“Azərsu” və KİVDF jurnalistləri mükafatlandırdı
Daha bir müsabiqəyə yekun vuruldu
1 İyun 2016 14:51 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub. Dünən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə media nümayəndələri kompleksdə suyun emal prosesini izləyiblər və jurnalistlərə Ceyranbatan su anbarından götürülən suyun təmizlənmə prosesi barədə geniş məlumat verilib.
Tədbiri giriş sözü ilə açan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə ətraflı məlumat verib. Burada istehsal edilən suyun içməyə tam yararlı olduğunu deyən Səhmdar Cəmiyyətin sədri deyib ki, əhaliyə verilən su tamamilə standartlara uyğundur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə rəhbərlik etdiyi qurumun jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinə də toxunan Qorxmaz Hüseynov deyib ki, media nümayəndələri bu müsabiqəyə böyük maraq göstərib və "Azərsu" ASC-nin fəaliyyətini aktiv işıqlandırıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli cari ilin aprelin 1-dən, etibarən elan olunan müsabiqənin mayın 20-də yekunlaşdığını söyləyib. Bildirib ki, müsabiqəyə 33 KİV tərəfindən 51 yazı daxil olub. Onlardan 40 yazı mükafatlandırılıb. Yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdıran Vüqar Səfərli bir nəfər ekspertin də "Azərsu" ASC tərəfindən yazıların yoxlanılmasına cəlb edildiyini diqqətə çatdırıb: "Müsabiqənin yekunlarına görə I yer üçün (1 nəfər) 1000, II yerlər üçün (2 nəfər) 800 manat, III yerlər üçün (3 nəfər) 600 manat mükafat nəzərdə tutulub. Birgə razılığa əsasən, həvəsləndirici mükafatların sayı hər biri 200 manat olmaqla 10-dan 15-ə qaldırılıb. Bundan əlavə, Qorxmaz Hüseynov müsabiqədə nisbətən qənaətbəxş nəticə göstərən daha 19 jurnalistə 100 manat pul mükafatının verilməsini məqsədəuyğun hesab edib. Ümumilikdə, müsahibəyə yazı təqdim edən 51 jurnalistdən 40-ı mükafatlandırılıb. KİVDF-nin icraçı direktoru deyib ki, müsabiqənin keçirilməsinin məqsədi Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir. Çıxışı zamanı iradlarını da bildirən Vüqar Səfərli bəzi jurnalistlərin köçürmə prosesinə yol verdiyini, təhlil yazılarının çox az olduğunu vurğulayıb. Qeyd edib ki, yazılarda köçürmə prosesini bir kənara qoymaq lazımdır. Çıxışının sonunda "Azərsu" ASC-nin əhalinin içməli su ilə təminatında gördüyü işlərə toxunan Vüqar Səfərli bildirib ki, bu gün qeyd edilən istiqamətdə görülən işlərin məntiqi nəticəsidir ki, əhali təmzi su ilə təmin olunur: "Biz bunun əuani şahidi olduq". KİVDF-nin icraçı direktoru hər bir media qurumunun bundan sonra "Azərsu" ilə əlaqələri genişləndirəcəyini bildirib. Çıxışlardan sonra "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Süleyman İsmayılbəyli