Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək
31 May 2016 17:08 SosialAzərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iyunun 13-də Romada keçiriləcək 4-cü iclasına hazırlıq məsələrinin müzakirəsi məqsədilə İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo Energetika Nazirliyində olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Hökumətlərarası Komissiyanın iclaslarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qiymətləndirilib. Növbəti tədbirdə iştirakçıların geniş tərkibdə və yüksək səviyyədə təmsil olunmasının vacibliyi qeyd edilib. Komissiyanın iclasında iştirak etmək məqsədilə energetika naziri, Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti İtaliyaya səfər edəcək. Energetika naziri Natiq Əliyev və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedovanın birgə sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti təhlil edilərək, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. İclasda İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin 2020-ci ildən Azərbaycan qazının İtaliya və Avropaya tədarükünü təmin edəcək "Trans-Adriatik" (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlərə həsr olunmuş çıxışı, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub. Azərbaycanla İtaliya arasında üzünmüddətli dostluq münasibətlərini və ortaq maraqlar, qarşılıqlı fayda əsasında ticarət və investisiyalar daxil olmaqla ikitərəfli əlaqlərin gücləndirilməsini hədəfləyən Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan Biznes Forumunun keçirilməsi də planlaşdırılır.