Kristina, nə oldu bizi bəyənmədin?

Biz də sənin üstündən xətt çəkdik

"Biz Moskvadayıq! Qayğı və dəstəyə görə hamıya təşəkkürlər. Bakı bizi şan-şöhrətlə qarşıladı, lakin bu elə gec oldu ki, biz bu şəhərin üstündən xətt çəkdik və uçub getdik". Bu sözləri bir neçə gün əvvəl erməni ərindən doğduğu 8 yaşlı oğlu Luka Vardanyanla Moskvadan Bakıya gələn rus Kristina Konstantinova deyib, daha doğrusu, özünün instaqram səhifəsində yazıb. Kimdi bu Kristina Konstantinova, niyə Bakının üstündən "xəttə çəkib"? Rusiyada qənnadı ustası və fotoqraf , eləcə də "Sweetslab" layihəsinin yaradıcısı olan bu qadın turist kimi Bakıya gəlişindən niyə məmnun olmayıb?

Deməli, Kristina birinci dəfə Ruben Vardanyan adlı erməni ilə ailəli olub. Bu evlilikdən Luka adlı oğlu dünyaya gəlib. Sonra boşanıb öz millətindən olan bir rusa ərə gedib, amma uşaq öz erməni atasının familiyasında qalıb. Turist kimi Bakıya gələn bu üçlük - eyni rus familiyası daşıyan ər-arvad və erməni familiyası daşıyan uşaq - hava limanında sənədlərin yoxlanılması zamanı problemlə qarşılaşıb, Luka Vardanyan haqlı olaraq Azərbaycana buraxılmayıb. Bundan sonra Kristinanın hay-həşiri başlayıb, nə başlayıb. Məsələ gedib Rusiya səfirliyinə qədər uzanıb ki, guya onun uşağını familiyasına görə deportasiya edirlər. Əvvəla müharibə gedən bir ölkədə düşmən familiyası daşıyan adamın ölkəyə buraxılmaması təbiidir. İkincisi, səbəb bu olmayıb. Məlum olub ki, uşağın doğma atası Ruben Vardanyan oğlunun Azərbaycana getməsi haqqında rəsmi icazə verməyib. Halbuki, 18 yaşınadək şəxslər bir ölkədən digər ölkəyə mütləq valideynlərinin hər ikisinin razılığı ilə aparıla bilər. Kristina Konstantinova və erməni mətbuatı məsələnin 8 yaşlı Luka Vardanyanın erməni familiysı ilə bağlı olduğunu iddia etsə də, Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri bunu təkzib ediblər. Bildiriblər ki, uşağın doğma atasının israrlı tələbindən sonra Luka geri qaytarılıb, deroptasiya-filan yoxdu. Məsələnin qaranlıq tərəfləri rəsmi olaraq aydınlaşdırıldıqdan sonra uşaq valideynləri ilə birlikdə Bakıya buraxılıb. Sonrası da ki, Kristinanın yazdıqları...
Doğrusu, bu hadisədə adama xoş olmayan, şəxsən məndə qıcıq yaradan, rişxənd oyadan məsələ erməni hay-küyündən çox Kristinanın yazdıqlarıdı. Bu adama demək lazımdı ki, sən Bakının üstündən xətt çəkdin- çəkmədin onun bizə heç bir isti-soyuğu yoxdu. Onsuz da bu gözəl şəhər bütün dünyanın gözüdü. Elə olmasaydı yüz illərlə sənin ata-babaların, ana-nənələrin burada kök salıb yaşamazdılar və hələ də yaşayırlar, özü də Bakının düz mərkəzində, ən gözəl yerlərində məskunlaşıblar. Bir nəfər də olsun onlara "gözün üstə qaşın var" deməyib, demir də. İndi nə oldu ki, Kristina, sən bizi bəyənmədin? Cavab olaraq deyə bilərəm ki, biz də sizi bəyənmirik. Amma demirəm. Çünki bizim əxlaqımız, mənəviyyatımız kasıb deyil, böyüklüyümüz imkan verir ki, bütün millətlərə hörmətlə yanaşaq, qapımızı üzünə açıb süfrəmizin yuxarı başında oturdaq. Halbuki indiki situasiyada isə " biz də səni bəyənmədik, sənin üstündən xətt çəkdik" desəm yeridi və heç kim məni qınamaz. Bu bir. İkincisi, sənin birinci ərinin də yeddi arxa dönəni Bakının mərkəzində, eləcə də Azərbaycanın ən səfalı yerlərində, ən gözəl məkanlarında yüz illər
