Borçalılar Zəlimxan Məmmədlidən imtina etdilər
"Borçalı” Cəmiyyətinin tədbirlərinin müxalifət partiyalarının nümayəndələrinin tribunasına çevrilməsində məqsəd nədir?
31 May 2016 18:12 SosialMəlum olduğu kimi bir müddət əvvəl "Borçalı" İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağının keçirilməsi məqsədilə Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupunun üzvləri tərəfindən cəmiyyətin təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimliyə müraciət ünvanlanıb. Təşəbbüs Qrupunun üzvləri Kərəm Məmmədli, Vahid Qurbanov, Firudin İsmayılov, Asif Ozan, Kamran Xəlilov, Dəyanət Osmanlı, Sabir Mahmudov, Ziyadxan Budaqov və Nizami Abbaszadə tərəfindən ünvanlanan müraciətdə qeyd olunur ki, biz, Borçalı kökənli ziyalılar, Azərbaycan və Gürcüstan dövlətlərinin tarixində öz şanlı səhifəsini yazmış bir bölgənin - Borçalının adını daşıyan cəmiyyətin fəaliyyətindən öz narazılığımızı bildiririk. Buna səbəb isə son 7 ildə "Borçalı" İctimai Cəmiyyətinin fəaliyyətindəki barışılmaz qüsurlardır: "Bunlardan bəzilərini diqqətinizə çatdırmağı özümüzə borc bilir, deyilənləri nəzərə almağınızı və nəticə çıxarmağınızı tövsiyə edirik. Belə ki, "Borçalı" İctimai Cəmiyyətinin nizamnaməsinin əksinə olaraq sədr tərəfindən qurumun tədbirlərinin müxalifət partiyalarının nümayəndələrinin tribunasına çevrilməsinə şərait yaradılır. QHT-lər (İctimai Birliklər və Fondlar) haqqında Azərbaycan Respublikası Qanununun tələbləri kobud surətdə pozulur. Sözügedən qanunun 25.6-cı bəndində qeyd olunur ki, "İctimai Birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir". Təəssüf ki, qanunun bu tələbi son 7 il ərzində müntəzəm olaraq pozulub, təsisçilər bir dəfə də olsun ümumi yığıncaqlara dəvət olunmayıb və üzvlərin əksəriyyəti də bu toplantıların keçirilməsindən xəbərsiz olub. Bütün ümumi yığıncaqlarda cəmiyyətin icra orqanının - İdarə Heyətinin seçilməsi zamanı müvafiq hüquqi prosedurlara əməl edilmir. Məsələn, ümumi yığıncaqda iştirak etməyən insanlar özlərinin xəbəri olmadan İdarə Heyətinə üzv "seçilib". Bundan əlavə, heç bir yığıncaqda Nəzarət Təftiş Komissiyasının (NTK) üzvləri seçilməyib və iclaslar birbaşa sədrin iradəsinə uyğun şəkildə aparılıb". Müraciət müəllifləri onu da diqqətə çatdırıblar ki, bütün ümumi yığıncaqlarda sədr seçkisi zamanı məqsədli şəkildə alternativsizlik yolu seçilib və qanunun müvafiq tələblərinə əməl edilməyib. "Borçalı" İctimai Cəmiyyətində maliyyə şəffaflığı prinsipi gözlənilməyib və maliyyə-təsərrüfat hesabatı olmayıb". Təşəbbüs Qrupunun üzvləri onu da diqqətə çatdırıblar ki, "Borçalı" İctimai Cəmiyyəti sədrinin nizamnamədən kənar fəaliyyəti nəticəsində Borçalının tarixi-coğrafi mövqeyindən, orda yaşayan soydaşlarımızın problem və qayğılarından xəbərsiz olan insanların, xüsusən də ictimai-siyasi və vətəndaşlıq mövqeyi qaranlıq olan şəxslərin cəmiyyətin İdarə Heyətində təmsil olunması da borçalılar arasında ciddi etiraz doğurub: "Nizamnaməyə zidd olaraq qurum sədrinin qeyri-qanuni, şəxsi maraqlar üzərində qurulan fəaliyyətindən narazı olan şəxslərin cəmiyyətin İdarə Heyətindən uzaqlaşdırması və onların əvəzinə yaxın çevrəsinə mənsub insaları "təyin etməsi" faktları da tərəfimizdən səhv addım olaraq dəyərləndirilir. Azərbaycanla strateji müttəfiq və dost münasibətində olan Gürcüstan dövlətinin ərazi bütövlüyünü tanımayan Abxaziya separatçıları ilə, qurum sədrinin özünün də etiraf etdiyi kimi, bir masaya oturması faktı da Borçalıda yaşayan soydaşlarımız tərəfindən pislənilib. Bu zərərli fəaliyyəti dost ölkələr arasındakı sağlam münasibətlərə ziyanlı hesab edirik. Həmçinin başa düşüləndir ki, onun bu qüsurları Borçalı bölgəsinin müasir durumuna da ciddi təhlükələr vəd edir. Və onun Gürcüstana buraxılmamasının səbəblərindən biri də elə budur. "Borçalı" İctimai Cəmiyyətinin geniş tərkibli toplantısında "dostluq şarjı" adı altında gürcü millətçiləri tərəfindən çəkilmiş və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan filmin nümayiş etdirilməsi də cəmiyyət sədrinin düzgün olmayan bir yol seçməsini sübut edir . Qeyd edək ki, sədrin bu addımı nəinki qurumun 2009-cu ildəki ümumi yığıncağında seçilən İdarə Heyəti üzvlərinin, hətta həmin məclisdə iştirak edən və etnik baxımdan gürcü olmayan inqloyların da ciddi etirazına səbəb olub. Bu kimi faktlar az deyil. "Borçalı" İcitimai Cəmiyyəti sədrinin belə qanunazidd fəaliyyəti və təxribat səpkili çıxışları onun Gürcüstan təhlükəsizlik orqanları tərəfindən "persona non grata" elan edilməsinə gətirib çıxarıb. Təəssüf ki, bütün bunlardan sonra, o, öz səhvlərindən nəticə çıxarmayıb. Əksinə, Gürcüstan dövlətinin rəhbərliyinə "Mənim qarşımı kəsməklə məni separatçılığamı vadar edirisiniz?!" tipli hədələyici mesajlar ünvanlayıb. Göründüyü kimi, qurum sədrini bölgənin və soydaşlarımızın gələcəyi qətiyyən maraqlandırmır. Odur ki, Sizdən təsisçilik hüquqlarınıza uyğun olaraq "Borçalı" İctimai Cəmiyyətinin indiki rəhbərliyinin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün müvafiq qərarlar qəbul etmənizi xahiş edirik".
veteninfo.az