Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 105-ci sessiyasında iştirak edir
2 İyun 2016 13:10 Sosialİsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası keçirilir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirin gündəliyinə BƏT-in Layiqli Əmək Konsepsiyasının reallaşdırılması, iş yerlərinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər daxildir. Sessiyanın plenar iclasında çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizin iqtisadi inkişaf modeli, rəqabətədavamlı innovativ iqtisadiyyatın formalaşması, əldə edilən iqtisadi nailiyyətlər barədə məlumat verib. Nazir müavini milli əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizdə beynəlxalq tələblərə cavab verən peşə və kvalifikasiya standartlarının tətbiqi sahəsində aparılan işlər barədə də məlumat verib. Sessiyada mövzuya dair məsələlər ətrafında müzakirələr aparılır. Səfər çərçivəsində İ.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti BƏT-in Baş Direktoru Qay Rayder ilə görüşüb. Görüşdə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.