boyu məskunlaşıblar. Onlara da bir kəlmə söz deyən olmayıb, əksinə ən yuxarı vəzifələrdə oturub, ən rahat işlərdə pul qazanıb, yeyib-içiblər. O zaman ki, iç üzlərini göstərdilər, xəbis niyyətlərini ortaya qoydular ki, Qarabağ torpağı onlarındı, həəə... bax, onda "qarpızın tağı əyri bitməyə başladı", məsələ dəyişdi.
1988-ci ildən üzü bəri Azərbaycanla Ermənistan arasında nə baş verdiyini təbii ki, bilməmiş deyilsən. İki on illikdən çoxdu davam edən Qarabağ münaqişəsinin - müharibənin fitilinin hardan yandırıldığını da sən daha yaxşı bilirsən. Və bilirsən ki, bir-birinə düşmən iki millət arasında adicə familiya da şübhə yarada bilər, bəs, niyə erməni uşağını yanına salıb gətirmisən? Gətirmisən, əcəb eləmisən. Niyə sənədləri qaydasında deyil? Sadəcə, sənin hərəkətlərin şübhəlidi. Məqsədin nədi ki, Lukanın atasının rəsmi icazəsi olmadan uşağı bura gətirirsən? Erməni sənə beləmi şirin oldu? Bu qədər dadlı idisə, Ruben Vardanyandan niyə boşanırdın? Əlbəttə, məsələ gün kimi aydındı. Sən də, sənin erməni və rus ərin də bilirdiniz ki, bu uşaq Azərbaycan ərazisinə qeyri-qanuni yolla daxil ola bilməyəcək. Axı, 8 yaşlı uşaq bu boyda dövlətə nə təhlükə yarada bilər ki, təyyarədən düşən kimi deportasiya edilsin? Ona görə də əlinizdə rəsmi icazə olmadan, bilərəkdən Lukanı gətirdin ki, burda nəsə bir problem yaransın. Sən də bu hadisəyə özünə və erməniyə sərf edən formada fikir bildirib, mülahizə yürüdəsən ki, keçmiş ərinin həmvətənləri yenə də hay-həşir salıb yazıq görkəm alsınlar. Məqsədinə qismən də olsa nail oldun. Amma, Kristina, ölkəmə gəlmisənsə, zəhmət çək qanunlarımıza tabe ol.
Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşadığını kimsə sübut edə bilməz. Halbuki Azərbaycanda on minlərlə erməni qadını qorxmadan, çəkinmədən, sərbəst, rahat yaşayır. Amma sabah bir nəfər azərbaycanlı Ermənistana getsə bəyəm onu çal-çağırlamı qarşılayacaqlar? Yox, əlbəttə. Kristina, səndən fərqli olaraq biz bunu adi qarşılayarıq. Yüz faiz əminəm ki, bu gün Ermənistandakı həbsxanada işgəncə cəkən Dilqəm Şahbazov və Həsən Həsənov barədə məlumatın var. Neynəmişdilər ki, onlara belə bir pis aqibət qismət oldu? Doğulduqları Kəlbəcər qəbristanlığında yatan valideynlərini ziyarət etməyə gəlmişdilər. Qoy sənin erməni ərinin həmvətənləri, "Yerevana getmək, nənəmi görmək istəyirəm" deyən erməni oğlunun qohum-əqarabaları da onlara qondarma məhkəmə məzhəkəsi qurmaqdansa, deportasiya edəydilər. Bu və buna bənzər yüzlərlə fakt sadalaya bilərəm. Amma gərək yoxdu...
Sənin növbəti dəfə gəlişinin həsrətində də deyilik. Dünya böyükdü, Azərbaycandan başqa hansı ölkəyə istəyirsən səfər edə bilərsən. Bakı hava limanındakı hadisə isə sənə dərs olsun, Kristina. Bu dəfə oğlunu aparanda sənədlərini qaydaya sal, sonra təyyarəyə min.


Züleyxa Nadir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00