeni iş yerlərinin açılması və investisiyaların əyalətlərə yönəldilməsinə təsir göstərən faktorlardandır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlər yerli özünüidarəetmənin formalaşması və regionların maliyyə baxımından mərkəzdən asılılığına son qoyulmasına xidmət edən məqamlardandır. Artıq bir neçə regionda sözügedən istiqamətdə işlər görülür. Hələlik isə nəticələri gözləmək lazım gəlir. Ancaq nəticənin nə dərəcədə uğurlu olub-olmayacağı da əsas düşündürücü məsələdir. İqtisadçı ekspertlər hesab edirlər ki, hər kəs işə məsuliyyətlə yanaşsa uğurlu nəticə əldə etmək mümkündür. Ancaq yalnız say məsələsinə üstünlük vermək, kəmiyyət xatirinə heç bir keyfiyyətə xidmət etməyən emal müəssisələrinin açılması mövcud vəziyyəti müsbətə doğru dəyişməyəcək.
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, regionların maliyyə baxımdan mərkəzdən - dövlət büdcəsindən asılılığına son qoymağın yollarından biri heç də emal müəssisələrinin daha çox sayda yaradılmasından ibarət deyil: "Əgər, bu və ya digər rayonda tutaq ki, meyvə emalı və konservləşdirilmiş məhsullar istehsal edən zavod varsa və necə deyərlər, ictimai-iaşə obyektlərini və bazarı müvafiq malla durmadan təchiz edirsə, amma həmin obyektin yerləşdiyi rayonda isə həyətyanı təsərrüfatı olanların ağaclarda meyvələri batırsa, demək bunun həmin rayon üçün heç bir əhəmiyyəti yoxdur. Əslində ola da bilməz. Digər tərəfdən belə emal müəssisələrinin bölgələrdə sayı az da deyil. Ümumiyyətlə, son 10-12 il ərzində regionlarımızın inkişafı məqsədilə heç də az işlər görülməyib, vəsait xərclənməyib. Müxtəlif infrastrukturlar, istehsal və emal müəssisələri yaradılıb,
müvafiq investisiya layihələri icra edilib, məşğulluğun genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Və bütün bunlar davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunanda məsələ qoyuldu ki, regionlar sürətlə inkişaf etsin. Xatırladaq ki, ondan sonra daha iki Dövlət Proqramı qəbul edildi və bu Proqramların əsas məqsədi, icrasında başlıca hədəf regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaratmaqdan ibarət olub. Bu məqsədlə, sahibkarlığın inkişafına böyük dəstək həyata keçirilib, güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilib. Bu ili də nəzərə alsaq bu təqəm 2 milyard təşkil edəcək. Buna rəğmən, bölgələrimizin 80-90 faizi hələ də dövlət büdcəsindən, mərkəzdən asılı vəziyyətdədir". Pərviz Heydərov onu da deyib ki, 2016-cı ildən Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edir. Gələn il isə bu sıraya Qəbələ də qoşulacaq: "Bütün bunlar onu göstərir ki, regionların inkişafı təkcə investisiya qoyuluşundan, zavod və fabrik yaratmaqdan ibarət deyil. İnsanların aqrar məhsulları istehsalı və tədarükü ilə məşğul olmaları üçün stimullaşdırmaq - həvəsləndirmək lazımdır. Onlara əldə etdikləri məhsulları reallaşdırmalarına və bundan pul qazanmalarına şərait yaratmaq lazımdır". Pərviz Heydərovun sözlərinə görə, regionların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və kəndli torpaq ilə məşğul olmalıdır: "Əyninə xalat geyib, başına papaq qoyaraq. Dəzgah arxasında durmalı deyil".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00