Məişət zorakılığnın qarşısını necə almaq olar?
“Dava-dalaşdan, kobud rəftardan çəkinsəniz daha yaxşı olar”
2 İyun 2016 13:52 SosialSon illərdə "ailə - məişət zorakılıqları" ilə bağlı baş verənləri cinayət adlandırmaq o qədər də çətin deyil. Amma, törədilən əməllər cinayətlərin anlayışı hüdudundan artıq kənara çıxır. Əgər, ailə - məişət zorakılıqları altında ancaq ictimai münasibətlərə zidd əməlin olduğu qənaətinə gəlsək, praktik olaraq problemin həllinə nail olmaq çətin olardı. Bu, həm də ailə tərbiyəsinə, milli mənsubiyyətə, ictimai şüura və ictimai mədəniyyətə sığmayan, insan əxlaqına, islama və iman əhlinə yaraşmayan hərəkət və hərəkətsizlikdir. Bu baxımdan, cəmiyyətə zidd davranışların formalaşmasının, determinoloji, müxtəlif səbəb və şəraitin öyrənilməsinə kompleks şəkildə yanaşmağa ehtiyac duyulur. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, məsələ ilə dərindən maraqlananda zorakılıqların və amansızlıqların adi hala çevrildiyinin şahidi oluruq. Hər şeyin ailədən və məişətdən başlanıldığını görəndə dəhşətə gəlməmək olmur. Eyni hadisələri, eyni səbəbləri, eyni şəraiti, eyni mədəniyyəti və eyni səhnəni, tarixi görürsən: "görüşdük - tanış olduq - mübahisə etdik, təhqir etdi, vurdu, xəsarətlər yetirdi -döydü və yaxud, ər arvadını öldürdü - onu həyətdəki quyusunda basdırdı. Arvad ərini mətbəx bıçağı ilə doğradı. Qardaş bacını, oğul atasını öldürdü, qız anasını boğdu - qardaş qardaşı öldürdü və s. və i. a." Ağıla gəlməz üsullarla il ərzində müxtəlif növ ağır və xüsusilə ağır cinayətlər baş verir. Məsələnin kökündə dövlətin himayəsində olan ailənin cəmiyyətin əsas özəyi kimi formalaşmaması, "kiçik dövlət" statusunu qoruyub saxlaya bilməməsi, mədəni səviyyənin, düşüncənin heyvana xas tərzdə inkişafı, son illərdə isə ictimai qınağın olmaması, kollektiv rolunun görünməməsi, yerli orqanların və bəzi qurumların bu işdə biganəliyi durur. Profilaktik və xəbərdarlıq tədbirlərinin təsiri burada azdır. Bəlkə də, buna heç vaxt itirməyə dəyməz. Ailədə baş verən ağır hadisələrdən sonra xəbərdarlıq tədbirlərinin nə faydası ola bilər? Çünki, baş verənlər barədə dövlət orqanlarına məlumat sızmadığından, bəzən qonşuların da xəbərsiz olması profilaktik və xəbərdarlıq tədbirlərini kənara qoyur: "Mən deyərdim ki, məişət, son illərdə fəlsəfi və psixoloji anlamda səmərəsiz, faydasız həyat fəaliyyəti təəssüratını bağışlayır. Bu sahə, şəxsiyyətin həyat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olsa da, ictimai həyatın əhəmiyyət kəsb edən formasıdır və məhz, burada insan formalaşır, tərbiyə alır, davranışlarını qəlibə salır, həyati vacib təlabatlarını ödəyə bilir. Buradan da, belə nəticəyə gəlmək olar ki, məişət özündə ailə - həyat münasibətlərini əks etdirən mədəni, nəzakətli, alturist davranışlar məcmusudur". Onun sözlərinə görə, kriminaloji nöqteyi nəzərdən "məişəti" xarakterizə edən struktur elementlərin öyrənilməsi üçün iki əsas istiqamətə diqqət yönəlməlidir; Şəxsiyyət - məişət; (ailə, qohumluq, dostluq, yoldaşlıq, qonşuluq münasibətləri) İctimaiyyət - məişət; ( istehsalat və ictimai məişət,məişət xidmətləri,əxlaq və hüquq qaydaları və s). Məişətdəki ünsiyyətin əsas forması ailədir. Ailədaxili əlaqələrin əsas elementi isə ailə - nikah münasibətlərinin hüquqi tənzimlənməsidir. Ona görə də, ictimai münasibətlərin bu sahədəki məcmusunu müəyyən edərkən yuxarıda qeyd etdiyim insanlar arasında (ailə üzləri, qonşular, dostlar, yoldaşlarla,iş kollektivi və s.) olan əlaqələri müəyyən etmək vacib şərtdir. Məişət zorakılığı daha çox latent cinayətlər sırasına daxildir. Bu, elə bir arzuolunmaz qaba hərəkətdir ki, ailə daxilində bir tərəfin (qohumun, ərin) başqa bir şəxs üzərində təkrar və zorakılıqlarla davam edən hərəkətləri anlaşılır. Qabalıq, fiziki, psixolojı, seksual və ekonomik zorakılıqlarla da ifadə oluna bilər. Adətən, məişət zorakılıqlarının gender cəhəti kişilərin qadınlara qarşı törədilən psixi, fiziki, seksual və iqtisadi təhqirlərlə davam edən zorakılıqlar qəbul edilir. Müxtəlif ölkələrin qanunvericiliyində məişət zorakılıqlarına görə cəzanın tətbiqi və ictimai səbrin dərəcəsi müxtəlif cürdür. Qərb ölkələrində və keçmiş SSRİ ərazilərindəki bəzi dövələtlərdə məişət zorakılıqları ayrı növ cinayətlər fəsli kimi qüvvədədir. Lakin, RF - da bu növ cinayətlər üzrə qanun hələlik olmadığından, qanun layihəsi bu yaxınlarda Dövlət Dumasında müzakirəyə çıxarılmışdır.
