Təhsil naziri Pakistanda səfərdə olub
1 İyun 2016 15:59 SosialTəhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edir. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirin mayın 31-də keçirilmiş açılış sessiyasında Pakistan Prezidenti Məmnun Hüseyn və digər rəsmi şəxslər çıxış ediblər. Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi iştirak edib. Onların 30-dan çoxu elm, texnologiya və təhsil üzrə nazirlər tərəfindən təmsil olunublar. Təhsil naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizin hərtərəfli inkişafında elm və texnologiyanın rolu barədə danışıb.
Nazirlikdən bildirilib ki, tədbirdə Azərbaycanın COMSTECH Baş Assambleyasının cari görüşünün sədr müavinlərindən biri seçilməsi ölkəmizin beynəlxalq arenada və xüsusilə İƏT-də nüfuzunun artmasını bir daha sübut edir. Bu seçimdən sonra təhsil naziri Mikayıl Cabbarov İƏT və COMSTECH-in ixtisaslaşmış qurumlarının hesabat və təkliflərini təqdim etdikləri plenar iclasa sədrlik edib.