Nəzəri və praktik baxımdan ailədə baş verən zorakılıqları aşağıdakı növlərə bölmək olar: Fiziki zorakılıq: Qurbanın üzərində birbaşa və ya yanakı təsir vasitələri ilə davam edən müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi, qançırların olması, şapalaqlama, evdəki əşyaların tullaması və s. (Bədən xəsarətləri məişət zorakılıqlarınin formalarından biridir.) Fiziki zorakılıqlara ilkin tibbi yardımın çağırılmasına mane olma, həyatı vacib təlabatların ödənilməsinə imkan verməmə, qarşı tərəfi iradəsinə zidd spirtli və narkotik maddələrin qəbuluna məcbur etmə və s. daxildir. Psixoloji təsir vasitəsi kimi ailənin başqa üzvlərinə fiziki ziyanın yetirilməsi fiziki zorakılığın yanakı formasıdır. Seksual zorakılıq. Bunu şərh etməyə lüzum yoxdur. Emosional zorakılıq - (psixoloji zorakılıq) Alçatma, təhqir etmə, davranışa nəzarət, təcrid etmə, qurbanın (təmasda) yaxın münasibətdə olduğu dairə ilə əlaqənin məhdudlaşdlrması, sorğu-sual etmə, şərləmək (şantaj) xəsarətlərin yetirilməsi ilə hədələmə və s. aid etmək olar. İqtisadi zorakılıq - ailənin maliyə və digər imkanlarına nəzarət, qurbana yaşamaq üçün pulun az miqdarda ayrılması, fırıldağla pul almağa (qazanmağa) məcbur etmə. Bu növə təhsil almağa və işləməyə qadağa qoymaq, ailədə vəziyyətin gərginləşdirilməsinə şərait yaratmaq və s. daxildir. Ümumiyyətlə zorakılıqların dövrü xarakter daşıması cəmiyyətin özünə xas cəhətlərindən biridir.
Bəs, məişət zorakılıqlarından müdafiə olunmaq üçün nə etmək lazımdır? Onun sözlərinə görə, bir sıra ölkələrdə ailələrdəki zorakılıqların (şəraitin) aradan qaldırılması üçün hüquqi və psixoloji yardımlar təklif edən "krizis mərkəzləri", qaynar, pulsuz telefon xidmətləri fəaliyyət göstərir. Dünya təcrübəsində problemin, ailə zorakılıqlarının qarşısını almağa istiqamətlənən iki əsas yanaşma var: Restorativ (köməkçi vasitələr) yanaşma - ailənin qorunub saxlanılması və münaqişənin tənzimlənməsinə yönəlmiş tədbirlər, məcburi tibbi və psixoloji proqramların həyata keçirilməsi, ictimai qınaq və sair. Digəri cəzalandırma metodudur ki, bu mərhələdə zorakılıqlara, habelə tərəflər arasında olan münasibətlərə xitam verilməsi üçün həyata keçirilən proqramlara start verilir. Cəzalandırma metodu bir çox ölkələrdə əsas tədbir vasitəsidir. Qanunvericilik bazası belə cinayətlərə görə məsuliyyətin dərəcələrini özündə əks etdiir. Bəzi dövlətlərin qanunvericiliyində isə ailədəki zorakılıqların qarşısını almağa xüsusu normativ hüquqi aktlar qüvvədədir. Ailədəki zorakılıqlara və bu problemə qarşı ictimayyətin səbr nümayiş etdirməsini, qınağın olmamasını, milli mədəniyyətin xüsusiyyətlərindən irəli gələ və hakimiyyət strukturlarnda bu sahəyə cavabdeh quramların səthi yanaşması ilə də izah oluna bilər. Təcrübə göstərir ki ailədəki zorakılıqlar bütün dünyada baş verir, ailənin maddi və sosial vəziyyətindən asılı olmayaraq mövcud müxtəlif mədəniyyətlərin səviyyəsinə xas yaranır. Ekspertlərin qənaətinə görə ailədəki zorakılıqlara aid statistik rəqəmlər fraqmentar çətin aşkar olunandır. Bəzən də gizli qalır. Ümumiyyətlə, ailədəki zorakılıqlara məruz qalanların səhhətində psixi pozğunluqlar, özünü köməksiz vəziyyətdə hiss etmə, qurbanın anatomik səthində və daxilində zədəli stress halları müşahidə olunur. Belə şəxslərdə qidanın qəbulundan imtina etmək halları, alkoqolizimə, narkomanlığa və avaraçılığa meyl artmağa başlayır. Zorakılıqlar nəticəsində qısa müddətli fiziki xəsarətlər, həyacanlı vəziyyət, qorxu (vahimə), depresiyada - ruhi sıxıntı vəziyyətində olmaq, seksual həyatın pozulması, uşaqlarda böyüklərə qarşı nifrət hissi yaşanır, təkrar ailə həyatı qurmaqdan yayınmaq, qadınlara qarşı (kişilərə qarşı) nifrət, psixi xəstəliklərə duçar olma, yaxınlarla münasibətdən vaz keçmək, yüksək riskli kriminal davranışlara meyl, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən istifadə etmək halları baş verir. Odur ki, Azərbaycan Respublikası CM - də şəxsiyyət əleyhinə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəsilində sanksiyaları sərtləşdirməyə ehtiyac var.
Alim